12:46 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Görkəmli alim Bəkir Çobanzadə

Dəfn yeri məlum olmayan böyük mütəfəkkir

© Public domain
Tarixdə Bu Gün
Qısa URL
47 0 0

Krım tatarı olan Bəkir Çobanzadə Azərbaycan ədəbi dilinin formalaşmasında əvəzedilməz rol oynayıb

BAKI, 15 may — Sputnik. Ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. Burada ibtidai təhsil alıb. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb edib. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərib (1908-1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə alıb. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənib. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olub. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olub, doktorluq dissertasiyası müdafiə edib. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olub (1919). "Krım", "Göy kitab" (İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilib (1918-1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirib. Sonralar "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunub. 

Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olub (1920-1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışıb. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyub. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirib. Krım universitetinin rektoru olub. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilib. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparıb, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyub (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayıb. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışıb (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparıb, Moskvada təlimatçı kurslarında mühazirələr oxuyub (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik edib, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışıb (1924-1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilib (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləyib (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilib. Paris Dilçilik Cəmiyyətinin üzvü olub.  Nəzəri-filoloji irsi zəngin və çoxcəhətlidir. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olub. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib edib. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunub. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılıb (1971). 

Həddən artıq genişsahəli biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.

Bəkir Çobanzadənin dəfn yeri məlum deyil.

Əlaqədar

Azərbaycanda 15 yaşlı dahi peyda olub - "Ginnesin Rekordlar Kitabı"na müraciət
Daha bir dahi Kalaşnikov öldü
Cəmi 23 il ömür sürən dahi
Qəbri muzey otağının döşəməsinə basdırılan dahi
Sonadək iddiasından əl çəkməyən dahi

Əsas mövzular