22:25 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
ГКЧП

Tarixi dəyişə bilməyən cəhd - QKÇP

Tarixdə Bu Gün
Qısa URL
36911

Moskvada baş vermiş, SSRİ-ni saxlamağa yönəlik "QKÇP" qiyamının bu gün 24 ili tamam olur.

BAKI, 19 avq — Sputnik. Moskvada baş vermiş, SSRİ-ni saxlamağa yönəlik "QKÇP" qiyamının bu gün 24 ili tamam olur. Düz 24 il öncə — 1991-ci il avqustun 19-da ozamankı SSRİ rəhbərliyindəki mühafizəkar qüvvələr, başda KQB sədri Vladimir Kryuçkov olmaqla, Sovet imperiyasını qoruyub saxlamaq uçun sonuncu inadlı cəhdini elədi.

1991-ci ilin yayında SSRİ-nin ictima-siyasi həyatındakı böhran özünün zirvə həddinə çatmışdı. Yenidənqurma siyasətini elan etmiş Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov prosesləri dalan vəziyyətinə gətirmişdi. "Demokratiya" maşını işə salınmışdı, lakin köhnə kommunist rəhbərliyi hakimiyyəti əldən vermək istəmirdi. Yenidənqurma dalğasında ortaya çıxmış "demokratlar" isə nələrə sahib ola biləcəklərini artıq başa düşərək necə deyərlər, hər şeyə sahib olmaq istəyirdilər. 

Sadə xalqı isə "demokratiya", "aşkarlıq", bir sözlə yeni proseslər əvvəlcə sevindirirdi. Lakin piştaxtalardan malların yoxa çıxması, getdikcə artan "bespredel", yəni hərc-mərclik artıq onları da narahat etməyə başlamışdı. Ölkədə çoxları 1964-cü il hadisələrinin təkrarını, yəni "islahatlar" keçirən Nikita Xryuşşovun hakimiyyətdən devrilməsi hadisəsinin təkrarlanacağını gözləyirdi. 

SSRİ rəhbərliyi faktiki olaraq yerlərdə nüfuzunu tam itirmişdi. Azərbaycanda Dağlıq Qarabağ məsələsindəki birtərəfli ermənipərərst mövqeyinə, qanlı 20 Yanvar hadisələrinə görə sovet rəhbərliyinin nüfuzu qalmamışdı. 20 Yanvardan sonra artıq Azərbaycanda SSRİ-dən çıxmaq məsələsi geniş gündəmə gəlmişdi. Pribaltika respublikaları isə özlərinin SSRİ-dən ayrıldıqlarını elan etmişdilər. Belə ikibaşlı situasiya çox davam edə bilməzdi və etmədi də. 

1991-ci il avqustun 19-da radio və televiziya ilə "Sovet rəhbərliyinin bəyanatı" oxundu. Bəyanatda bildirilirdi ki, Mixail Qorbaçovun xəstəliyi ucbatından onun səlahiyyətləri vitse-prezident və yeni yaradılmış Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (Государственный комитет по чрезвычайному положению — ГКЧП) sədri Gennadi Yanayevə ötürülür. 

QKÇP-yə Yanayevdən başqa SSRİ Müdafiə şurası sədrinin birinci müavini Oleq Baklanov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkov, baş nazir Valentin Pavlov, daxili işlər naziri Boris Puqo, Kəndlilər İttifaqının sədri Vasili Starodubsev, Dövlət müəssisələri assosiasiyasının prezdenti Aleksandr Tizyakov və müdafiə naziri Dmitri Yazov daxil idilər.

Bunun ardınca SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov da QKÇP-ni dəstəklədiyini bəyan etdi. 

Mixail Qorbaçov isə bu zaman Krımda dincəlməkdə idi və rəsmi bəyanata görə ev dustağı edilmişdi. Lakin bu günədək onun bu aksiyada iştirakı barədə suallar qalır. 

Sovet rəhbərliyinin bəyanatında aşağıdakılar qeyd olunurdu: Yenidənqurma dalana dirənib, SSRİ-ni dağıtmaq və hakimiyyəti ələ keçirmək istəyən ekstremist qüvvələr ortaya çıxıblar. DFVK ölkəni böhrandan çıxarmaq əzmindədir. Sovet vətəndaşları isə qısa müddətdə əmək nizam-intizamını bərpa etməli, istehsal səviyyəsini qaldırmalı və ölkənin böhrandan çıxarılması səylərinə hərtərəfli yardım göstərməlidirlər.

Sonra Komitənin bir nömrəli qərarı oxundu. Qərara görə, SSRİ Konstitusiyasına zidd olaraq fəaliyyət göstərən hakimiyyət və idarəetmə struktuları, hərbi birləşmələr buraxılmalı idi, vəziyyətin normallaşmasına mane olan partiya və ictimai birliklərin fəaliyyəti dayandırılırdı, nümayiş və və tətillər qadağan olunurdu, KİV-də senzura tətbiq olunurdu.

Bundan sonra paytaxt Moskvaya qoşun yeridildi. Lakin ordu Moskvada həlledici məntəqələri tutmaqla kifayətləndi. 

QKÇP əleyhinə hərəkata Rusiya prezidenti Boris Yeltsin başçılıq etdi. Onun tərəfdarları Moskvada izdihamlı mitinq təşkil edirlər. 

DTK rəhbərliyi Boris Yeltsini Moskvaya buraxmaqla həlledici səhvini edir. Alfa qrupuna Boris Yeltsinin Moskvaya girişinə mane olmamaq barədə göstərişi DTK sədrinin müavini, Birinci Baş idarənin sədri Leonid Şebarşin verir. Məhz bu şəxsin hərəkətləri QKÇP-nin məğlubiyyətinə səbəb olur. Belə ki, Şebarşin Alfa xüsusi təyinatlılarına Moskvadakı mitinqi dağıtmamaq göstərişini verir və faktiki olaraq antiQKÇP hərəkatına qoşulur.

SSRİ DTK sədrinin müavini Leonid Şebarşin
SSRİ DTK sədrinin müavini Leonid Şebarşin

Avqustun 20-dəki mitinqə uğursuz ordu müadxiləsindən sonra qiyamçıların vəziyyəti daha da çətinləşir. Müdaxilə 3 aksiya iştirakçısının ölümü ilə nəticələnir. 

Üç gün davam edən mitinqdən sonra avqustun 21-də bütün bu aksiya iflasa uğrayır, QKÇP üzvlərinin bəziləri həbs olunur, Boris Puqo isə özünü güllələyir. 

QKÇP qiyamı SSRİ-nin dağılmasını sürətləndirir. Artıq 4 aydan sonra bu dövlət dağılır.

Bu qiyamın Azərbaycan üçün nəticələrinə gəldikdə isə qeyd etmək lazımdır ki, məhz həmin günlər QKÇP-nin qərarına uyğun olaraq və daxili işlər naziri Boris Puqonun əmri ilə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyat başlayır. Mərkəzi televiziyada isə İrəvanda əhalinin əlində odlu silahın çoxalması və buna qarşı tədbir görülməsinin vacibliyi barədə süjet gedir. Dağlıq Qarabağ münaqişəsi başlayandan bu ilk və son bu tipli süjet olur. Təəssüf ki, bütün bu gözəl başlanğıclar QKÇP-nin süqutu ilə dayandırılır. 

SSRİ daxili işlər naziri Boris Puqo
SSRİ daxili işlər naziri Boris Puqo

Qiyam günləri İranda səfərdə olan Azərbaycan prezidenti Ayaz Mütəllibov QKÇP-ni dəstəkləyən bəyanat verir.

Əsas mövzular