AVRO-1984: Platini adına çempionat

© AFP 2023 / STAFFМишель Платини атакует ворота испанцев в финале ЕВРО-1984
Мишель Платини атакует ворота испанцев в финале ЕВРО-1984 - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Məmmədov-Paşabəyli Köhnə Dünyanın çempionatları tarixində ən maraqlı turnirlərdən biri olmuş AVRO-1984-ü xatırlayır.

Əvvəlki dörd ilin açıq-aşkar uğursuzluqlarına baxmayaraq, 1980-1984-cü illər sovet futbolu üçün olduqca optimist başladı. SSRİ çempionatında üç komanda dominantlıq edirdi. Valeri Lobanovskinin Kiyev “Dinamo”su ümumittifaq çempionatında qələbələr qazanırdı, Nodar Axalkatsi Tbilisi “Dinamo"sunu dünya səviyyəli kluba çevirə bilmişdi, milli komandanın baş məşqçisi Konstantin Beskov isə heyətində Rinat Dasayevin, Vaqiz Xidiyatulinin və Fyodor Çerenkovun parladığı Moskva “Spartak”ında çox məhsuldar iş görürdü.

SSRİ millisinin 1982-ci ildə İspaniyada keçirilmiş Dünya Çempionatının seçmə mərhələsindəki inamlı oyunu çoxmilyonlu sovet azarkeşlərinə daha da nikbinlik gətirdi. Beskovun başçılığı altında sovet komandası parlaq və ən əsası sabit oyun nümayiş etdirərək qeyd-şərtsiz olaraq dünya çempionatında oynamaq hüququnu qazanmışdı. Bundan başqa, gürcüstanlı top sehrbazları 1981-ci ildə Kuboklar Kubokunu qazanaraq sovet futbolunun yüksəlişdə olduğunu sübut etmişdilər. Özü də necə!

Игровой момент матча сборных Франции и Чехословакии - Sputnik Azərbaycan
AVRO-1976: sensasiyalar çempionatı

“Vest Hem Yunayted”lə dörddəbir final matçında Tbilisi “Dinamo”sunun futbolun yaradıcıları ilə etdiklərini heç vaxt unutmayacam. David Kipiani, Vitali Daraseliya, Ramaz Şengeliya, Aleksandr Çivadze və yoldaşları ingilisləri doğma Londonda tam mənasında parçaladılar.

Kipiani nə edirdi! O, Britaniya futbolunun nümayəndələrini sanki lağa qoymuşdu! Bu futbol sehrbazı yerində dayanaraq topla jonqlyorluq edirdi, “Vest Hem”in ustad oyunçuları isə fərasətsiz uşaqlar kimi onun ətrafına qaçışırdılar və topu ondan ala bilmirdilər. Həmin oyunda “Dinamo” 4:1 hesabı ilə qalib gələrək sovet futbolunun gücünü göstərdi. Yarımfinalda Niderlandın “Feyenoord” komandası məğlub edildi, həlledici görüşdə isə Tbilisi “Dinamo”su Almaniyanın “Karl Seyss” klubunun öhdəsindən gəldi.

Lakin Tbilisi “Dinamo”sunun uğurları və daxili çempionatda onların kiyevli yoldaşlarının üstünlüyü, SSRİ millisinin və Moskva “Spartak”ının məşqçisi Beskova bir sıra çətinliklər gətirdi. Ukraynadan və Gürcüstandan olan oyunçular tez-tez millinin təlim-məşq toplanışlarına gecikirdilər; klubların onları toplanışlara istəksiz buraxdıqları bəlli idi. Belə bir vəziyyətdə Beskov Lobanovski və Axalkatsinin komandaya məsləhətçi qismində cəlb edilməsi xahişi ilə ölkənin idman rəhbərliyinə müraciət etdi. Seçmə mərhələnin uğurla keçmiş son oyunları bu addımın doğru olduğunu göstərdi.

© Sputnik / Mediabanka keçid1981-ci ildə UEFA Kuboklar Kubokunun qalibi olan Tbilisi "Dinamo"su
AVRO-1984: Platini adına çempionat - Sputnik Azərbaycan
1981-ci ildə UEFA Kuboklar Kubokunun qalibi olan Tbilisi "Dinamo"su

Seçmə mərhələnin oyunları başa çatdıqdan sonra Beskov ölkənin idman rəhbərliyinə artıq digər mütəxəssislərin köməyinə ehtiyac duymadığını bildirdi. Əvvəlcə onunla razılaşdılar – Beskov Gennadi Loqofet və Vladimir Fedotovun köməyinə arxalanaraq komandaya rəhbərlik etməli idi. Lakin İspaniya mundialı başlamazdan bir qədər əvvəl Beskovu baş məşqçi vəzifəsində saxlamaq, eləcə də Lobanovski ilə Axalkatsini komandada yuxarı vəzifələrə təyin etmək qərara alındı. Fedotov və Loqofet isə yeni heyətin adi üzvlərinə çevrildilər.

