01:06 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
32511

Elman Nəsirov: "Türkiyə yeganə Qərb dövləti idi ki, Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmadı, əksinə..."

BAKI, 2 yan-Sputnik. Yaxın Şərqdə yaşanan silahlı toqquşmalar, supergüclərin region uğrunda güclənən rəqabəti, təhlükəli proseslərin Cənubi Qafqaza, xüsusilə Azərbaycana təsiri mövzusunda Sputnik-in suallarının millət vəkili, politoloq Elman Nəsirov cavablandırır:

- Yaxın Şərqdə yaşanan gərginlik səngimək bilmir. Proseslər regionun xəritəsinin dəyişməsinə apara bilərmi?

— Təsadüfi deyil ki, Yaxın Şərqi çox zaman barıt çəlləyi hesab edirlər və bu gün həmin çəlləyin partlaması ehtimalı kifayət qədər artıb. İndiki zamanda Yaxın Şərqdə proseslərin gedişatı onu göstərir ki, böyük, fövqəl dövlətlər arasında münasibətlər məhz Yaxın Şərq böhranı kontekstində getdikcə dərinləşməkdədir. Xüsusilə də Suriya böhranı kontekstində Rusiya ilə ABŞ və müttəfiqlərin münasibətləri heç zaman olmayan səviyyədə korlanıb. Bu reallıqlar fonunda Rusiya ilə Türkiyə arasında təyyarə insidentindən sonra artıq gərginlik növbəti fazaya keçib. Faktiki olaraq söhbət Rusiya ilə NATO ölkəsi olan Türkiyə arasındakı münasibətlərin pozulmasından gedir və tərəflərin də bu məsələdə kompromisə gəlmək və bu böhrandan dinc yolla çıxmaq istəyi hələ ki, bəyanatlarda səslənsə də, amma real məzmun kəsb etmir. Yəni, reallıqda biz böhranın səngiməsinin şahidi olmuruq.

Belə olan vəziyyətdə heş şübhəsiz ki, bu reallıqlar fonunda Səudiyyə Ərəbistanının yeni təklifi, yəni beynəlxalq terrorizmə qarşı müsəlman dövlətlərinin koalisiya yaratmaq məsələsi artıq Yaxın Şərq böhranına yeni nüanslar əlavə etməkdədir. Çünki, müsəlman ölkələrinin bu məsələdə hər birinin birmənalı şəkildə iştirakı sual altındadır. Xüsusilə də İranın həmin koalisiyada yer almaması reallığı hesab edirəm ki, fərqli mənzərəni ortalığa çıxarır. Bu koalisiyanın həm də Suriyaya qarşı, Bəşər Əsəd rejiminə qarşı istifadə ediləcəyi haqqında bir çox xarici kütləvi informasiya vasitələrində, eyni zamanda Rusiya KİV-lərində məlumatlar yayılır. Həm də qeyd olunur ki, təminat yoxdur ki, doğurdan da həmin koalisiya Bəşər Əsədə, onu hakimiyyətdən uzaqlaşdırılmasına qarşı mübarizə aparmayacaq. Belə-belə suallar var və onlara cavab da yoxdur. Bütün bunlar hamısı ondan xəbər verir ki, gərginlik artım tempi ilə yüksəlməkdədir.

- Qeyd olunan təhlükəli proseslərin Cənubi Qafqaza təsiri nə qədərdir?

— Bütün bunlar, təbii ki, bizim regionumuza da təsirsiz qalmır. Cənubi Qafqaz Yaxın Şərq regionu ilə qonşu regiondur. Rusiya da bu regiona qonşu dövlətdir. Rusiyanın da Yaxın Şərq proseslərində əsas oyunçularından biri olduğu və Qərb ilə qarşıdurma tərəfinin olduğu reallığı məlumdur. Nəzərə alsaq ki, bütün bu gərginliklər əslində Cənubi Qafqaz regionunun qonşuluğunda baş verir, o zaman hesab edirəm, kifayət qədər həyəcanlı situasiya yaranır. Ona görə də indiki vəziyyətdə böyük dövlətlər, beynəlxalq təşkilatlar bu reallıqda kompromisə gəlmək meyllərini artırmalıdır. Çünki, bu gün dövlətlər arasında etimadsızlıq böhranı hökm sürməkdədir. Dövlətlərin bir-birinə etimad çəkisi azalıb və bu reallıqda beynəlxalq hüququn işləməməsi heç zaman olmadığı qədər aydın şəkildə özünü göstərir. Bu çox təhlükəli tendensiyadır. Nəzərə alaq ki, ABŞ ilə Rusiya arasında təhlükəsizliyə xidmət edən, hələ "soyuq müharibə" dövründə və ondan sonrakı dövrlərdə imzalanmış bütün sənədlər öz fəaliyyətini sanki dondurmuş vəziyyətə salıb. Yəni, təhlükəsizlik sferası heç bir sənəddə işləmir. Bu, dünyamızı olduqca təhlükəli edir. Çünki, iki nəhəng nüvə dövlətindən söhbət gedir. Bu reallıqlar var. Ona görə də Yaxın Şərqdə yaranmış indiki böhrana və keyfiyyətcə yeni mərhələyə keçmiş bu böhrana münasibətdə son dərəcə ehtiyatlı, kompromisə meylli davranış tərzi olmalıdır. Söhbət böyük ölkələrdən, regionda çox ciddi maraqları cəmləşən dövlətlərdən gedir. Bunun əksi olarsa, dünyanın siyasi xəritəsində dəyişikliklər baş verə bilər və nəticə etibarilə indiki məqamda lokal münaqişə kimi görünən Yaxın Şərq böhranı qlobal bir alova çevrilə bilər. Tarixi və çox məsuliyyətli bir dövr yaşayırıq. Bu vəziyyətdə hər bir səhv addım bəşəriyyəti qlobal müharibəyə sürükləyə bilər.

