03:17 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
İQTİSADİYYAT
Qısa URL
20 0 0

Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə asan, operativ şəkildə əvəzləşdirilməsinə görə qaydalar təsdiqlənib.

BAKI, 18 avqust — Sputnik. Dövlət Vergi Xidməti Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işləri davam etdirir.

Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, mövcud nəzarət-kassa aparatlarını Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-lar ilə əvəz edən vergi ödəyicilərinin həmin aparatların quraşdırılmasına çəkilən xərclərinin dəyəri Prezident tərəfindən təsdiq olunmuş həddə NKA quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Vergi ödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkdiyi xərclərin vergi öhdəlikləri ilə asan, operativ və şəffaf şəkildə əvəzləşdirilməsi, bununla bağlı vahid yanaşmanın təmin edilməsi məqsədilə Vergi Xidməti tərəfindən müvafiq qaydalar təsdiqlənib.

Qaydalara əsasən, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var. Vergi ödəyiciləri NKA-nı əvəz etdikdən sonra, onun quraşdırılmasına çəkilən xərclərin dəyərinin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün müvafiq ərizə formasını dolduraraq qeydiyyatda olduqları vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidirlər. Ərizə NKA-nın əvəz edildiyi tarixdən 3 il ərzində təqdim oluna bilər. Vergi ödəyicisinin ərizəsinə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.

Vergi ödəyiciləri təqdim etdikləri ərizədə məlumatların düzgün doldurulmamasına görə məsuliyyət daşıyırlar. Ərizədə məlumatlarında uyğunsuzluq aşkar edildikdə NKA-nın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergi ödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.

NKA 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırılsa da, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, eyni zamanda, həmin meyarlara cavab verməsinə baxmayaraq, əvvəllər istifadədə olan NKA-nı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Sahibkarlıq subyektlərində rəqəmsal nəzarət sisteminin qurulmasına imkan verən bu avadanlıq hesablaşmalar haqqında məlumatı vergi orqanlarına real vaxt rejimində çatdırmaq imkanına malikdir. Sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizmi yaradan yeni nəsil NKA-ların 2022-ci ilin sonunadək bütün ölkədə tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ölkə üzrə 43 minə yaxın yeni nəsil NKA quraşdırılıb.

Eləcə də oxuyun:

Teqlər:
kassa, vergi

Əsas mövzular