Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bu oyunda qalib yoxdur, hamı məğlub olacaq"

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: "Biz bu gün Rusiya-Türkiyə qarşıdurması ilə deyil, Rusiya-NATO qarşıdurması ilə üz-üzəyik. Problemin həlli də Rusiya ilə NATO-nun münasibətlərinin düzəlməsindən keçir"

Bu gün həm dünyada, həm də Azərbaycanda narahatlıq doğuran proseslər gedir. Dünya Orta Şərq və enerji maraqları uğrunda müharibə müharibələr apararkən, Azərbaycan da neft asılılığının yaratdığı iqtisadi böhranla çarpışmaqdadır.

Sputnik-in əməkdaşı dünyada və Azərbaycanda baş verən bu təlatümlər, onlardan çıxış yolları ilə bağlı illərin təcrübəli siyasətçisi, Milli Məclisin deputatı və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə söhbətləşib.

Xarici işlər nazirinin müavini Araz Əzimov - Sputnik Azərbaycan
"Suriyanın ərazi bütövlüyünün qorunması Azərbaycanın maraqlarına cavab verir"

- Asim bəy, dünyadakı iqtisadi və geopolitik oyunların intensivləşdiyi bu dönəmdə, Sizin yaxşı tanıdığınız Amerika yenidən şist neftinin hasilatına başladı və alternativ enerjiyə keçidə start verdi. Bir sıra mütəxəssislər hesab edirlər ki, bu, neft üzərində qurulan böyük bir oyunun tərkib hissəsidir, bunun heç bir gələcəyi yoxdur və yenə də dünya ənənəvi enerji mənbələrindən asılılığını davam etdirəcək. Bu fikirlərə qatılırsız?

— Mən bu fikirlərə qatılmıram. Söhbət ondan gedir ki, yeni enerji mənbələri və yüksək texnologiyaların tətbiqi, artıq dünyada mənzərəni dəyişdirib. Söhbət məsələn, müvafiq batareyalardan gedir ki, yanacağı elektrik enerjisi əvəz edəcək. ABŞ-da, Avropada, Yaponiyada alternativ enerjidən, günəş, külək və bir sıra başqa enerji mənbələri ilə bağlı ixtiralar ona gətirib çıxarıb ki, bir sıra ölkələr, o cümlədən, Çin ənənəvi enerjidən başqa məqsədlər üçün istifadə etməyi qarşıya qoyub. Bu, neftdən birdəfəlik imtinaya səbəb olmayacaq. Amma artıq neft kimyəvi proseslərdə yanacaq kimi deyil, başqa sahələrdə başqa məqsədlər üçün istifadə ediləcək. Qazın maye forması, kompressor forması ona gətirib çıxarır ki, hətta qazı boru xəttləri olmadan da dünya bazarına çıxarmaq mümkündür. Mən burada Qətərin və ABŞ-ın təcrübəsini göstərə bilərəm ki, onlar qazı tankerlər vasitəsilə xarici bazarlara ötürürlər. İngiltərə özünü məhz Amerikanın mayeləşdirilmiş qazı vasitəsilə təmin edə bilir. Bu istiqamətdə Azərbaycanın da, Xəzər hövzəsi ölkələrinin də böyük potensialı var. Bu gün Azərbaycanın iştirak etdiyi İpək Yolu nəqliyyat sistemi də bu prosesləri daha da gücləndirməyə imkan yarada bilər. Təəssüf ki, bəzi mühafizəkar düşüncəli siyasətçilər səhv olaraq neft və qaz borularından siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Onlar enerji amili ilə təzyiq göstərərək kimisə öz təsir dairələrində saxlamaq niyyətlərindən daşınmalıdırlar. Çünki dünya sürətlə dəyişir və yeni texnologiyalara malik olan ölkələr də sürətlə yeni imkanlar qazanır.

Prezident İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Prezidentin Münhen mesajları nələri hədəfləyib?

- İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında dedi ki, Azərbaycan postneft dövrünə 2030-cu ildən sonra hazırlaşırdı. Sizcə, artıq Azərbaycanda postneft dövrünün başlandığını demək olar?

— Bu, Azərbaycan üçün tamamilə düzgün fikirdir. Neftin qiymətində baş verən kəskin dəyişikliklər Azərbaycanı öz iqtisadiyyatını diversifikasiya etməyə məcbur edir. Eyni zamanda neft və qazla bağlı hansısa yeni imkanlar olacaqsa, bu, ancaq şaxələndirilmiş iqtidisadiyyatın daha da gücləndirilməsinə dəstək verə bilər. Azərbaycan öz iqtisadi uğurunu məhz liberal iqtisadiyyatın formalaşdırılması ilə əldə edə bilər. Biz yeni informasiya texnologiyalarını, turizmi, ənənəvi aqrar sektoru inkişaf etdirə bilsək, dünyanın nəqliyyat sisteminin formalaşdırılmasında da Azərbaycan öz imkanlarından yararlana bilsə, iqtisadiyyatımızın enerjidən asılılığını azaltsaq, problemlərimizi həll edə bilərik. Neft-qaz amili hər zaman Azərbaycan xalqı qarşısında öz xidmətini göstərib. Bu amil yenə də gündəmdə qalacaq. Ancaq biz iqtisadiyyatın digər sahələrinin inkişafı ilə Azərbaycanın inkişafına nail ola biləcəyik.

- Manatın gücləndirilməsi üçün rezerv fonddakı vəsaitlər xərcləndi, nəticədə demək olar ki, bu fond əriyib. Belə olan təqdirdə, Azərbaycan post-neft dövründə iqtisadiyyatda və beynəlxalq siyasətdə hansısa uğurlar əldə edə bilərmi?

