02:52 04 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
38120

1982-ci il avqustun 6-da Ağaoğlu Səməd Əhmədbəy oğlu (1909-1982) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi vəfat edib.

BAKI, 6 avq — Sputnik. 1982-ci il avqustun 6-da Ağaoğlu Səməd Əhmədbəy oğlu (1909-1982) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi vəfat edib. Görkəmli dövlət xadimimiz Əhməd bəy Ağaoğlunun oğlu olan Səməd Ağaoğlu üç dəfə Böyük Millət Məclisinə deputat seçilib, baş nazirin müavini, dövlət naziri olub.

Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olub. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib. Bu illərdə yaradıcılığa başlayıb, ilk qələm təcrübələrini sınaqdan keçirib. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirib. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışıb, millət vəkili seçilib, nazir vəzifəsini tutub. Siyasi baxışlarına görə bir müddət həbsdə yatıb, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olub.

1960-cı ildə Cəlal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunub, 1964-cü ildə amnistiyaya buraxılıb. Səməd Ağaoğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət edib.

Səməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci illər arasında nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanıb. Bundan əlavə, onun on beşə qədər kitabi çap olunub ki, ("Тanış izlər", "Dostum Menderes", "Sovet Rusiya Imperatorluğu", "İki partiya arasında fərqlər", "Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri", "Qüvveyi-milliyyə ruhu" və s.) bunlar başlıca olaraq ədəbi-tənqid, siyasi-hüquqi araşdırmalar, xatirələr və səyahətnamələrdən ibarətdir.

Səməd Ağaoğlu dəmir pərdənin hökm sürdüyü ən çətin dövrdə — 1967-ci ildə Azərbaycana gəlmiş, "Sovet Rusiya İmperatorluğu" kitabının fəsillərindən birini doğma vətəninə həsr edib.

Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aкtuallıq kəsb edən əsərləri atası Əhməd bəy Ağaoğlu haqqında xatirələridir. "Atamı xatırlarkən" və "Atamın dostları" adlı iki kitabdan ibarət bu xatirələr Türkiyədə nəşr olunub.

Teqlər:
nazir, publisist, yazıçı, amnistiya, Тanış izlər, Dostum Menderes, Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri, Hürriyyət, Strasburq xatirələri, Öyrətmən Qafur, Qatırın ölümü, Hücrədəki adam, Ömürlük həbs cəzası, 27 may dövlət çevrilişi, Türkiyə Böyük Millət Məclisi, Əhməd bəy Ağaoğlu, Cəlal Bayar, Adnan Menderes, Səməd Ağaoğlu, Ankara, Azərbaycan, Strasburq, Fransa, Türkiyə, Bakı

Əsas mövzular