11:23 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
Tarixdə Bu Gün
Qısa URL
985 0 0

"Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanmasından 21 il ötür.

BAKI, 20 sent-Sputnik. Məhz bu tarixdə Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını — Neftçilər Gününü qeyd edirlər.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "Britiş Petroleym" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Remko" (2,08 faizi), ABŞ-ın "Amako" (17,01 faiz), "Yunikal" (11,2 faiz), "Penzoyl" (9,81 faiz), "MakDermott" (2,45 faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoyl" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi.Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

Bu müqavilə ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edirlər.

Neft-qaz sektoru indi də Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan SSRİ-nin mövcudluğunun son illərində durğunluğun yarandığı sahənin inkişafında böyük uğurlara nail oldu. Bu sahə dirçəlməyə başladı. Həm quruda, həm də dənizdə yataqların işlənməsi ilə bağlı bir sıra müqavilələr imzalandı. Nəticədə Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi əfsanəvi karbohidrogen yataqlarını dünyaya hədiyyə etdi.
Azərbaycan artıq dünya bazarında özünü etibarlı neft ixracatçısı kimi təsdiqləyib və hazırda Azərbaycan qazının Avropa ölkələri bazarına çıxarılması istiqamətində aktiv işlər görülür. Artıq qazın Türkiyə ərazisindən Avropa sərhədlərinə nəql olunmasını təmin edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı qərar qəbul edilib. Həmçinin bu ilin iyun ayında Trans-Adriatik boru kəməri (TAP) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Azərbaycan qazının Avropaya nəqli yolunda növbəti addım "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında bağlanan sazişlər olub.

Azərbaycandan qazın Avropaya ixracının başlanğıcını Avropaya öz karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etmək imkanı verəcək "Cənub Qaz Dəhlizi" qoyacaq.
Yeni bazarlara qaz ixracının təmin olunması çərçivəsində 2013-cü il dekabrın 17-də "Şahdəniz" qaz-kondensat yatağının 2-ci mərhələsinin işlənməsi üzrə yekun investisiya qərarı qəbul edilib. Həmin qərara əsasən, hər il 10 milyard kubmetr həcmində qaz Avropa bazarlarına, 6 milyard kubmetr qaz isə Türkiyəyə ixrac olunacaq.

Yatağın ikinci mərhələsinin işlənməsi çərçivəsində qaz Türkiyəyə və Avropa bazarlarına Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP-ın tikintisi yolu ilə ixrac olunacaq.

TAP-ın ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər. Öz başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürən ТАР-a qədər Azərbaycan qazı Türkiyə ərazisi ilə TANAP vasitəsilə nəql ediləcək. TANAP-a qədər isə qaz hazırda fəaliyyət göstərən və gələcəkdə genişləndiriləcək 700 kilometrlik Cənubi Qafqaz qaz kəməri ilə nəql olunacaq.

"Cənub Qaz Dəhlizi" çərçivəsində yaradılacaq qaz nəqliyyatı infrastrukturunun perspektiv imkanları gələcəkdə Azərbaycanın digər yataqlarından əlavə qaz həcmlərinin Avropa bazarlarına, eləcə də üçüncü ölkələrə ixracını təmin edəcək ki, bu da ölkəmizin ixrac və tranzit potensialının inkişafına öz töhfəsini verəcək.

 

Teqlər:
İtochu, British petroleum, Remko, Penzoil, Exxon, Statoyl, LUKoyl, Yunokal, MakDermott, BP, Amoko, Heydər Əliyev, Azərbaycan

Əsas mövzular