19:33 26 İyun 2017
Canlı yayım
Sumu qala

Abidələrdə yaşayan tarix

© AZƏRTAC
TƏHLİL
Qısa URL
6702

Şifahi xalq ədəbiyyatının çox maraqlı bir növü olan “haylalar” az tədqiq olunub.

BAKI, 28 may — Sputnik. AMEA-nın dissertantı Akif Məmmədli

Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə və təbii zənginliyinə görə tarix boyu qonşu imperiyaların və dövlətlərin diqqət mərkəzində olub, bu baxımdan Azərbaycanın Şimal-Qərb bölgəsi və buradakı qədim tarixi abidələr buranı ələ keçirmək istəyən tərəflər arasında mübahisələr obyektinə çevrilib. Buna səbəb isə bölgədəki qədim tarixi abidələrin, xüsusilə də xristian dövrü məbədlərinin kompleks şəkildə araşdırılmasıdır. Bunu nəzərə alaraq, Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələrinin tədqiqinə həsr edilmiş tədqiqat işi AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap edilmişdir. Əsərdə bölgədəki abidələr, onların təsviri və təsnifatı geniş şərh edilib.

Bu yazıda tarixi abidələrlə yanaşı, tariximizi öyrənmək üçün qaynaqlardan biri olan şifahi xalq ədəbiyyatının çox maraqlı bir növü olan “haylalar” tədqiqata cəlb edilib.

Azərbaycanın Şimal-Qərb bölgəsində (Balakən və Zaqatala rayonlarında) şifahi xalq ədəbiyyatının bir növü olan haylalar geniş yayılıb. Haylalar yarandığı tarixi dövrün izlərini özündə əks etdirir və qoruyub saxlayır. Bu məqalədə ilk dəfə olaraq haylaların yarandığı tarixi açmağa çalışaraq etnik tarixin öyrənilməsi üçün toponimlərə (haylalarda) istinad etmişəm.

Biz Azərbaycanın çox az tədqiq olunan şimal-qərb bölgəsinin “hayla” adlandırılan şifahi xalq ədəbiyyatını(folklorunu) araşdıraraq bu bölgənin unudulmaqda olan qədim tarixini və mədəniyyətini gün işığına çıxarmağa çalışacağıq. 

Şifahi xalq ədəbiyyatı(folklor) onu yaradan xalqın həmin dövr tarixini və mədəniyyətini özündə əks etdirir və bu dövrü araşdıran tədqiqatçılar üçün mənbə rolu oynayır. AMEA-nın müxbir üzvü, tarixçi Y.M.Mahmudov “Kitabi-Dədə-Qorqud” dastanını türklüyün, o cümlədən Azərbaycan tarixinin öyrənilməsi üçün tarixi qaynaqlardan biri hesab edir.

Tədqiqatçıların fikrinə görə xalqın epik yaddaşı onun maddi-tarixi yaddaşı ilə çox sıx bağlıdır. 

Azərbaycanın Şimal-Qərb bölgəsi olan Balakən və Zaqatala rayonlarında şifahi xalq ədəbiyyatının çox qədim bir növü olan “hayla” bu gün də yaşamaqdadır. Mənası “haylamaq”, “çağırmaq” olan haylalar qədim türk tayfalarından olan hunlarda olmuş, onların dərd-sərinin, sevgi və sevincinin ifadəsinə çevrilmişdi. Balakən rayonunun mərkəzinə yaxından keçən çaylardan birinin adı da “Hunbol” çaydır. Bu çayın aşağı axarında yaşayan nəsillərdən biri isə qədim hun türkləri ilə bağlı “Hunələr”, “Hinələr” adlanır.

Bölgənin folklorunu araşdıran ilk tədqiqatçılardan Əzizə Cəfərzadə qədim hun tayfasında sevincli və kədərli günlərdə çadırlarda “təmbur” çalınıb, “hayla” oxunduğunu yazırdı. Bu gün də həmin çox qədim və sadə musiqi aləti olan təmbur, bir azca dəyişərək “dambur” adı ilə hələ də qalmaqda, “hayla” oxunmaqdadır.

