BAKI, 10 avq — Sputnik. 1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb.
Rusiya K(b)P-nin Qafqaz Bürosunun qərarına əsasən, həmçinin Azərbaycanın Qarabağ və Zəngəzur bölgələri Ermənistan SSR-lə “mübahisəli ərazilər” elan olunub.
Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı.
1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi. Sonrakı illərdə Qazaxın dağlıq hissəsi – Dilican ərazisi, 1927-ci ildə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə daha aşağı Zəngəzurdan Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verildi.