CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taxıl sahəsinin yanğından sığortalanması tarifləri

© AFP 2023 / MENAHEM KAHANAПожар на пшеничном поле, фото из архива
Пожар на пшеничном поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.

Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a bildiriblər ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər.

Aqrar sığorta tariflərinə əsasən, 1 hektar taxıl (buğda-arpa) sahəsinin yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı belədir: Qarabağda 10 manat, Şəki-Zaqatalada 16-17 manat, Lənkəran regionunda 7 manat, Dağlıq Şirvan bölgəsində 11-12 manat, Aran rayonlarında 8 manat, Quba-Xaçmaz bölgəsində 7 manat, Gəncə-Qazax zonasında 24-25 manat, Abşeron bölgəsində 7 manat.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.

Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.

Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.

Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0