"Qardaşlıq dininə inanan qəhrəman"

© Sputnik / Murad OrujovМехти Гусейн-заде, советский лейтенант, югославский партизан и разведчик
Мехти Гусейн-заде, советский лейтенант, югославский партизан и разведчик - Sputnik Azərbaycan
Abunə olmaq
Əfsanəvi "Mixaylo"nun anadan olmasından 99 il ötür

BAKI, 22 dekabr — Sputnik. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı partizan, kəşfiyyatçı Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub, 1936-cı ildə oranı bitirib. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.

Böyük Vətən müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağırılıb, 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.

1943-cü ilin sonlarında Mehdi bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulur. O, Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo faşistlərə xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomaşınını partlatmışdı. Şimali İtaliyanın Udinese şəhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdı. Yeni qərargahın göstərişinə əsasən, Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib, bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.

1944-cü il noyabrın 2-də Mehdi Hüseynzadə partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlir. Qəhrəman döyüşçü xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılır. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunur: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Xəbər lenti
0