23:06 15 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
SƏRGİLƏR
Qısa URL
6210

Keçirildiyi ilk gündən Heydər Əliyev adına İdman və Konsert Kompleksində dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı

BAKI, 25 aprel — Sputnik. Bu il Xəzər Neft və Qaz "Caspian Oil and Gas" sərgi və konfransı öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Gəlin, keçmişə nəzər salaraq bütün bunların necə başlandığını və hansı uğurlara nail olunduğunu xatırlayaq.

"Caspian Oil and Gas" sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində təsis edilib və "Caspian Oil and Gas" sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi.

Keçirildiyi ilk gündən Heydər Əliyev adına İdman və Konsert Kompleksində dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı. 

Sərginin iştirakçıları və sponsorları arasında dünya neft və energetika sektorunun aparıcı şirkətləri, o cümlədən "BP", "OMV", "Conoco Phillips", "Statoil", "Total", "Petkim", "TPAO", "RWE" və bir sıra digər şirkətlər var. Sərgi Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər üçün xarici şirkətlərlə əməkdaşlıq etmək və yeni texnologiyaları yerli istehsal prosesində, eləcə də karbohidrogen ehtiyatlarının hasilatında tətbiq etmək üçün geniş imkanlar açmışdır.

Sərginin yüksək statusunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin açılış mərasimində iştirak etməsi təsdiqləyirdi və bu gün, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müxtəlif ölkələrin liderləri, o cümlədən Böyük Britaniya, Türkiyə və Norveçin baş nazirləri, ABŞ, Fransa və Gürcüstanın prezidentləri, habelə Avropa İttifaqının prezidenti növbəti sərgi və konfransın açılışı münasibətilə Azərbaycanın Respublikasının rəhbərinə öz salamlama məktublarını göndərirlər. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR isə bu sərginin inkişafı naminə öz əvəzsiz töhfələrini əsirgəmirlər.

Sərgini müşayiət edən işgüzar proqramın mühüm tərkib hissəsini isə hər il dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə heyətinin iştirak etdiyi "Caspian Oil and Gas" konfransı təşkil edir. Bu 25 il ərzində sözügedən konfrans Azərbaycanın zəngin neft-qaz və tranzit potensialının, o cümlədən ölkənin xarici investorlar üçün cəlbedici olmasının və işgüzar əməkdaşlıq imkanlarının müzakirə edildiyi əsas tribunaya çevrilmişdir.

İlk Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgisi keçirilən zaman infrastruktur hələ inkişaf etməmişdi və bütün sərgi avadanlıqları xaricdən gətirilirdi. İnternet demək olar ki, yox idi, mobil rabitə yenicə yaranırdı, müştərilərlə əlaqə isə faks vasitəsi ilə həyata keçirilirdi. İlk sərgilərin planları kağız üzərində çəkilirdi, amma indi isə bunu təsəvvür etmək sadəcə qeyri-mümkündür. Lakin Azərbaycan bazarı sürətlə inkişaf edirdi və onunla birlikdə sərgi də sürətlə böyüyürdü. Belə ki, ötən illər ərzində sərgi regionda neft-qaz sənayesinin əsas tədbiri kimi formalaşmışdır və indi burada neft-qaz bazarının əsas oyunçuları iştirak edirlər. 

2005-ci ildən etibarən "Daily News" rəsmi qəzeti sərgi və konfransın işini işıqlandırır. Bu qəzetin hər bir buraxılışı "Caspian Oil and Gas" sərgisinin həm iştirakçıları, həm də nümayəndə heyətləri üçün önəmli bir hadisəyə çevrilir. Belə ki, "Daily News" qəzeti öz səhifələrində sərginin, eləcə də Azərbaycanda və ümumilikdə Xəzəryanı regionda neft-qaz sənayesinin inkişafında iştirak etmiş və hazırda da iştirak edən şirkət və şəxslərin tarixini əks etdirir.

"Caspian Oil and Gas" sərgisi həmçinin dünya sərgi sənayesində də beynəlxalq nüfuz qazana bilmişdir. Belə ki, 2006-cı ildə Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir — "Caspian Oil and Gas" sərgisi müvafiq standartlara cavab verdiyi üçün Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən təqdir olunmuşdur.

Artıq 2010-cu ildən etibarən "Caspian Oil and Gas" sərgisi beynəlxalq sərgi kompleksi olan Bakı Ekspo Mərkəzində keçirilir. Həmin vaxta qədər isə sərgi uzun müddət sərgi iştirakçıları üçün qonaqpərvər ev olan Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilirdi.

Beləliklə, sərgi uzun bir inkişaf yolu keçib və öz unikallığı sayəsində 25 ildir ki, aparıcı tədbir statusunu qoruyub saxlayır. Sərgi və konfransın hər yubileyi bir növ "Caspian Oil and Gas" fondunu təşkil edən xüsusi tədbirlərlə müşayiət olunur. Bu fondun aydın sosial istiqaməti var, belə ki, müxtəlif yubiley illərində "Caspian Oil and Gas" sərgi və konfransda ölkənin ixtisaslaşmış universitetlərinə qəbul zamanı yüksək bal toplayan tələbələr həvəsləndirilmiş, sərgi və konfrans iştirakçıları ağac və güllər əkmiş, incəsənət dəstəklənmişdir (məs.: bəstəkar Tofiq Bakıxanovun əfsanəvi "Xəzər balladası" baletinin səhnələşdirilməsinə sponsorluq, rəssam Sabir Çopuroğlunun neftlə çəkilmiş rəsm ekspozisiyasının təşkili).

Bu il "Caspian Oil and Gas" sərgisinin yubileyi bir neçə əhəmiyyətli tarixə təsadüf edir, belə ki, sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi keçirilir. Həmçinin bu il ölkədə Azərbaycan Demokratik Respublikasının (ADR, 1918) 100 illik yubileyi qeyd edilir. Bu əlamətdar hadisələr sərgi proqramında öz əksini tapacaq.

Sərginin ildönümü ilə əlaqədar olaraq müxtəlif verilişlər hazırlanacaq və sosial şəbəkələrdə bir-birindən fərqli müsabiqələr keçiriləcəkdir. Həmçinin yubiley ilə bağlı xüsusi videolar çəkiləcək. Tədbirin keçirildiyi günlərdə isə sərgi və konfrans iştirakçılarını bir sıra maraqlı hadisələr gözləyir.

Beləliklə, bu gün haqlı olaraq "Caspian Oil and Gas" sərgisini əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Təşkilatçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.

Qeyd edək ki, Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır.

Əlaqədar

Bakıda nəqliyyat və daşınmaya dair beynəlxalq sərgi olacaq
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərgi təşkil olunub
Bakıda daha bir maraqlı sərgi keçiriləcək
Bakıda abituriyentlər üçün çox vacib sərgi keçiriləcək

Əsas mövzular