02:21 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
56401

1621 il əvvəl Roma imperiyası iki yerə parçalanıb

BAKI, 17 yan — Sputnik. 395-ci il yanvarın 17-də Qədim Dünyanın aparıcı dövləti olan Roma imperiyası iki yerə — Qərbi və Şərqi Roma imperiyalarına bölünüb.

Roma imperiyası e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz edib və Qədim Dünya tarixində əhəmiyyətli yer tutub.

Romanın ərazisi imperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km²-ə çatıb. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.

III əsrdə Diokletian Roma imperiyasını iki hissəyə (hər biri özlüyündə ikiyə parçalanmaqla) bölməklə tetrarxiya sistemini yaradır. Ömrü çox çəkməyən tetrarxiya IV əsrdə Konstantinin hakimiyyəti altında imperiya birləşdirildikdən sonra ləğv edilir. 

Ümumiyyətlə IV əsr Roma imperiyası tarixində bölünmə və birləşmə dövrü kimi qalıb. Konstantinin vəfatından sonra imperiya üç oğlu arasında təzədən bölünür. 

350-ci ildə iki qardaşın — II Konstantinin və Konstantın ölümü imperiyanın təzədən üçüncü qardaş —  Konstansın hakimiyyəti altında birləşməsinə səbəb olur. İmperiyanın yenidən parçalanması 364-cü ilə təsadüf edir. Seçilmiş imperator I Valentinian Qərbi imperiyanın, qardaşı II Valent isə Şərqi imperiyanın hakiminə çevrilir. Bölünmüş hakimiyyət üsuluna baxmayaraq rəsmən bütöv sayılan imperiya 394-cü ilədək mövcudluğunu qoruyub saxlaya bilir. 394-cü ildə I Feodosi imperiyanın qərb hissəsini qəsb edərək qısa müddətə birləşmiş imperiyanın sonuncu imperatoruna çevrilmiş olur. 395-ci ildə I Feodosinin ölümündən sonra oğlanları Honnori qərbi, Arkadi isə şərqi imperiyanın imperatoruna çevrilirlər. 

Qərbi Roma imperiyası 476-cı ildə birdəfəlik süqut edir. Şərqi Roma imperiyası isə tarixdə Bizans imperiyası adı altında qalıb. Bizans imperiyasında Romanın dövlət dili olan latın dili öz yerini yunan dilinə verir və bu dövlət yunan dövləti kimi tarixdə mövcud olub və 1453-cü ildə süqut edib.  

Teqlər:
imperiya, latın dili, yunan, Bizans imperiyası, Qədim Dünya tarixi, tetrarxiya, Qərbi Roma imperiyası, Şərqi Roma imperiyası, Roma imperiyasının parçalanması, Roma Respublikası, Honnori, Arkadi, I Feodosi, Konstantin, Konstans, Konstant, II Konstantin, Diokletian, II Valent, I Valentinian, İmperator Trayan, Roma

Əsas mövzular