Mərkəzi bank - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Manatı gücləndirmək üçün radikal qərar qəbul edildi

— Azərbaycanın rolunu təkcə neft və enerji amili ilə bağlasaq, bu, ölkənin zəifləməsinə xidmət edə bilər. Mən burada Azərbaycanın geostrateji önəmi, tranzit əhəmiyyəti ilə yanaşı dəyərlərini də nəzərdə tuturam. Azərbaycanın dəyərlərindən, mədəniyyətindən, multikulturalizmindən danışmaq lazımdır. Bu gün dünyada çox təhlükəli proseslər gedir. Dünya orta əsrlər zülmətinə qayıdıb. Dinlərin, təriqətlərin qanlı toqquşmaları, bir-birilərini qəbul etməmələri baş alıb gedir. Dünya bu gün sivilizasiyalı dialoq axtarışındadır. Azərbaycan isə tarixən sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlıq təcrübəsinə malikdir. Düşünürəm ki, bu amil Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərəcək. Onun ilk növbədə turizmin, yeni texnologiyaların inkişafına öz töhfələri ola bilər. Azərbaycan tarixən İslam və Türk dünyasının lideri olub. Şərqdə ilk dünyəvi dövləti qurub, qadınların cəmiyyətdə və siyasətdə rolunu müəyyənləşdirib, dünya mədəniyyəti ilə öz mədəniyyətinin vəhdətini yarada bilib. Düşünürəm ki, dünya üçün Azərbaycanın neftdən daha üstün və daha güclü dəyərləri var.

- Dünyada baş verənlər, xüsusilə Orta Şərqdəki kataklizmlər onu göstərir ki, bütün davalar enerji mənbələri üzərində hökmranlıq uğrundadır. Amma Sizin dediyinizdən belə çıxdı ki, bu daha çox mədəniyyətlər, sivilizasiyalararası problemdir. Əslində real problem nədədir?

— Real problem dünyanın bəyan etdiyi dəyərlərlə əməlləri arasındakı ziddiyyətlərlə bağlıdır. Dəyərlərlə bağlı daha çox səmimi olmaq lazımdır. Mənəvi dəyərlərə və insan amilinə daha çox diqqət yetirmək lazımdır. Siz Orta Şərq dediniz. Amma dünyanın digər yerlərində də biz bu prosesləri görürük. Tarixən belə olub və mən də böyük imperiyaların toqquşmalarını sadəcə "sülhlə nəticələnən oyunlar nəzəriyyəsi" kimi qiymətləndirirəm. Hər zaman düşünürəm ki, çıxış yolu məhz əməkdaşlıqda və qarşılıqlı hörmətdədir. Azərbaycanın bəlkə də yeganə uğuru fərqli mədəniyyətlərə, dinlərə, etnik mənşəyi olan insanlara hörmətlə yanaşa bilməsindədir. Biz buna görə burada fərqli mühit yarada bilmişik. Dünya da buna gəlməlidir. Gücə deyil, hüququn aliliyinə riayət etməyə böyük ehtiyac var, haqq-ədalətin aparıcı qüvvəyə çevrilməsinə ehtiyac var, güclünün öz istəklərini diqtə etməsinə deyil. Xırda dövlətlərin, xırda xalqların hüquqlarına da hörmətlə yanaşmaq, insanlığı qoruyan amillərdən biridir.

Rusiya Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
SİYASƏT
Moskvadan Ankaradakı terror aktı barədə gözlənilən açıqlama gəldi

- Sizcə bu gün Suriyada nə baş verir? Türkiyə bombalayır, Rusiya bombalayır, İran bombalayır, Əsəd bombalayır, İŞİD, başqa terror təşkilatları da həmçinin…

— Bir sıra ölkələr öz istəklərini gerçəkləşdirmək üçün Suriyanı poliqona, fərqli qüvvələrin toqquşma meydanına çevirib. Səbəblərdən biri də bu ölkənin daxilində olan ziddiyyətlərin belə qabarıq formada və artıq zor müstəvisinə keçməsidir. Proseslər elə zor müstəvisində də davam edir. Təssüf ki, artıq söhbət hansısa hüquqdan, dövlət idarəçiliyindən getmir, fərqli düşüncəyə və mədəniyyətlərə malik olan qüvvələrin toqquşmasından gedir. Suriya üzərindən oyunlar gedir. Bu oyunların da qalibi olmayacaq. Hamı məğlub olacaq. Eyni proseslər tək Suriyada deyil, Liviyada da, İraqda da gedir. Bu, postimperialist məkanda imperiyaların yenidən toqquşması nəticəsində xalqlar, günahsız insanlar əziyyət çəkir.

- Suriya münaqişəsi ilə əlaqədar olaraq Rusiya və Türkiyənin münasibətləri ciddi surətdə zədələnib. Belə söhbətlər gəzdi ki, Azərbaycan onların arasında sülhün yaranmasına vasitəçilik edə bilər. Siz bu müstəvidə Azərbaycanın vasitəçiliyini, rolunu necə görürsüz?

— Türkiyə Azərbaycan üçün qardaş, ona ən yaxın olan ölkədir. Rusiya ilə də Azərbaycanın tarixi tərəfdaşlığı və müsbət münasibətləri var. Belə bir gərginlik Azərbaycanın maraqlarına xələl gətirir. Amma burada Azərbaycanın rolunu şişirtməyə də ehtiyac yoxdur. Əslində biz Rusiya-Türkiyə qarşıdurması ilə deyil, Rusiya-NATO qarşıdurması ilə üz-üzəyik. Mən problemin həllini də Rusiya ilə NATO-nun münasibətlərinin düzəlməsində görürəm. Türkiyəyə də təkcə Türkiyə kimi deyil, NATO-nun bölgədəki ən əsas qüvvəsi kimi baxılmalıdır.

Xəbər lenti
0