21:55 19 Noyabr 2017
Canlı yayım
Ərdoğan Putin

Türkiyə-Rusiya münasibətlərində erməni faktoru

© Foto: blogs.ft.com
TƏHLİL
Qısa URL
6702

Qondarma “erməni soyqırımının” 100 illiyi ərəfəsində türk-rus münasibətlərində stress yaşandı və hələ də davam edir.

BAKI, 22 may — Sputnik. Soyuq müharibə dövrünün başa çatması ilə birlikdə Türkiyə və Rusiya arasındakı münasibətlər özünün yeni dövrünə qədəm qoyub. Lakin qondarma “erməni soyqırımının” 100 illiyi ərəfəsində bu münasibətlərdə stress yaşandı və hələ də davam edir.

SSRİ-nin dağılmasından sonraki dövrdə iki ölkə arasındakı əlaqələr özünə xas inkişaf yolu izləyir. 1990-cı illərdə rəqabətə söykənən münasibətlər 2000-ci illərdən etibarən əməkdaşlıq səviyyəsinə qalxdı. Xüsusilə 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişilə Türkiyə-Rusiya münasibətləri əvvəlki illərlə müqayisədə daha da inkişaf etdi.

Bu vaxta qədər ikitərəfli əlaqələrdə zaman-zaman gərginlik yaşansa da, 24 aprel, yəni qondarma “erməni soyqırımının” 100-cü il dönümündə olduğu qədər ciddi böhran yaşanmadı. Böhrana səbəb Rusiya prezidenti Vladimir Putinin həmin gün İrəvana gedərək “erməni soyqırımının” 100 illiyinin anılması mərasimində iştirakı oldu. Kreml rəhbərinin hərəkətinə Ankaranın sərt reaksiyası özünü çox gözlətmədi.

Əslində Rusiyanın “erməni soyqırımına” münasibəti bilinməyən bir mövzu deyildi. Məsələn, Rusiya Dövlət Duması 1995 və 2005-ci illərdə iki dəfə “soyqırımı” tanımışdı. Dövlət başçısı Putin də Ermənistana etdiyi səfərlərdə “soyqırım” abidəsini ziyarət etmiş və xatirə dəftərini imzalamışdı. Ənənəvi olaraq Rusiya mətbuatında, akademiya və siyasət dünyasında qondarma “soyqırım” iddiaları dəfələrlə dilə gətirilirdi. Ona görə də, qondarma faciənin 100 illiyi ərəfəsində Rusiyanın fərqli addım atmayacağı bilinirdi. Əgər vəziyyət belədirsə, onda niyə Putinin son davranışı ikitərəfli əlaqələrdə böhrana səbəb oldu?

Bu sualın cavabını, 1990-cı illərdən sonra, yəni rəqabət dövrünün geridə qaldığı, Ərdoğanın hakimiyyətə gəlişilə inkişaf etdirilən əlaqələrdə axtarmaq lazım deyil. Türkiyədə Ədalət və İnkişaf partiyasının 2002-ci ildə iqtidara gəlməsilə birlikdə Ankara-Moskva arasında ticarət, iqtisadiyyat, enerji, turizm, təhsil, mədəniyyət və siyasət kimi bir çox sahələrdə olduqca əhəmiyyətli irəliləyişlər əldə edildi. İki ölkənin adı əvvəlcə "Cənub Axını" sonra isə "Türk Axını" layihələrində birgə hallandı. Türkiyənin ilk nüvə stansiya tenderini Rusiyaya verməsi, Ankaranın Ukrayna hadisələri səbəbiylə Qərb tərəfindən Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalara qoşulmaması, Krımın Rusiya tərəfindən işğalına baxmayaraq Türkiyənin Moskvaya qarşı yumşaq siyasət izləməsi və s. Bu qədər müsbət inkişafa və gedişata baxmayaraq Rusiyanın ölkə başçısı səviyyəsində bu “soyqırımı” tanıması rəsmi Ankara üçün incidici oldu.

Kreml cəbhəsindən baxıldıqda isə, ortada anormal sayıla biləcək vəziyyət yoxdur. Ermənistan ilə Rusiya arasında kökü çox qədimlərə söykənən tarixi, mədəni və siyasi yaxınlıq var. Bu ölkədə 2 milyondan çox əhaliyə sahib güclü və nüfuzlu erməni diasporu mövcuddur. Həmçinin rusların Ermənistanda hərbi bazasının olması sübut edir ki, İrəvan Moskva üçün Cənubi Qafqazda yeganə strateji müttəfiqdir. Üstəlik Ermənistanın, Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə qoşulması onlar arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Yəni səbəb çox sadədir.

Bu baxımdan, Vladimir Putinin 24 aprel tarixində İrəvandakı soyqırım mərasiminə qatılması başa düşüləndir.

Əsas mövzular