18:04 25 İyun 2018
Canlı yayım
  • RUB0.0269
  • USD1.7000
  • EUR1.9810
8 августа 2016. Президент России Владимир Путин (справа), президент Азербайджанской Республики Ильхам Алиев (в центре) и президент Исламской Республики Иран Хасан Рухани (слева) во время трехсторонней встречи в Центре Гейдара Алиева в Баку

Tarixi Bakı zirvəsi: gələcək nə vəd edir?

© Sputnik / Aleksey Nikolsky
TƏHLİL
Qısa URL
104021

Asim Mollazadə: Ermənistan Putinin Qarabağ probleminin uzanmasını təhlükəli hesab etdiyi barədə bəyanatını ciddiyə almalıdır, əks-təqdirdə xoşagəlməz nəticələrlə üzləşə bilər.

BAKI, 9 avq — Sputnik. "Rusiya və İran rəhbərliyi Ermənistan üzərində ciddi nüfuza sahib dövlətlərdir. Azərbaycanın bu iki ölkə ilə münasibətlərini gücləndirməsi Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq". Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə dünənki zirvəni Sputnik-ə şərh edərkən deyib:

Asim Mollazadə
© Foto : APA
Asim Mollazadə

"Dünən Bakıda keçirilən Rusiya-İran-Azərbaycan üçtərəfli zirvənin siyasi nəticələri barədə onu deyə bilərəm ki, bu zirvə Cənubi Qafqazda sülhün bərqərar olmasına öz töhfəsini verə bilər. Nəzərə alaq ki, Rusiya və İran Ermənistanla müttəfiq və tərəfdaşdır. Və rəsmi İrəvan üzərində ciddi söz sahibi ölkələrdir. Bu da Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər".

Asim Mollazadəyə görə, Rusiya hökuməti və prezident Vladimir Putin Dağlıq Qarabağ məsələsinin tezliklə həll olmasına çalışır:

"Cənab Putin zirvədəki çıxışı zamanı bir daha qeyd etdi ki, o bu problemin uzanmasını təhlükəli hesab edir və çalışır ki, bu problem sülh yolu ilə həll edilsin. Ermənistan rəhbərliyi Rusiya prezidentinin bu bəyanatını ciddiyə almalı və problemin həllində maraqlı olmalıdır. Əks təqdirdə İrəvan rəhbərliyi xoşagəlməz nəticələrlə üzləşə bilər".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan öz qonşuları ilə uzun vədəli iqtisadi, nəqliyyat və mədəni sahələri əhatə edən iri layihələr həyata keçirəcək: "Bu, Azərbaycana imkan verəcək ki, öz enerji məhsullarını dünya bazarlarına çoxşaxəli formada çıxara bilsin" — deyə Asim Mollazadə əlavə edib.

Zirvənin iqtisadi tərəflərini isə Sputnik üçün ekspert İlham Şaban şərh edib.

İqtisadi ekspert İlham Şaban.
oxu.az
İlham Şaban

"Bir şeyi dəqiqləşdirmək istəyirəm ki, dünən zirvə zamanı imzalanan sazişlərin heç biri kommersiya məqsədli deyil. Hətta hökumətlərarası saziş də deyil. Bunlar niyyət protokollarıdır. Hökumətlərin o niyyətdə olduqlarını göstərir ki, yəni onlar sözügedən layihələrin kommersiya sazişləri səviyyəsinə qədər yüksəlməsində maraqlıdır. Niyyət protokollarının mənası məhz budur. Bunun özü müsbət bir haldır ki, yəni hökumətlər bu cür pozitiv addımlar atırlar. İmzalanan sazişlərin içərisinə baxdığımız zaman görürük ki, enerji sahəsində Rusiya-Azərbaycan-İran şimal-cənub elektrik enerjisinin mübadiləsi və ölkəmiz üzərindən tranziti sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Bundan başqa infrastruktur, dəmiryolu layihələri ilə bağlı da üçtərəfli müqavilələr bağlandı. Ən önəmlisi isə Xəzər dənizində əməkdaşlıq haqqında saziş imzalandı. Bununla da Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı işlər daha da sürətlənəcək".

Qabil Hüseynli, politoloq
© Sputnik / STR
Qabil Hüseynli, politoloq

Mövzuya keçmiş dövlət müşaviri Qabil Hüseynli də öz münasibətini bildirib. Rusiya prezidentinin "Biz elə etməliyik ki, Qarabağ münaqişəsinin həllində həm Azərbaycan, həm də Ermənistan özünü qalib hiss etsin" sözünə reaksiya verən Qabil Hüseynli, Putinin işğalçı ilə işğala məruz qalanı eyniləşdirdiyini qeyd edib.

"Cənab Putin deyir, münaqişə elə həll olmalıdır ki, bundan hər iki tərəf də razı qalsın. Təcavüzkarla təcavüzə məruz qalanın, hər ikisinin də razı qalacağı müqavilə mümkündürmü? 20 faiz torpaqlarını, 350 milyard dollardan artıq maddi-mənəvi sərvətlərini itirən Azərbaycanla, onun torpaqlarını yaxın tarixdə, dünyanın gözü qarşısında işğal edən Ermənistan niyə eyni dəyərləndirilməlidir? Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinə nə üçün məhəl qoyulmur?".

Politoloq qeyd edib ki, əgər Qarabağ münaqişəsi ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll edilməsə, bu xalq heç zaman o torpaqların ermənilərdə qalmasına imkan verməyəcək:

"Kənardan çox xırda görünür, amma Qarabağ münaqişəsi bizim üçün həyati əhəmiyyətə malik hadisədir. Əvvəla bu problemi indiki nəsil həll edəcək, yox əgər alınmasa, min il də münaqişə davam etsə bizim gələcək nəsillər o torpaqların ermənilərdə qalmasına imkan verməyəcək. Ermənilər kimin himayəsində olsa da, tarixin bir gün bizim üçün də imkan yaradacağına əsla şübhə etmirəm". 

Əsas mövzular