02:08 18 Oktyabr 2017
Canlı yayım
Təbrizdə Babın edam olunduğu yer

Növbəti yalançı peyğəmbər

wikipedia.org
Tarixdə Bu Gün
Qısa URL
28810

1850-ci il iyulun 9-da Təbrizdə babilik hərəkatının lideri Seyid Əli Məhəmməd edam edilib.

BAKI, 9 iyul — Sputnik. 1850-ci il iyulun 9-da Təbrizdə babilik hərəkatının lideri Seyid Əli Məhəmməd edam edilib. 

1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir gənc Mehdi Sahib-əz-zaman olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları Müqəddəs Kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi Kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışaraq, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələyib. Bununla belə, Babın ruhani dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur.

Seyid Əli Məhəmməd 20 oktyabr 1819-cu ildə (hicri 1235, məhərrəm ayının 1-i) Şirazda anadan olmuşdu. Valideynlərini erkən yaşlarında itirmiş Seyid Əli Məhəmməd dayılarının himayəsi altında böyümüşdü. Dayısı Seyid Əlini birinci dəfə məktəbə göndərəndə müəllim onu geriyə qaytarır. Müəllimin dediyinə görə, onun öyrətmək istədiyi bütün məsələlərin hamısını uşaq artıq bilirdi. Əli Məhəmməd kitablardan oxumadığı və kimsədən öyrənmədiyi qeyri-adi fitri biliyə malik idi. Bu biliklər ona ən çətin, hətta müəllimlərin bilmədiyi suallara cavab verməkdə köməklik edirdi. Yeniyetmə ikən Əli Məhəmməd dayısının ticarət kontorunda çalışaraq Şiraz və Buşehr limanında onun işləri ilə məşğul olurdu. Seyid Əli Məhəmməd Molla Hüseyn (ona ilk iman gətirən kəs) ilə görüşən vaxt artıq on ilə yaxın idi ki, ticarət ilə məşğul idi. 

1844-cü il mayın 22-də Seyid Əli Məhəmməd öz "missiyasını" Molla Hüseynə elan edir və Bab adını götürür. 

"Ey Mənə birinci iman gətirmiş! Mən, həqiqətən deyirəm, Mən Babam, Mən Allahın qapısıyam!", deyə o Molla Hüseynə müraciət edir.

"Bab" sözü ərəbcə "qapı" mənasını bildirir.

Bununla da Bab özünü "Sülh və Ümümdünya qardaşlığının Yeni Erasının qapısı" kimi təqdim edirdi. 

Bir müddətdən sonra Babın ardıcılları onun təlimini yaymaq üçün ölkənin müxtəlif yerlərinə yola düşürlər. Onların insanlara çatdırdıqları sözlər İranda qeyri-adi həyəcana səbəb olur. Babın şöhrəti isə gündən-günə artır. Bir neçə nüfuzlu din xadimi də Babın ardıcılına çevrilir. Tezliklə bu gəncin söhbəti ildırım sürətilə bütün ölkəyə yayılır və İranda kütləviliyinə görə tarixdə görünməmiş babilər hərəkatını törədir. On minlərlə insan bu hərəkata qoşulur. Bab, yeni təqvim tətbiq edərək, Günəş ilini bərpa edir və Yeni Eranın başlanğıcını özünün zühur etdiyi ildən (1844) qoyur. Babın belə bəyanatları hakim dairələri təşvişə salır və bu, hərəkatı məhv etməkdən ötrü göstərilən cəhdlərin getdikcə daha amansız xarakter almasına gətirib çıxarır. 

İranın hər yerində babilərə qarşı qızğın təqib dalğası baş qaldırır. Babın özü isə tutularaq ev dustağı edilir. İğtişaşların səbəbini təhqiq etmək məqsədi ilə İran şahı şəxsən etibar etdiyi Vahid ləqəbli Seyid Yəhya Darabini — kifayət qədər yüksək təhsilə malik, hörmətli və nüfuzlu din xadimini ölkənin cənubuna göndərir. Bab ilə olan üç görüşdən sonra Vahid onun ən sədaqətli ardıcılına çevrilir və onun təlimini yaymağa başlayır. Hadisələrin gedişində bu cür dönüş Şahın baş vəzirini çox qorxudur və o Şahın Bab ilə gözlənilən görüşünün hökmdara arzuedilməz təsirindən ehtiyatlanmağa başlayır. Baş vəzir Babın ölkənin şimal sərhəddi yaxınlığındakı Maku həbsxanasına salınmasına nail olur. Hadisələr daha çox 3 şəhərdə özünün kulminasiya səviyyəsinə çatır: Mazandaran vilayətində Barfuruş şəhəri yaxınlığında, Neyrizdə və son olaraq Zəncanda. Molla Hüseyn və Quddus Xorasandan qara bayraqlar qaldıraraq Barfuruşa gəlirlər, yolüstü çoxlu sayda insanlar Babın dəvətini qəbul edir və onlara qoşulur. Barfuruş camaatının onlara hücum etməsi nəticəsində məcbur qalaraq Şeyx Təbərsi məqbərəsində qala tikmək məcburiyyətində qalırlar və özlərini müdafiə etməklə məşğul olurlar. Döyüşlər nəticəsində bu şəxslər həlak olurlar.

İranın hakim dairələri bu təlimi bidətçi adlandıraraq kökünü birdəfəlik kəsmək məqsədi ilə Babı edam etmək qərarına gəlirlər. 

Bab 1850-ci il iyulun 9-da Təbrizdə edam olunur. 

Seyid olduğu üçün müsəlman əsgərlərinin Baba güllə atmayacağından ehtiyat edən hökümət meydana erməni polkunu gətirdir. Bab və şagirdini divara bağlayırlar və erməni polkunun əsgərləri atəş açır. 

Bab və bir nəfər ardıcılının cəsədləri şəhər divarlarının bayırına atılır. Lakin babilər həmin gecə cəsədləri götürüb etibarlı yerdə gizlədirlər. Cəsədlər 40 il İranın müxtəlif yerlərində gizli saxlandıqdan sonra, məxfi yollarla Fələstinə gətirilərək, Kərmil dağının ətəyində dəfn olunur.

Babilik hərəkatını isə tam məhv etmək mümkün olmur. Bu hərəkatın bir çox nümayəndələri sonralar bəhailik təliminin yayılmasında fəal iştirak edirlər.

Əsas mövzular