SSRİ millisi parlaq oyunçulardan qurulmuşdu, əla məşq keçmişdi və dünya çempionatında ən yüksək vəzifələrin öhdəsindən gələ bilərdi. Qrupdakı ilk matçda çox güclü Braziliyaya məğlubiyyət (1:2) sovet komandasını müşayiət edən idman funksionerləri tərəfindən həyəcan siqnalı kimi qəbul edildi. Bundan sonra Beskov rəsmi olaraq baş məşqçi qalsa da, faktiki olaraq komandanın rəhbərliyindən uzaqlaşdırıldı. Məşqçilik öhdəlikləri Lobanovskiyə verildi.

Yeni Zelandiya üzərində qələbə (3:0) və Şotlandiya ilə heç-heçə (2:2) SSRİ millisini növbəti mərhələyə yüksəltdi. Burada komandalar dörd qrupa bölünürdü, hər qrupda isə üç yığma var idi.

SSRİ yığmasının rəqibləri Polşa və Belçika milli komandaları idi. Bu iki yığmanın bir-biri ilə qarşılaşması 3:0 hesabı ilə polyaklar xeyrinə başa çatmışdı. Sovet futbolçuları da belçikalılarla oyunda qələbə qazanmışdılar (1:0) və yarımfinala vəsiqənin taleyi SSRİ-Polşa oyununda həll olunmalı idi. Belə ki, bu oyunda sovet komandasına yalnız qələbə lazım idi.

Polyaklarla matç sovet komandasının tarixində ən zəif oyunlardan biri oldu. SSRİ yığmasına qələbə lazım olmasına baxmayaraq meydana müdafiəyə yönümlü heyət buraxılmışdı. Məşqçilər heyətinin bu qərarı nəticəsində sovet futbolçuları rəqibə demək olar ki, təhlükə yaratmadılar və yalnız qolsuz heç-heçəyə nail oldular. Bu isə SSRİ komandasının bütün istəklərinin və azarkeşlərinin ümidlərinin üzərindən xətt çəkdi.

Buna baxmayaraq, İspaniyadakı Dünya Çempionatı tarixdə ən möhtəşəm turnirlərindən biri olaraq qaldı. Fransa-Almaniya yarımfinalı isə azarkeşlər üçün unudulmaz futbol bayramına çevrildi. Bu matçı möhtəşəmliyi və gərginliyi baxımından yəqin ki, yalnız 1970-ci ilin Dünya Çempionatında İtaliya-Almaniya yarımfinalı ilə müqayisə etmək olar.

İki Mişelin – baş məşqçi İdalqonun və komandanın lideri Platininin başçılıq etdiyi parlaq Fransa yığması əla futbol nümayiş etdirdi, lakin “alman maşını”nın bəxti daha çox gətirdi. Uli Ştilikenin penaltilər seriyasında uğursuzluğundan sonra düşdüyü isteriya vəziyyətini hələ də unutmaq mümkün deyil. Qapıçı Harald Şumaxer onu sakitləşdirməyə çalışırdı və sonra özü fransız hücumçu Didye Siksin zərbəsini ustalıqla dəf etdi. Sonra isə Maksim Bossi səhvə yol verdi və almanlar finala yüksəldilər.

Bu mundialı “Paolo Rossi turniri” də adlandırmaq olar – möhtəşəm oyun nümayiş etdirən italiyalı demək olar ki, hər matçda qol vururdu. Elə italiyalılar finalda almanları məğlub edərək tarixlərində üçüncü dəfə dünya çempionu oldular.

Dünya Çempionatından sonra Lobanovski rəsmi olaraq SSRİ milli komandasının baş məşqçisi təyin edildi və bu vəzifədə Beskovu əvəz etdi. Fikrimcə, Lobanovski əla məşqçi idi. Lakin onun da öz zəif tərəfləri var idi. Lobanovskinin komandası hücum futbolu oynayanda hər şey əla görünürdü. Lakin komanda nəticəni saxlamaq üçün oynayanda ən vacib məqamlarda hər şey məşqçinin gözləmədiyi kimi gedirdi.

Buna baxmayaraq, Lobanovski praqmatizmdən əl çəkmirdi və oyunçulardan da praqmatik oyun tələb edirdi. Bu isə nəticədə ona, milli komandaya və azarkeşlərə baha başa gəldi.

