21:29 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
108750

Doğrudanmı, Goetheni İslama ehtirasları gətirmişdi?

BAKI, 28 avq-Sputnik. Bu gün ünlü alman yazarı və filosofu İohann Volfqanq Goethenin (Johann Wolfgang von Goethe) doğum günüdür. O, qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Goethenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Göte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Yaratdığı iki hissədən ibarət ölməz "Faust" dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Götenin digər məşhur əsərlərinə çoxsaylı şeir-poemaları — "Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" adlı məktub-romanı, "Seçmə oxşarlıq" adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar.

Göte alman ədəbiyyatının və XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, "Tufan və Həmlə" (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş verib.

Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Goethe bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərib. Goethe yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilib.

Goethenin doğum günü ilə əlaqədar olaraq, jurnalist Ülkər Abdullayevanın onun haqqında yazdığı məqaləni oxuculara təqdim edirik.

Doğrudanmı, Goetheni İslama ehtirasları gətirmişdi?

Vaxtaşırı dünyaca ünlü şəxslərin İslamı qəbul etdiyi barədə xəbərlər oxuyuruq. Əvvəllər bu cür xəbərlərə ciddi yanaşardıq. Tələbəlik illərində Maykl Ceksonun İslamı qəbul etməsi və məscid tikdirməsi xəbərini eşidib xeyli sevinmişdik. Universitetdə tələbələr Maykl Ceksonun kasetlərini həvəslə bir-birindən alıb qulaq asırdılar. Sonralar onun müsəlman olduğu barədə fikirlər təkzib edildi. Hollivudda da vaxt-vaxt İslam ruzgarlarının əsdiyi barədə fikirləri eşidirik. Deyim ki, Riçard Girdən tutmuş Bred Pittə qədər bir çox ünlülərin Dalay Lamaya pənah apardıqlarına inanıram. Amma nədənsə onların ekzotika xatirinə məhz İslamı qəbul etdiyi az inandırıcıdır. Hələ ən son eşitdiyim Mel Gibsonun müsəlmanlaşması xəbərini də qeyri-ciddi saydım. Adamlar məscid tikməyə, qurban kəsməyə nə vaxtsa pul ayırıblar deyə, onları müsəlman adlandırmaq nə dərəcədə məntiqlidir? Mən də Rusiyada olarkən kilsəyə ianə toplamaq məqsədilə satılan suvenirləri həvəslə alırdım. Bu o deməkdirmi ki, mən xristianlığı qəbul eləmişəm?

Çoxdandır alman şair-dramaturqu Johann Wolfgang von Goethe haqqında eşitdiyim bir rəvayətdən yazmaq istəyirdim. Onun misalında “adam həyatında yalnız bir nəfəri həqiqətən sevə bilər” fəlsəfəsinin necə alt-üst olduğunu qeyd etmək niyyətindəydim. Virtual dünyada Goethenin adına axtarış verəndə, türk dilində Goethe barədə başlıca məlumatların onun İslamı qəbul etməsi barədə olduğunu gördüm. Düşündüm ki, əgər gerçəkdən də Goethe İslamı qəbul edibsə, deməli, onun sevgililərə münasibəti ilə İslama münasibəti arasında bir bağlılıq olub.  

Leypsiqdə eşitdiyim rəvayətə görə, Goethe oxuduğu məktəbdə iki qızı sevirmiş: biri son dərəcə savadlı, ağıllı və çirkin, digəri savadsız, yelbeyin, amma son dərəcə gözəl. İki qızı birdən sevməsinə Goethe özü belə izahat vermişdi: Birini ağlına görə, digərini gözəlliyinə görə sevirəm. Birini beynim, o birini ürəyim istəyir. Bəs hansına daha çox üstünlük verirsən? “Ağıllısına” — deyirmiş Goethe. İndi Leypsiqdə, Goethenin oxuduğu universitetin binasının damının künclərində onun sevgililərinin şərəfinə ucaldılmış heykəllər var. Leypsiqdə şərab və pivə qədəhlərini qaldıranda çox vaxt Goethenin məşhur qəhrəmanı Faustu xatırlayaraq deyirlər: «Faust kimi oxuyanların və Faust kimi sevənlərin sağlığına». Faust öz məsumiyyətinə, sadəlövhlüyünə və bu səbəbdən də aldadıldığına, xoşbəxtliyə qovuşa bilmədiyinə görə almanlar tərəfindən sevgi ilə xatırlanır. Hətta Goethenin qəhrəmanını o qədər əfsanələşdiriblər ki, bir muzey-klubda guya Faustun zamanından qaldığı söylənilən şərab çəlləyini belə saxlayırlar və turistləri bu çəlləkdə Faustun içdiyi şərabdan da nümunə qaldığına inandırmağa çalışırlar.