Qəribədir ki, dilimizin alt qatlarında olmuş və artıq unudulmuş bir çox prototürk sözləri məhz bu haylalarda yaşamaqdadır. Məsələn:

Ay habuna, ha buna

Mahamalar tabuna.

Bildiyimiz kimi, “tabun” çox əski türk sözüdür və Balakəndə bu gün də yaşlı qocalar kəndlərin adını deyəndə “Qullar tabun”, “Tülü tabun”, “Qazma tabun” deyirlər. Bunlar ən azı 2-3 min illik tarixdən xəbər verən sözlərdir.

Balakən-Zaqatala bölgəsindəki haylalar mütəxəssislər tərəfindən diqqətlə araşdırılarsa, bir çox yer adlarının-toponimlərin yaranma tarixi və daşıdığı məna da aydınlaşar: Tülü tabun, Saburlar oba, Qıraq oba, Uzun tala, Kortala, İtitala, Qaraca binə, Arılıqbinə…

Yüzillər və minillər ərzində burada məskun olmuş insanların yaratdığı şifahi ədəbiyyatda-“haylalar”da bu toponimlərin öz yerini tapması, bəzi adlar “müasirləşməyə” məruz qalaraq dəyişilsə də haylalarda bu öz ilkin formasında qalmaqdadır.

Görkəmli tədqiqatçı Lev Qumilyov “Qədim Türklər” əsərində də bu məsələyə toxunmuş və türklərin qədim epos və dastanlarında onların yaşadıqları yer adlarının-toponimlərin işləndiyini göstərərək şifahi xalq ədəbiyyatının tarixin öyrənilməsində bir mənbə rolu oynadığını qeyd edirdi.

Yuxarıda qeyd etdiyimiz toponimlərin araşdırdığımız Şimal-Qərbi Azərbaycanda — Balakən-Zaqatala bölgəsində ən qədim zamanlardan bəri yaşayan qədim türklərə aid olduğu fikrindəyik. Bu fikir tanınmış tarixçı alim Y.Yusifov tərəfindən də araşdırılmış və türklərin Qafqazda ən qədim oborigen xalq olduğu sübut edilib. 

Bəzi məlumatların yazılı mənbələrlə tutuşdurulması bizə ölkəmizin ərazisinin əzəldən ən qədim Türk Yurdu olduğunu, prototürklərin bu ərazidə zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaratdığını söyləməyə əsas verir.

Biz də son illər çap etdirdiyimiz bir neçə yazımızda bu fikrin həqiqətə daha yaxın olduğunu göstərmişik. 

Qeyd etmək yerinə düşər ki, folklorçu və yazar Əzizə Cəfərzadə “Calaliyyə” əsərində damburun qədim türklərə, xüsusilə hunlara məxsus musiqi aləti, haylanın isə onlara məxsus söz sənəti olduğunu yazırdı.

Cəfərzadə “Calaliyyə” kitabındakı “Hun dağı” əsərində yazır: “kimi qopuz, kimi tambur götürdü”. Boylardan birində bu “hayla” gecələri… adlandırılırdı.

Balakən və Zaqatala rayonlarında az qala hər bir nəslin, hər bir obanın yaxın vaxtlaradək əkin əkdiyi, mal-qara saxladığı və müvəqqəti yaşamaq üçün (mövsümi) məskun olduğu “binə” və orada qurduğu dəyə var idi. İndi də bu binələrin bəziləri qalır, bəziləri isə qismən dəyişilib və yeni kənd adlarına çevrilib. Cəfərzadənin yuxarıda adı çəkilən əsərində də hun tayfalarından birinin ağsaqqalı olan Turqut dədənin dilindən deyilir: “Hunlar olduğu yerdə deyə qursun. Binələnsin”.

Qədim hunların dilindən deyilmiş və bu gün də yaşlı balakənlilərin dilində səslənən bir hayla çox mətləbdən xəbər verir, o cümlədən Balakəndəki Hunbol çaya həsr edilmiş hayla ilə səslənir.