AVRO-1984-ün seçmə mərhələsinin əvvəlində SSRİ komandası parlaq oyun nümayiş etdirirdi. Finlər məğlub edilmişdi, sonra isə Lobanovskinin komandası Portuqaliya millisini 5:0 hesabı ilə darmadağın edərək tarixində ən parlaq qələbələrindən birini qazanmışdı. Avropa Çempionatının finalına gedən yolda sovet yığmasının əsas rəqibi DÇ-82-nin bürünc medalçıları polyakların olacağı düşünülürdü, lakin hər şey fərqli oldu.

© AFP 2023 / STAFFFransa millisinin kapitanı futbol üzrə Avropa kubokunu başı üzərinə qaldırır, 27 iyun 1984
AVRO-1984: Platini adına çempionat - Sputnik Azərbaycan
Fransa millisinin kapitanı futbol üzrə Avropa kubokunu başı üzərinə qaldırır, 27 iyun 1984

Polyakların meydanında baş tutmuş oyunda sovet millisi 1:1 hesablı heç-heçəyə nail olmuşdu və inamla məqsədinə doğru irəliləyirdi. Lakin Moskvadakı biabırçı məğlubiyyətdən sonra özünə gəlməyə başlayan portuqaliyalılar da xal toplayırdılar və SSRİ yığmasının əsas rəqibinə çevrilmişdilər. Polyakların evdə Portuqaliyaya məğlubiyyətindən sonra, SSRİ millisinə Avropa Çempionatına getmək üçün Lissabonda məğlub olmamaq lazım idi.

Lobanovski heç-heçəyə üstünlük verdi və start heyətinə beş müdafiəçini daxil etdi. Bundan başqa yarımmüdafiəçilər öz qapılarına yaxın oynayırdılar. Lakin ilk hissənin sonunda SSRİ yığmasının qapısına penalti təyin olundu. Qeyd edim ki, penalti haqsız yerə təyin olunmuşdu, çünki portuqaliyalı oyunçu cərimə meydançasından kənarda yıxılmışdı. Lakin fransız hakim yenə də penaltiyə işarə etdi. Həmin dövrdə “VAR” sistemindən heç bir söz getmirdi, buna görə də videoyazıdan istifadə edərək hakimin qərarının düzgünlüyünü yoxlamaq mümkün deyildi.

Sovet millisinin qapıçısı Rinat Dasayev portuqaliyalı Rui Jordaunun zərbəsini dəf edə bilmədi və komandalar fasiləyə ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yollandılar. Qarşıdakı ikinci hissədə sovet futbolçularının məğlubiyyətdən qaçmaq şansı var idi, amma azarkeşlərin ümidləri puç oldu. Milli solğun oynadı (SSRİ komandası DÇ-82-də polyaklarla matçda da oxşar tərzdə çıxış etmişdi) və nəticəni dəyişə bilmədi. Beləliklə, solğun oyun, məşqçinin səhv qərarı və hakim səhvi üzündən SSRİ millisi Fransada keçirilən ən möhtəşəm Avropa çempionatlarından birinə gedə bilmədi. Sovet azarkeşləri üçün zəif təsəlli o idi ki, AVRO-84-ün final turuna üçqat dünya çempionu İtaliya və futbolun baniləri hesab edilən ingilislər də keçə bilmədilər.

Сборные СССР и Венгрии перед началом четвертьфинального матча чемпионата Европы по футболу 1968 года - Sputnik Azərbaycan
Qələbənin qiyməti – 10 frank: SSRİ yığması "AVRO-1968"-də finaldan necə məhrum oldu

Əvvəlki məqaləmdə qeyd etdiyim kimi, AVRO-1980 olduqca darıxdırıcı keçdi və bütün dünya üzrə futbol azarkeşləri ümid edirdilər ki, Fransadakı Avropa Çempionatı möhtəşəm olacaq. Ümidlər gerçəkləşdi.

Qeyd edək ki, AVRO-1984-də üçüncü yer uğrunda matç ləğv edilmişdi. Səkkiz komanda iki qrupa bölünmüşdü və ən yaxşı iki komanda yarımfinala yüksəlirdi. “A” qrupunda Fransa, Danimarka, Belçika və Yuqoslaviya komandaları, “B” qrupunda isə İspaniya, Portuqaliya, Almaniya və Rumıniya komandaları yer almışdı.