Faustun dünyada ən az Goethe qədər nüfuzu var. Baxmayaraq ki, Faust bilik uğrunda bütün ömrünü hədər vermiş, lakin bundan heç bir nəticə əldə edə bilməmişdi. Cadugərliyə meyl salmış, ruh çağırmağa başlamış, Mefistofel tərəfindən aldadılmışdı. Baxmayaraq ki, Mefistofel eşq eliksirini Fausta içirdərək qarşısına məsum Marqaritanı çıxartmışdı, hiylə ilə zəhər verib Marqaritanın anasını öldürmüşdü. Marqarita da Faustdan olan uşağını boğmuşdu. Mefistofel Faustu azdıraraq onu Marqaritanın qardaşını öldürməyə məcur etmiş və bunu da günahsız Marqaritanın üstünə atmağa nail olmuşdu. Sonra da Faustun qarşısına yunan gözəli Yelena çıxarılmışdı. Faust yenə də xoşbəxt ola bilməmişdi. Mələklər Mefistofelə Faustun ruhunu ələ keçirtməyə imkan verməmişdilər. Goethe də ona görə sevilir ki, yaşadığı bunca şeydən sonra əsərdə Faustun öz məsumiyyətini itirməsinə imkan verməmişdi.

Almanlar Goethenin  paralel sevdiyi qadınlara işarə edərək zarafatla deyirlər ki, «yəqin Goethenin İslama simpatiyası o dində eyni vaxtda bir neçə qadınla yaxınlığa icazə verilməsilə bağlıdır».  

1995-ci ildə Veymar şəhərində bir qrup tədqiqatçı, başda doktor Əbdulqədir əl-Mürabit olmaqla Goethenin çoxsaylı əsərlərini öyrəndikdən sonra, onun müsəlman olduğunu iddia eləmişdi. Onları Goethenin İslam haqqında dedikləri bu qənaətə gətirmişdi. Goethenin İslama dair başlıca fikirləriu belə idi: — " Allahın doxsan doqquz xüsusiyyətini əks etdirən adlarını zikr etmək üçün müsəlman təsbehindən istifadə etmək öz-özlüyündə elə ibadətdir. Dua eləyən Onun iradəsinə tabe olaraq heyrətə gəlir və rahatlıq tapır."; "…Beləliklə biz İslamda qalmalıyıq (Yəni Allaha tamami ilə tabe olmalıyıq)… Buna daha heçnə əlavə edə bilmərəm", "O, şair deyil, Peyğəmbərdir və Məhəmməd bizə İlahi qanunu – Quranı çatdırdı, insan tərəfindən, əyləncə və ya ümumi təhsilin artırılması üçün yazılan kitabı yox". Əbdulqədir əl-Mürabit Goethenin müsəlman olduğunu iddia edərək yazır: "…Müşriklər ölkəsində yaşadığına baxmayaraq o, tək allahlılığı qəbul etdi, Allahdan başqa bir ilahın olmadığını və Məhəmmədin Onun Rəsulu olduğunu elan etdi. Namaz, oruc, zəkat və həcc barəsində lazımı məlumatı olmasa da, o, özünə bircə dəfə nəsib olan camaat namazında dərin hisslərlə iştirak etdi. Bu və digər əməlləri ilə o özü dininin İslam olduğunu göstərirdi”.

Goethe əslində xristianlıqdan qaynaqlanan könlünü yalnız bir nəfərə vermək, ömür boyu yalnız   bir nəfərə sadiq qalmaq fəlsəfəsini alt-üst etmişdi. Onun xoşbəxtliyi istədiyi zaman könlünə istədiyi insanı yaxın buraxmağı bacarmasında idi. 

Bu sətirlərin müəllifini isə nə Goethenin sevgi fəlsəfəsi, nə də İslama simpatiyası cəlb edir. Əslində Goethenin Faustda ortaya atdığı incə bir məqam var. Dünyanı pisliklərdən qoruya biləcək iki şey – sevgi və bilik Fausta heç nə qazandırmadı. Amma müəllif onun məsumiyyətini qorudu. Çünki Faust öz sevgisi və biliyi ilə Goethenin bir ömür arzuladığı şeyə — xoşbəxtliyə çata bilmədi. Amma Faustun məsumiyyətini ona görə qorudu ki, onun timsalında gözəlliyi və ağılı birləşdirməyə çalışmışdı. Faustda bu alınmadı, lakin Goethe həyatı boyu inandı ki, dünyada bu iki şeyin vəhdətindən daha yaxşı formul tapılmayıb. Nə mutlu həm gözəl, həm də ağıllı olana…

Teqlər:
Götenin əsərləri, Götenin kitabları, Götenin yaradıcılığı, alman filosofu, alman yazarı, Tufan və Həmlə, Seçmə oxşarlıq, Gənc Verterin iztirabları, Vilhelm Meysterin təhsil illəri, Faust poeması, Faust dram-poeması, Volfqanq Goethe, Yohann Volfqanq Göte, Volfqanq Göte, Göte, Almaniya

Əsas mövzular