Gəl gedək Hun dağına,

Yaş tökək Hun dağına

Oğlu ölən ananın,

Qan damar qundağına.

Bu gün Balakəndən axan Hunbol çay, Qaxın İlisu kəndində ucalan Hun dağı, Hun beli adlanan yüksəklik də, daha öncə yazdıqlarımızı təsdiq edir.

Gəl gedək Hunbol çaya,

Yazda suyu bol çaya.

Elinnən ayrı düşən

Üz tutar Hunbol çaya 

Balakən kimi, çox həssas və strateji cəhətdən çox vacib bir bölgədə folklorda yaşayan əski tariximizi araşdırmaq çox vacibdir. Nəzərə alsaq ki, həm qərbdə(Gürcüstanda), həm də şimalda (Dağıstanda) Azərbaycanın Balakən-Zaqatala bölgəsi ilə bağlı yersiz ərazi iddiaları səslənir və bununla bağlı əsərlər yazılır, buradaki milli azlıqlar arasında yayılır. Əgər xalq arasında bu gün də oxunan “haylalar”, onların yaranma tarixi araşdırılarsa, bu sahədə çox tutarlı dəlillərdən daha biri əldə edilmiş olar.

Digər tərəfdən, bu haylalarda təkcə qədim tariximizin izlərinə deyil, yaxın tariximizin acı reallıqlarına da rastlanır. Rus işğalına, xüsusilə də Sovet işğalına, “Şura hökuməti”nə, onun qəddar və qaniçən tədbirlərinə həsr olunan haylalar da çoxdur. Məsələn:

Əlimə xına qoydum,

Çevirib günə qoydum.

Çərxi dönsün Şuranın,

Bizi nə günə qoydu.

Burada, “şuralar” dedikdə, Sovet hökuməti nəzərdə tutulub.

Buralar çər-çəpəndi,

Şuralar min nəfərdi.

Mürşiddən xəbər alın,

Müridlər nə təhərdi?…

Haylalar bölgə insanlarının həyatının bütün sahələrində, inanclarında, məişətində, dərd-sərində, bunların ifadəsində özünə məxsus yer tutub. Güman etmək olar ki, dambur və hayla hələ ibtidai-icma dövründən bu insanların “sirdaşı” olub.

Hayla məclisini bölgənin özünəməxsus ədəbi məclisi də adlandıra bilərik. Bu ədəbi məclisin ən tanınmış, həm də unudulmaz nümayəndəsi XX yüzilliyin əvvəllərində yaşamış və 1928-ci ildə keçirilən “I Aşıqlar qurultayı”nda iştirak etmiş “Haylaçı Sənəm” olub.

Mən aşıq Gül üzənə,

Şeh düşüb Gülüzənə.

Sənəmi görmək istəsən,

GəlginənGülüzənə.

Gülüzən – nənəmin yaşadığı kəndin adı idi. 

Hayla haylanın başı,

Hayla bilməyən naşı.

Hayla bilmək yaxşıdır,

Qərib yerin yoldaşı.

Altaylardan Qafqaza və Anadoluya qədər böyük bir arenada dambur dediyimiz simli musiqi aləti yayılıb. Bu, qədim türklərə məxsus musiqi aləti, “hayla” isə əski türk soylarından ulubabalarımızdan bizə miras qalan bir folklor janrıdır. Təbiiki, Azərbaycanın şimal-qərb bölgəsinə ərazi iddiasında bulunan qonşular bunlara da sahib çıxmağa çalışırlar. Bu üzdən gecikməməli, haqqında bəhs olunan bölgənin şifahi xalq ədəbiyyatını — hayla və bu kimi deyimlərini tədqiqata cəlb etməliyik. Məhz bu nöqteyi-nəzərdən son illər AMEA Folklor İnstitutu və AMEA Tarix İnstitutunun birgə hazırladığı konfranslar çox təqdirə layiqdir.

Əsas mövzular