UEFA tarixləri müəyyən etdi: Azərbaycan və Türkiyə yığmaları nə vaxt oynayacaq?

© AFP 2023 / OSMAN KARIMOVМатч между сборными Азербайджана и Турции, фото из архива
Матч между сборными Азербайджана и Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Futbol Assosiasiyaları İttifaqı AVRO-2020-nin Bakı Olimpiya Stadionunda oynayacaq "A" qrupu komandalarının yoldaşlıq görüşlərinin vaxtını açıqlayıb.

BAKI, 19 fevral — Sputnik, Teymur Tuşiyev. Türkiyə yığması 2020-ci il futbol üzrə Avropa çempionatı ərəfəsində, mayın 26-da Bakıda Azərbaycan yığması ilə oynayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UEFA-nın saytında bildirilir.

Avropa Futbol Assosiasiyaları İttifaqı AVRO-2020-nin final mərhələsinin iştirakçılarının yoldaşlıq görüşlərinin, eyni zamanda qrup mərhələsi matçlarını Bakıda keçirəcək "A" qrupu komandalarının oyun tarixlərini açıqlayıb.

Açıqlanan oyun cədvəlinə əsasən Türkiyə və Azərbaycan yığmaları mayın 26-da Antalyada görüşəcəklər.

Ümumilikdə Türkiyə komandası AVRO-2020 ərəfəsində dörd yoldaşlıq görüşü keçirəcək. Şenol Günəşin yetirmələri Azərbaycan komandası ilə yanaşı, Sloveniya (27 mart, Lyublyana), Avstriya (30 mart) və Xorvatiya (1 iyun, Osiyek) yığmaları ilə də görüşəcək.

Daha əvvəl belə bir məlumat verilmişdi ki, Azərbaycan yığması AVRO-2020-nin daha bir iştirakçısı - Uels yığma komandası ilə də oynayacaq. Lakin uelslilər digər rəqiblərlə oyuna üstünlük veriblər. Onlar Avstriya (27 mart, Suonsi) və ABŞ (30 mart, Kardiff) yığmaları ilə görüş keçirəcəklər.

İsveçrə komandası da Türkiyə yığması kimi, Bakıya gəlməzdən qabaq dörd yoldaşlıq görüşü keçirəcək. İsveçrəlilər Xorvatiya (26 mart, Doha), Belçika (30 mart, Doha), Almaniya (31 may, Bazel) və Lixtenşteyn (4 iyun, Vyana) yığmaları ilə görüşəcəklər.

"A" qrupuna daxil olan İtaliya yığması qrup mərhələsində bütün matçları evdə keçirəcək. Onun yoldaşlıq görüşü keçirəcəyi komandalar isə İngiltərə (27 mart, London), Almaniya (31 mart, Nürnberq), San-Marino (29 may, Kalyari) və Çexiyadır (4 iyun, Bolonya).

Azərbaycan yığmasına gəlincə, milli komanda türklərlə yanaşı, iki yoldaşlıq görüşü keçirəcək - Lixtenşteyn (26 mart) və Malta yığmaları ilə. Hər iki matç Maltada keçiriləcək.

Xatırladaq ki, AVRO-2020 çərçivəsində Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç matçını qəbul edəcək. Bu oyunlar Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun) və Türkiyə-İsveçrə (21 iyun) yığmaları arasında keçiriləcək. Eyni zamanda iyulun 4-nə təyin olunmuş dörddəbir final matçı da Bakıda olacaq.

Xəbər lenti
0