- Azərbaycan hazırki Moskva-Ankara qarşıdurmasında tutduğu mövqeyində hansısa dəyişikliklər edə bilərmi, yaxud etməlidirmi?

— Azərbaycanın Moskva-Ankara ziddiyyətləri fonunda tutduğu mövqe tamamilə düzgün, doğru mövqedir. Bu mövqeyi Azərbaycan prezidenti İlham Əliyev ortaya qoyub. Mövqeyin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Rusiya ilə bütün sferalarda çox sıx münasibətləri var və Rusiya Azərbaycan üçün strateji tərəfdaş dövlətdir. Eyni zamanda. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir, qardaş, dost dövlətdir. Belə olan vəziyyətdə Rusiya ilə Türkiyənin özü də əslində strateji tərəfdaşlar kimi çıxış edirdilər. Təyyarə insidentinə qədər iki dövlətin ticarət dövriyyəsi 40 milyard dolları ötüb keçmişdi və bunun 100 milyard dollara çatdırılması haqqında razılaşma da əldə edilmişdi. Yəni, tərəflər strateji tərəfdaş kimi davranırdılar. Amma bir hadisə bütün vəziyyəti kökündən dəyişdi. Belə olan vəziyyətdə Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, bu iki dövlət arasında vasitəçi ola bilər. Bir-biri ilə çoxtərəfli formatda sıx əlaqələri olan, lakin son zamanlar bu əlaqələrin pozulmuş olduğu iki ölkə arasında barışığın əldə edilməsi üçün öz vasitəçilik təklifini irəli sürə bilər. Nəticə etibarilə əvvəlki vəziyyətə qayıdış mümkün ola bilər və Azərbaycan dövlətinin mövqeyi də bundan ibarətdir.

Ölkəmizin bu mövqeyi prinsip etibarilə həm Rusiya, həm Türkiyə üçün sərfəlidir. Çünki, onlar indiki reallıqda qarşıdurma tərəfləridir. Birinin digərinə qarşı daha böyük addım atması qarşı tərəfdən bu zəiflik əlaməti kimi dəyərləndirilə bilir. Təəssüf ki, bir çox kütləvi informasiya vasitələri bu məzmunu daha çox qabardır və kim bir-birinə qarşı addım atsa, barışıq naminə onu zəif tərəf kimi təqdim edirlər. Bütün bunlar olmasın deyə, Azərbaycan dövləti Türkiyə və Rusiya arasında münasibətlərin bərpası ilə bağlı öz vasitəçilik missiyasını ortalığa qoyub. Hesab edirəm ki, bu həm Moskvanın, həm də Ankaranın maraqlarına uyğun mövqedir və eyni zamanda Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın hər iki dövlətlə xüsusi münasibətlərinin olması reallığı fonunda bu iki dövlətin münasibətlərinin korlanması region üçün də müsbət bir şey vəd etmir.

- Qərb-İran danışıqları yenicə müsbət nəticələr verməyə başladığı zamanda, Tehran yenidən Suriya məsələsində anti-Qərb mövqeyini gücləndirərək əldə olunmuş razılaşmanı zədələdi və qarşılığında ABŞ İrana qarşı sanksiyaların müddətini daha bir il uzatdı. Bu, İran problemi heç bitməyəcək? Və 2016-da nələrin şahidi olacağıq?

