13:05 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Vaşinqton

ABŞ Azərbaycanı diz çökdürmək istəyir

TƏHLİL
Qısa URL
57520

Millət vəkili: Vaşinqton Bakı kimi bir müttəfiqini itirə bilər.

BAKI, 17 dek-Sputnik. "Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smit tərəfindən təqdim olunan "Azərbaycan Demokratiya aktı" layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakter daşıyır və qəbuledilməzdir".

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaydığı açıqlamada bildirib. O hesab edir ki, bu layihənin arxasında "ermənipərəst mövqeyi" gizlənib.

"Əsasız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər", — Hikmət Hacıyev qeyd edib.

Onun sözlərinə görə, hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində "Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə "siyasi məhbus" donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyildir".

Hikmət Hacıyev hesab edir ki, "Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən antiAzərbaycan dairələri ciddi surətdə narahat edir".

Xatırladaq ki, aktda qeyd edilir ki, insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağaları, onlarla biznes maraqlarından böyük gəlir götürənlərə maliyyə sanksiyaları nəzərdən keçirilməlidir.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, bu, Azərbaycana qarşı edilən növbəti bir hücumdur:

"Birincisi, bu layihədir. Bu hələ qanun formasını almaq üçün müəyyən mərhələlərdən keçməlidir. Bu, əslində Azərbaycana qarşı yeni bir hücum deməkdir. Azərbaycanın müstəqil siyasəti, inkişafına qarşı Amerikanın müəyyən dairələrinin atdığı addımlardır. Burada hansısa demokratiyadan və insan hüquqlarından, sadəcə olaraq, onlar özləri üçün istifadə edirlər. Hesab edirəm ki, bu, əslində Azərbaycanı diz üstə çökdürməkdən ötrü edilən bir cəhddir".

Chris Smithin bəyanatında eləcə də bildirilib ki, sanksiyalar yalnız, Azərbaycan hökuməti, siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsində əhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər.

 

Politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə, bu təşəbbüs sözügedən məhbusların əksinə işləyir:

"Cənab Smith əslində öz təşəbbüsü müdafiə etdiyi adamların elə bil ki, əksinə işləyir. Bildiyimiz kimi, indi Azərbaycan höküməti Leyla və Arif Yunusu həbsxanadan buraxıb, ayın 31-i üçün isə əvf fərmanı hazırlanır ki, o sadaladığı insanların bir çoxunun, bəlkə də hamısının azadlığa buraxılmasını nəzərdə tuturdu. O öz təşəbbüsü ilə, əslində, buna maneələr yaradır. Yəni əvf olsa, onlar buraxılsa, Smit bunu özünəməxsus şəkildə təqdim edəcək. Yəni ki, xox gəldilər Azərbaycan hökümətinə və onlar da qorxudan bunları bunları buraxdılar. Buraxılmadığı halda isə bu faktordan Azərbaycan hökümətinə öz təyziqlərin artırmaq və erməni lobbisinə xidmətiəvəzində əlavə hansısa qazanc əldə edəcək. Mən onun təşəbbüsünü mənfi hesab edirəm".

Lakin bu, Azərbaycana qarşı atılan ilk addım deyil. Aydın Mirzəzadənin sözlərinə görə, sözügedən layihə qəbul edilsə belə, Azərbaycana ciddi təsir etməyəcək:

"Digər tərəfdən, belə bir cəhd vaxtilə 1992-ci ildə 907-ci düzəliş formasında edilmişdir. Həmin dövr, Azərbaycan müstəqilliyini yenicə qazandığı, iqtisadiyyatının bərbad olduğu, Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdə belə, bu cəhd Azərbaycanı çökdürə bilmədi. İndiki dövrdə, kifayət qədər güclü bir dövlətə, iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik olduğumuz dövrdə hətta bu qanun layihəsi qəbul edilsə, Azərbaycana hər-hansı bir ciddi təsir etməyəcək. Eyni zamanda, buna gedərsə, ABŞ Azərbaycan kimi bir müttəfiqini itirə bilər".

Digər millət vəkili Asim Mollazadənin fikrincə, 907-ci düzəlişin müəllifləri yenə də Ermənistana dəstək olmağa çalışırlar:

"Burada demokratiya, insan hüquqları sadəcə olaraq bəhanədir. Əslində mahiyyət ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı olan təcavüz həqiqətləri dünyaya daha açıq, çılpaq formada son vaxtlar açıqlanır. Ermənistana təcavüzlə bağlı təyziqlər artır. Ona görə də, onlar — 907-nin müəllifləri bu gün Amerika Birləşmiş Ştatlarının öz maraqlarına zidd olan sənədlər hazırlayıblar. Zənnimcə, bu sənədin öz-özlüyündə çox mənfi fəsadları olacaq".

Lakin fakt budur ki, Smitin bəyan etdiklərini ABŞ "demokratiya"sı dilindən real siyasət dilinə çevirəndə, arxasında tam başqa məqsədlərin gizləndiyini görürük.

Teqlər:
Smit, Böyük İpək Yolu, TAP, Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyası, 907-ci düzəliş, Chris Smith, TANAP boru xətti, Bakı-Tbilisi-Qars, Aydın Mirzəzadə, Rasim Musabəyov, Asim Mollazadə, Hikmət Hacıyev, Amerika Birləşmiş Ştatları

Əsas mövzular