18:58 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ordu

Azərbaycan Xalq Cümhuriyyətinin şərəfini xilas edən üsyan

© Foto : Public Domain
Tarixdə Bu Gün
Qısa URL
120811

Gəncə üsyanından 96 il keçir.

BAKI, 25 may — Sputnik. 1920-ci il mayın 25-də Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti üsyan başlanıb.

Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. 

Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər.

Üsyan ərəfəsində qırmızı ordunun 20-ci atıcı diviziyasının bəzi hissələri Gəncəyə gəlmişdi. Həmin diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin ermənilər yaşayan hissəsində, üçüncü briqadanın rabitə taburu və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində yerləşirdi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Həmin günlərdə Taman süvari briqadasının üçüncü alayı da Gəncəyə gətirildi.

Üsyan 1920 —ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi.

Xalq hərəkatının getdikcə geniş miqyas aldığını görən XI qırmızı ordunun komandanlığı üsyanın yatırılması üçün təcili tədbirlər görməyə başladı. 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi. Ermənilər elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək edirdilər. Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI qırmızı ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirdi.

Mayın 30-da Gəncədə XI ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi. Mayın 31-də buradan əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Şəhəri tərk etmək imkanı olmayan üsyançıları, habelə dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyirdilər.

Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Çox da dəqiq olmayan məlumata görə, bu savaşda düşmən tərəfdən 8,5 min nəfər ölüb. Üsyançıların itkisi isə 12 min nəfərə çatırdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudinbəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı olub.

Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi.

Əsas mövzular