— İran ətrafında formalaşmış vəziyyət çox kövrək vəziyyətdir. Çünki, ABŞ-İran qarşıdurmasında müəyyən kompromislərə nail olunsa da, ABŞ-ın özündə belə, Konqresdə əksəriyyət təşkil edən Respublikaçılar Partiyası bu sövdələşmənin əleyhdarı kimi çıxış edir. İndiki halda ABŞ-ın, yəni Demokratlar Partiyasının tutduğu mövqe — daha bir müddət İrana qarşı sanksiyaların saxlanılması məsələsi, daha çox seçkiöncəsi vəziyyətin diktəsi altına atılmış addımdır. Əgər 2016-cı ildə ABŞ-da seçkilərdə Respublikaçılar Partiyası qalib gələrsə, bu, Vyana razılaşmalarının həyata keçirilməsinin elə də asan olmayacağı anlamına gələ bilər. İndiki halda Obama administrasiyasının İrana qarşı sanksiyaları daha bir il də qüvvədə saxlaması İranda konservativ qüvvələrin mövqelərini gücləndirmiş oldu. Onlar liberal xətt seçmiş İran prezidentini tənqid edirlər ki, "siz Qərbə çox inandınız, amma Qərbin lider dövləti ABŞ əslində öz ampulasındadır, öz dəst-xəttini qoruyub saxlayır, İranla səmimi deyil". İndiki bu reallıqlar fonunda İranda Qərblə yaxınlaşmanın əleydarları olan qüvvələrin mövqeləri bu halda möhkəmlənmiş olur. ABŞ-da da Respublikaçılar Partiyasının hakimiyyətə gəlmək ehtimalı da kifayət qədər böyükdür. Konqresdə üstünlük onların əlindədir. 2016-cı ildə ABŞ ilə İran arasında münasibətlərin düz xətt üzrə gedəcəyinə və qayğısız olacağına ümidlər elə də böyük deyil. 2016-cı ildə Qərb ilə İran arasında məlum ziddiyətlərin qorunub saxlanılması ehtimalı çox təəssüf ki, artmaqdadır.

- S-24 təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri çox gərginləşib və tərəflər öz sərt mövqelərindən çəkilmək istəmir. Bu qarşıdurmanın sonunu necə proqnozlaşdırırsınız: tərəflər ümumi maraqları xırda konfliktlərə qurban verəcək, yoxsa daha soyuq ağılla tərpənib ortaq məxrəcə gələ biləcək?

— Rusiya ilə Türkiyə arasında yaranan ziddiyətlərin analizi onu göstərir ki, əgər bu ziddiyətlər uzun müddətli xarakter alsa, bu zidiyyətlər iki ölkənin münasibətlərinin korlanması mahiyyətini çoxdan aşmış olacaq. Belə olan vəziyyətdə söhbət Ankara və Moskva zidiyyətlərinin dərinləşməsindən yox, əslində çox təhlükəli bir prosesin davam etməsindən və onun ağır nəticələrindən gedə bilər. Yəni, Türkiyə və Rusiya məlum zidiyyətlər fonunda kompromisə gəlməsələr və əksinə zidiyyətlərini dərinləşdirsələr, bu nəticə etibarı ilə çox ciddi fəlakətlərə gətirib çıxara bilər. Çünki, belə olan vəziyyətdə Rusiyanın Suriya böhranı fonunda daha fəal addımları müşahidə oluna bilər. Yəqin ki, Moskvada da, Ankarada da bu qənaətə gələ bilərlər ki, bu zidiyyətlərə son qoyulmasının yollarını tapmaq lazımdır.

Nəzərə alsaq ki, Rusiya ilə Türkiyənin münasibətləri kifayət qədər inkişaf etmişdi. Ziddiyyətləri dərinləşdirmək deyil, bu vəziyyətdən çıxış, barışıq yollarını tapmaq məsələsi daha böyük aktuallıq kəsb edə bilər. Rusiya üçün də bu zidiyyətlərin dərinləşdirilməsi yaxşı heç nə vəd etmir. Çünki, Türkiyə yeganə Qərb dövləti idi ki, Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmadı, əksinə bir çox sahələrdə əməkdaşlığı daha da dərinləşdirdi. Bunu da bəzi rusiyalı ekspertlər hər zaman vurğulayırlar. Kompromisdən həm Rusiya, həm Türkiyə, həm də bütün region udmuş olar.

Teqlər:
Respublikaçılar, Vyana, Demokratlar Partiyası, Elman Nəsirov, Qafqaz, NATO, İran, Səudiyyə Ərəbistanı, Qərb, Moskva, Rusiya, Yaxın Şərq, Türkiyə, Azərbaycan, ABŞ, sanksiyalar

Əsas mövzular