Avropa çempionu almanlar öz qruplarında ilk yer uğrunda mübarizədə favorit idilər. Lakin hər şey fərqli oldu. İspanlarla gərgin matçda Almaniya millisi final fitinə bir neçə saniyə qalmış qapılarından top buraxdılar və pley-offdan kənarda qaldılar. Beləliklə “alman maşını” yolu yalnız “Qırmızı Furiya”ya deyil, həm də Portuqaliya millisinə verdi.

“A” qrupunda gözlənildiyi kimi turnirin ev sahibləri fransızlar əla oyun nümayiş etdirirdilər. Lakin gözlənilmədən Danimarka komandası özünü mükəmməl göstərdi. İdalqo və Platininin komandasına ilk matçda uduzduqdan sonra danimarkalılar möhtəşəm oyun nümayiş etdirərək yuqoslaviyalıları (5:0) və belçikalıları (3:2) məğlubiyyətə uğratdılar. Skandinaviyalı futbolçular oyunları ilə haqlı olaraq yarımfinala və Köhnə Dünyanın ən yaxşı komandalarından biri adına sahib oldular. Danimarkalıların seçmə mərhələdə ingilisləri əfsanəvi “Uembli” stadionunda məğlub edərək onların Avropa Çempionatına gedən yolunu bağlamasını nəzərə alsaq, bu, ad çox layiqli idi.

© AFP 2023 / STRINGERFutbol üzrə Fransa millisi Avro-1984 çərçivəsində Danimarka yığmasına qarşı, 12 iyun 1984
AVRO-1984: Platini adına çempionat - Sputnik Azərbaycan
Futbol üzrə Fransa millisi Avro-1984 çərçivəsində Danimarka yığmasına qarşı, 12 iyun 1984

Yuxarıda qeyd etdiyim kimi, AVRO-1980-dan fərqli olaraq, Fransada birbaşa yarımfinallar oynanılırdı: qarşılaşmalar “A” qrupunun birinci komandası və “B” qrupunun ikinci komandası arasında və əksinə aparılırdı. Parlaq oyunu ilə azarkeşlərin rəğbətini qazanmış Danimarka komandası ispanlarla qarşılaşırdı. Artıq 7-ci dəqiqədə danimarkalılar Sören Lerbünün səyləri ilə hesabı açdılar və Antonio Maseda cavab qolunu vurana qədər üstünlüyü düz bir saat saxladılar. Final fitinə qalan vaxtda komandalar hesabı dəyişə bilmədilər. Əlavə iki hissə də qolsuz başa çatdı. Penaltilər seriyasında ilk dörd cütlük şansı əldən vermədi. Danimarkalılardan böyük hücumçu Preben Elkyar penalti zərbəsini beşinci vurmalı idi. Lakin o şansını reallaşdıra bilmədi, ispaniyalı Manuel Sarabiya isə dəqiq oynadı.

Beləliklə, İspaniya millisi finala yüksəldi, lakin AVRO-da almaniyalı Zepp Piontekin rəhbərlik etdiyi Danimarka komandası özündən sonra ən gözəl xatirələr qoydu. O vaxtdan bəri beynəlxalq turnirlərdə danimarkalılar ciddi qəbul edilir.

İkinci yarımfinal oyununda turnirin ev sahibi olan fransızlar SSRİ millisini məğlub etmiş portuqaliyalılarla qarşılaşırdı. Qonaqlar çox səliqəli və yaxşı oynayırdılar. Onlar hətta Mişel Platininin oyununu müəyyən dərəcədə məhdudlaşdıra bilmişdilər. Böyük fransalı futbolçu AVRO-1984-də dispetçer kimi çıxış edirdi, lakin həm də komandasının əsas qol vuran oyunçusu idi.

Футбол. Чемпионат Европы - 2016. Матч Польша - Португалия - Sputnik Azərbaycan
AVRO-da penalti seriyaları

İlk hissənin ortalarında Portuqaliya millisinin qapısına sərbəst zərbə təyin edildi. Şübhə yox idi ki, turnirdə artıq iki dəfə belə vuruşlardan fərqlənmiş Platini bu cərimə zərbəsini də vuracaq. Portuqaliyalılar divar qurdular. Bir qrup fransalı oyunçu isə topun ətrafında toplaşıb sərbəst vuruşu yerinə yetirmək cəhdini təqlid edərək rəqibi çaşdırmağa və diqqəti kapitanlarından yayındırmağa çalışdı. Budur – zərbə və qol!

