02:08 18 Oktyabr 2017
Canlı yayım
Nüvədi kəndi

Ermənistandakı sonuncu məntəqəmiz

wordpress.com
Tarixdə Bu Gün
Qısa URL
56931

1991-ci il iyulun 11-də erməni silahlı dəstələrinin Ermənistanda azərbaycanlıların sonuncu yaşayış məntəqəsinə - Mehri rayonunun Nüvədi kəndinə basqınları başlayıb.

BAKI, 11 iyul — Sputnik. 1991-ci il iyulun 11-də erməni silahlı dəstələrinin Ermənistanda azərbaycanlıların sonuncu yaşayış məntəqəsinə — Mehri rayonunun Nüvədi kəndinə basqınları başlayıb.

Ermənistan hüquq-mühafizə basqınların qarşısını almaq əvəzinə kənd sakinlərindən Azərbaycanla bütün əlaqələri kəsməyi tələb ediblər. Bu şantajdan bir qədər sonra (avqust) Nüvədi əhalisi deportasiya olundu.

Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.68-69, 142-143). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunub. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilib.

Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

Kəndin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Nüyədə (143, s.179), erməni (415, s.68), rus dilli (309, s.20; 266, s.201) mənbələrdə Nyuvadi formalarında qeyd edilir. Yerli əhali isə kəndə Nüyədi, Nüədi deyirdilər.

Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər (415, s.68-69, 142-143), 1979-cu ildə 1700 nəfər (85, s.175) yalnız azərbaycanlı yaşayıb. 

Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri — azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx (253, s.23, 128, Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, 8, s.231), "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy (8, s.344) sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün (339, s.177; 104, s.139) qoşulması yolu ilə əmələ gəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulub.

Əsas mövzular