20:42 13 Dekabr 2017
Canlı yayım
Yuri Andropov

Alınmamış islahatçı, yoxsa alınmamış diktator?

Tarixdə Bu Gün
Qısa URL
35121

1982-ci ilin noyabrın 12-də Yuri Andropov Sov.İKP MK-nın Plenumunda MK-nın Baş Katibi seçilib.

BAKI, 12 noy — Sputnik. 1982-ci ilin noyabrın 12-də Yuri Andropov Sov.İKP MK-nın Plenumunda MK-nın Baş Katibi seçilib.

Yuri Andropov sovet və postsovet araşdırmalarında qətiyyətli və ziddiyyətli dövlət xadimi kimi xarakterizə edilir. SSRİ-yə rəhbərlik edən şəxslərdən heç kəsin adı ətrafında onunku qədər müəmmalı fikirlər dolaşmır. Onu Mixail Qorbaçov, Vladimir Putin və Den Syaopinə bənzədənlər var. Sağ qalsaydı, Andropov ölkəni bu 3 yoldan hansı ilə aparacaqdı? Bu sualın cavabı açıq qalır…

Yuri Andropov 1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olub.

Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə ÜİK(b)P sıralarına daxil olub. 1938-1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatının rəhbəri olub. Böyük Vətən Müharibəsindən sonra Karel-Fin Kommunist Partiyasə MK-nın 2-ci katibi kimi fəaliyyət göstərib.

1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və Sov.İKP MK-ya şöbə müdiri təyin edilir.

1961-ci ildə Sov.İKP-nin XXI qurultayında o partiya Mərkəzi Komitəsinin üzvü seçilir, daha sonra isə Sov.İKP MK katibi kimi fəaliyyət göstərir. 1967-ci ildə partiya fəaliyyətindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir. Dövlət Təhlükəsizlik Komitəsi-nin rəhbəri kimi 1967-ci ildə partiyanın ali orqanı olan MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1972-ci ildə Siyasi Büroya üzv seçilir. Öz fəaliyyətini o əsasən antisovet və dissident hərakatına qarşı mübarizəyə həsr edir. 1976-cı il 10 sentyabrda ona ordu generalı hərbi rütbəsi verilir.

Mixail Suslovun vəfatından sonra Andropov 1982-ci ilin 24 mayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri postundan Sov.İKP MK-nın katibi vəzifəsinə keçirilir. Daha sonralar 1982-ci ilin 12 noyabrında Andropov Sov.İKP MK-nın Plenumunda MK-nın Baş Katibi seçilir. 1983-cü il iyunun 16-da isə Andropov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilir.

Andopov rəhbərliyi dövründə ölkədəki sosial-iqtisadi problemlərin həllinə ciddi diqqət etməyə başlayır. Ancaq bunun üçün islahatlar ancaq əmək intizamının möhkəmlənməsi ilə bitir, o sovet siyasi sisteminin əsaslarına toxunmur. O, çox qısa müddətdə ölkəyə rəhbərlik etdiyi üçün başlatdığı islahatlar yarımçıq qalır.

Yuri Andropov ölkədə rüşvət və korrupsiyanın çiçəkləndiyi dövrdə bu çirkaba bulaşmamağı bacarmış insandır. Hakimiyyətdə olduğu dövrdə də korrupsiyaya bulaşmış məmurlarla mübarizə aparıb. 

Yuri Andropov 9 fevral 1984-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun ölümü barədə də müəmmalı fikirlər səslənir. 

Əsas mövzular