Lakin portuqaliyalıların qurduğu səddən yan keçərək qapı dirəyinə dəyib qapıya daxil olmuş topa zərbəni böyük Platini yox, “təqlidçilərdən” biri – müdafiəçi Jan-Fransua Domerq vurmuşdu. Hiylə baş tutdu! Qoldan sonra fransızlar müdafiədə oturmadılar, əksinə hücumlara davam etdilər. Lakin ikinci hissənin ortalarında meydan sahiblərinin qapıçısı Joel Bat çıxışda səhvə yol verdi. Rui Jordau (seçmə mərhələ matçında Dasayevə penalti vuran həmin oyunçu) isə topu başı ilə tora göndərdi. Hakimin ikinci 45 dəqiqənin bitməsinə dair işarə verməsinə qədər hesab dəyişmədi. Əlavə vaxtda Jordaunun dəqiq zərbəsi sayəsində portuqaliyalılar gözlənilmədən irəli çıxdılar. Dünya Çempionatında iki il əvvəl olduğu kimi AVRO-nun yarımfinalında da məğlubiyyət qorxusu Marseldəki stadiona sükut çökdürdü. Lakin öz meydanında təslim olmaq təhqiredici olardı.

Fransızlar irəli atıldılar. Hücum dalğaları bir-birinin ardınca gəlirdi. Epizodların birində Fransa millisinin lideri Platini ötürməni qəbul etməyərək, topu Domerqə buraxdı, o isə dublu ilə bərabərliyi bərpa etdi.

Hər şey elə oldu ki, qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac duyuldu. Fransızlar hələ DÇ-1982-nin yarımfinalındakı dramatik hadisələri unutmamışdılar, buna görə də məsələni penaltilər seriyasına gətirməmək üçün mümkün olan hər bir şeyi etməyə çalışırdılar. Əlavə vaxtın bitməsinə bir dəqiqədən az vaxt qalmış böyük Platini öz sözünü dedi! Rəqib qapısı qarşısında yaranmış qarışıqlıqda Platini topu dəqiq zərbə ilə qapıya göndərməyi bacardı və komandasını finala çıxardı. Çox parlaq və yaddaqalan bir matç idi!

Lakin eyni sözləri final haqqında demək olmaz. İspanlar fransızların hücumlarını məharətlə dağıdaraq onlara texniki futbol nümayiş etdirməyə imkan vermədilər. Lakin “üç rənglilər” yenə də sərbəst vuruşu dəqiq yerinə yetirmiş Platininin sayəsində xilas oldular. Görüşün ən sonunda ispanlar nəyin bahasına olursa-olsun hesabı bərabərləşdirməyə çalışarkən Bruno Bellon sürətli əks hücumda matçın ikinci və son qolunu vurdu.

Finalda 2:0 hesabı ilə qalib gəlmiş Fransa layiqincə Avropa çempionu oldu. Fransalı parlaq məşqçi Mişel İdalqonun yetişdirdiyi və böyük Mişel Platininin liderlik etdiyi möhtəşəm komanda nəhayət əvvəlki uğursuzluqlarını geridə qoydu.

© AFP 2023 / STAFFFransa millisinin baş məşqçisi Mişel İdalqo Avro-1984-ün kubokunu başı üzərinə qaldırır, 27 iyun 1984
AVRO-1984: Platini adına çempionat - Sputnik Azərbaycan
Fransa millisinin baş məşqçisi Mişel İdalqo Avro-1984-ün kubokunu başı üzərinə qaldırır, 27 iyun 1984

Platini turniri fenomenal keçirdi: AVRO-1984-ün beş matçında rəqiblərin qapılarına doqquz qol vurdu! Təəccüblü deyil ki, “France Football” jurnalı məhz onu Avropada ilin ən yaxşı futbolçusu kimi tanıdı. Köhnə Dünyanın parlaq və möhtəşəm çempionatı dünyadakı futbol azarkeşlərinə əsl zövq verərək Avropa komandalarının səviyyəsinin nə qədər yüksək olduğunu əyani şəkildə göstərdi.

SSRİ millisinə gəlincə: komandanın AVRO-1984-ə vəsiqə qazana bilməməsi Lobanovskinin baş məşqçi vəzifəsindən istefası və hətta “Dinamo Kiyev”dəki işindən ayrılması ilə nəticələndi. Onsuz klub ümumittifaq çempionatının cədvəlində orta sıralara düşdü, buna görə də Ukrayna SSR-nin yüksək rəhbərliyi təcili olaraq Lobanovskini məşqçi vəzifəsinə qaytarmağa məcbur oldu. “Dinamo”da Lobanovski tezliklə böyük qələbələr qazanacaq daha bir super komanda yığır və yenidən Sovet İttifaqının komandasına dəvət olunur. Ancaq bu barədə növbəti məqaləmdə.

Fuad Məmmədov-Paşabəyli

Xəbər lenti
0