Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Repressiya qurbanı olan nakam şairimizin doğum günüdür

© REPORTYasamalda Mikayıl Müşfiqin abidəsi, arxiv şəkli
Yasamalda Mikayıl Müşfiqin abidəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2021
Abunə olmaq
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şair Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

BAKI, 5 iyun — Sputnik. Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 113 il ötür. Sputnik Azərbaycan xəbərverir ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub. Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. "Yenə o bağ olaydı...", "Oxu, tar!", "Sənə qurban", "Sənin gülüşlərin", "Əbədiyyət nəğməsi", "Həyat sevgisi", "Sənin gözlərin", "Mənim eşqim", "Ürək" və digər şeirlər hər birimizin qəlbinə yaxındır.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün" şeiri 1926-cı ildə "Gənc işçi" qəzetində, "Duyğu yarpaqları" adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər", "Günün səsləri", "Buruqlar arasında", "Bir may", "Pambıq", "Vuruşmalar", "Şeirlər", "Şəngül, Şüngül, Məngül", "Qaya", "Kəndli və ilan" kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri", "Əsərləri", "Duyğu yarpaqları", "Əbədiyyət nəğməsi", "Könlümün dedikləri", "Həyat sevgisi" və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin "Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması"nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban", "Mənim dostum", "Qaya", "Sındırılan saz", "Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: "Həyat həm gülməkdir, həm ağlamaqdır", "Bədbəxt bu dünyada tək yaşayandır", "Həyat ondan küsənləri incidər", "Nə qədər yaraşır insana gülmək!". "Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim" yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur "Oxu, tar!" şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. "Bayram axşamı" şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. "Dilənçi" şeirində "fəhlə-kəndli" cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.

Mikayıl Müşfiqin "Sevgilər", "Maralım", "Yenə o bağ olaydı!" şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində "Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!", - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Şair əmək, təhsil, ziyalı, səfil həyat keçirən uşaqlar, gənclərin düzgün tərbiyəsi, Vətənin görkəmli şəxsiyyətləri, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, qadına hörmət, anaya məhəbbət və digər mövzuları poetik sənətkarlıqla işləyib.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şair Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Xəbər lenti
0