04:50 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Ceyhun Hacıbəyli (sağdan ikinci) Paris sülh konfransında ADR nümayəndə heyətinin tərkibində

Ziyalılar ailəsinin daha bir görkəmli nümayəndəsi

© Foto : Azərbaycan Respublikasının Dövlət Arxivi
Tarixdə Bu Gün
Qısa URL
52901

Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Hacıbəyli 1891-ci ildə anadan olub.

BAKI, 3 fev — Sputnik. İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Hacıbəyli 1891-cı il fevralın 3-də Şuşa şəhərində anadan olub. O, bəstəkar, yazıçı Üzeyir Hacıbəyovun qardaşıdır.

Müəllifin yaradıcılığı tədqiq olunmadığından, toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərən-pərən düşüb. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınayıb, amma sonralar felyeton yazmayıb. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunub.

Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, çap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия", "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.

1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşıb. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq edib, "La Revul des Deux Mende" adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olub. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilib.

Ceyhun bəyin "İslam Əleyhinə" kampaniya və onun Azərbaycanda Metodları" adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməyib, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparıb, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməyib.

Ceyhun Hacıbəylinin qəbri Parisdədir.

Əsas mövzular