BAKI, 6 avq — Sputnik. 1991-ci il avqustun 6-sı bütün internet istifadəçiləri üçün əlamətdar gündür. Məhz həmin gün ilk internet-server yaradılıb.
WWW (World Wide Web) layihəsi bundan iki il əvvəl Avropa nüvə tədqiqatları laboratoriyasında işləyən britaniyalı alim Tim Berners-Linin ümumdüya kompüter şəbəkəsi yaratmaq barədə fikirləri dərc olunandan sonra fəaliyyətə başlamışdı.
Lakin layihə hərtərəfli olaraq yalnız bir ildən sonra, Berners-Li NeXT kompüteri ilə işləməyə başlayan andan həyata keçməyə başlayıb. Həmin kompüter ilk internet-server, brauzer (internet səhifələrə baxmaq üçün vasitə) və şəbəkə redaktoru olub. Yalnız bundan sonra Berners-Linin ideyalarının həyata keçirilməsi mümkün olub. 1991-ci ildə layihə başa çatdırılaraq təhvil verilib.
Məhz həmin tarix, yəni 1991-ci il avqustun 6-sı ilk internet-serverin yaranması və səhifələr üçün WWW (World Wide Web) standartının təsdiq olunması günü sayılır.