09:28 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Tarixdə Bu Gün

Milli kinomuza yeni nəfəs gətirmiş sənətkar

Tarixdə Bu Gün
Qısa URL
3310

Görkəmli kinorejissorumuz Tofiq Mehdiqulu oğlu Tağızadə 1998-ci il avqustun 27-də vəfat edib.

BAKI, 27 avq — Sputnik. Görkəmli kinorejissorumuz Tofiq Mehdiqulu oğlu Tağızadə 1998-ci il avqustun 27-də vəfat edib. 

Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. 

Tofiq Tağızadənin özünəməxsus geyim forması olub. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olurdu. 

Tofiq müəllim "Görüş"lə sənətə gəlib. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirib. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə professional kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb.

O zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. Tağızadə tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, ""Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. "Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.

"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.

Tofiq Tağızadə Moskvada, ÜDKİ-də təhsil alıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. Onlar bizim tariximizdir, bizim mənəvi varlığımızdır. T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli "Arşın mal alan" bədii filminin quruluşçu rejissorudur.

"Yeddi oğul istərəm" filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön verib. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır.

"Bağ mövsümü" isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. "O dünyadan salam" filmi də onun son vaxtlar lentə aldığı əsərlərindəndir. Əsasında böyük Mirzə Cəlilin "Ölülər" tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır. 

Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaq.

Teqlər:
O dünyadan salam filmi, Bağ mövsümü filmi, Yeddi oğul istərəm filmi, Mən ki gözəl deyildim filmi, Meksika panaması, Azərbaycanfilm kinostudiyası, Azərbaycanfilm, Tofiq Mehdiqulu oğlu Tağızadə, Tofiq Tağızadə, Azərbaycan

Əsas mövzular