11:22 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
TƏHLİL
Qısa URL
94930

Allahşükür Paşazadə: "Peyğəmbərimizin hədislərinə uyğun gəlməyən, şəriət hökmlərini tam ehtiva etməyən, İslam adından siyasi məqsədlər üçün sui-istifadə etmək məramını hədəf seçən cərəyanlar İslamda yeni cərəyan adlandırıla bilməz"

BAKI, 18 apr — Sputnik. Bavariyanın Xristian-Sosial Birliyi Partiyasının baş katibi Andreas Şoyer Almaniyada fəaliyyət göstərən məscidlərin xaricdən maliyyələşdirilməsinə qadağanı nəzərdə tutan qanunun qəbulunu təklif edib. O, hesab edir ki, Almaniyada İslam haqqında qanun qəbul edilməlidir.

"Xaricdən, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanından məscidlərin və müsəlman uşaq bağçalarının maliyyələşməsi dayandırılmalıdır. Bütün imamlar Almaniyada təhsil almalıdır, onlar Almaniyanın əsas dəyərlərini paylaşmalıdır", —deyə siyasətçi bildirib.

Şoyerin fikrincə, müsəlmanlar ibadətlərini alman dilində etməlidir. Eyni zamanda Avropada İslamın ayrı cərəyanı yaradılmalıdır. Almaniyanın Federal kansleri Angela Merkelin təmsil etdiyi siyasi qüvvə Şoyerin bu təklifini dəstəkləyib və Bundestaqın müzakirəsinə çıxarmağın zəruriliyini qeyd edib.

Sputnik-in bu məsələ ilə bağlı suallarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə cavablandırıb.

- Siz, Qafqaz Müsəlmanları İdarəsi olaraq, Avropada yeni İslam cərəyanının yaradılması ideyasına necə baxırsız?

— Bismillahir-rəhmanir-rəhim! Allah-Təalanın "Qurani-Kərim"də buyurduqlarına, Peyğəmbərimiz Muhəmməd Salavatullahın hədisi-şəriflərinə uyğun gəlməyən, şəriət hökmlərini tam ehtiva etməyən, Allaha ibadəti deyil, İslam adından siyasi məqsədlər üçün sui-istifadə etmək məramını hədəf seçən cərəyanlar İslamda yeni cərəyan adlandırıla bilməz.

- Sizcə, bu ideyanın gündəmə gəlməsini doğuran səbəblər hansılardır?

— Zənnimizcə, bütün bunlar İslam adından sui-istifadə edərək müxtəlif siyasi ambisiyalarını reallaşdırmaq istəyən qüvvələrin işidir və nəticə olaraq, Qərbdə islamofobiya meyllərinin gücləndirilməsinə səbəb olur.

 — Avropada, eləcə də Almaniyada yaşayan müsəlmanlar Avropanın əsas dəyərlərini paylaşmalıdırlarmı?

— Avropa dəyərləri müvafiq olaraq Avropa ölkələrinin qanunlarında öz əksini tapır. Avropada yaşayan müsəlmanlar da olduqları ölkələrin qanunlarına ehtiramla yanaşmalıdırlar. Lakin İslami dəyərlər bundan xələl görməməlidir.

- Müsəlmanların ibadətlərini alman, yaxud da başqa Avropa dillərində etmələri, bu dildə namaz qılmaları və imamların öz moizələrini alman dilində oxumaları normaldırmı?

— Namaz Allahın hökmüdür və şəriətə görə, namaz ibadəti Peygəmbərimiz Mühəmməd Salavatullahın tövsiyəsinə uyğun şəkildə, "Quran"da hökm olunduğu kimi ərəbcə qılınmalıdır. Ayələrin bu və ya digər dildə olan tərcümələri artıq Allah kəlamı olmayıb, təfsir, şərhdir, yəni bəşər kəlamıdır. Duaların, təfsirin, xütbələrin ana dilində oxunması İslamda məqbul sayılır. Hər bir xalq öz dilində moizələr dinləyə bilər.

- Avropadakı məscid və müsəlman uşaq bağçalarının xaricdən maliyyələşməsinə qarşı addımları təqdir edirsizmi?

— İmkan daxilində, hər bir ölkə öz vətəndaşlarının dini-mənəvi həyatında özü yaxından iştirak edə, onların mədəni-mənəvi tələbatlarının ödənilməsinə hər cür, o cümlədən maddi yardım edə bilər. Bu istiqamətdə maddi ehtiyaclar ödənərsə, xaricdən maliyyələşməyə ehtiyac qalmaz.

Əlaqədar

İslam Əməkdaşlıq Təşkilatı hansı qlobal proseslərə təsir etmək gücündədir?
İslam ordusunun ilk görüntüləri ortaya çıxıb
"İslam ordusu" 200 min əsgərlə manevrə başlayıb
Prezident İlham Əliyev: Azərbaycan islamafobiya ilə mübarizə aparır
Məşhur amerikalı İslamı qəbul etdi və Suriyaya yollandı
Teqlər:
Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi, din, İslam, Almaniya, Andreas Şoyer, Xristian-Sosial Birliyi Partiyası

Əsas mövzular