22:33 25 Aprel 2017
Canlı yayım
Rza Təhmasib Qanun naminə filmində Qaloş obrazında

Yaddaqalan mənfi qəhrəman - "Qaloşlu adam"

Tarixdə Bu Gün
Qısa URL
1801

Hətta mənfi qəhrəmanlar içərisində özünəməxsusluğu ilə seçilən "Qaloşlu adam" kinomuzda yaradılmış ən koloritli obrazlardandır

BAKI, 20 apr — Sputnik. Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoqu Rza Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda dünyaya gəlib. 

16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. 

Təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçib. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub. 

Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırıb.

Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.

Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub.

Rza Təhmasibin Azərbaycan kinosunun inkişafında da xidmətləri olub. O, rejissor kimi "Səbuhi", "Arşın mal alan" filmlərinin çəkilməsində iştirak edib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi olub. 

Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən yaddaqalan aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı "Qaloş" obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.

Teqlər:
Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Rza Təhmasib, Tbilisi, İrəvan, Naxçıvan

Əsas mövzular