06:32 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
İQTİSADİYYAT
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (93)
332 0 0

OPEC+ nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb. Həmin iclasda OPEC+ ölkələri avqust ayında istehsalın hansı həcmdə artırılmasını müzakirə etməli idi. Ekspert neft bazarında baş verənlərə münasibət bildirib.

BAKI, 8 iyul — Sputnik. OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (OPEC+) nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb. Həmin iclasda OPEC+ ölkələri avqust ayında istehsalın hansı həcmdə artırılmasını müzakirə etməli idi. İyulun 1-də OPEC+ nazirlərinin toplantısı olub, lakin fikir ayrılıqları səbəbindən neft hasilatına dair qərar qəbul edilməyib və iclas təxirə salınıb. İclasda Birləşmiş Ərəb Əmirlikləri özü üçün daha yaxşı şərtlər istəyib. Bu da digər ölkələr tərəfindən müsbət qarşılanmayıb.

Qeyd edək ki, ötən ay keçirilən OPEC+ nazirlərinin 17-ci görüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Razılaşma olmasa belə, keçmiş anlaşma qüvvədə qalacaq

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, hazırda OPEC-də məsələyə fərqli yanaşmalar var: "Bir yanaşma ondan ibarətdir ki, köhnə plana uyğun olaraq hər ay ilin sonunadək hasilat 400 min barel artırılsın. Bu, o deməkdir ki, ilin sonunadək gündəlik hasilat indiki səviyyədən 2 milyon barel çox olacaq. Amma burada hasilatın 700 min barel artırılması ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təklifi də var. Əgər hasilat 700 min barel artırılarsa, ilin sonunadək gündəlik hasilatın 3,1-3,2 milyon barel artması nəzərdə tutulacaq. Fərqli yanaşmalara görə, razılıq əldə edilməyib. Yəqin, bu həftənin 5-ci və ya 6-cı günləri razılığın əldə edilməsi gözlənilir. Ola bilər, hasilat nəzərdə tutulandan daha çox artırılsın və bu da bazarlarda qiymətlərə təsir edəcək. Hələlik gözlənti ondan ibarətdir ki, razılaşma olmasa belə, keçmiş anlaşma qüvvədə qalacaq. Yəni hər ay ilin sonunadək cəmi 400 min barel hasilatın artırılması baş verəcək".

OPEC ölkələri də anlayırlar ki, uzun müddət süni şəkildə qiyməti yüksək saxlamaq mümkün olmayacaq

Ekspert bildirib ki, bazarda neft qiymətlərinin artımını müşahidə edirik: "Neftin qiyməti 2018-ci ildən bəri yenidən 78 dollar səviyyəsini test edib. Amma OPEC ölkələri də anlayırlar ki, uzun müddət süni şəkildə qiyməti yüksək saxlamaq mümkün olmayacaq. Əgər bu həftənin sonunda hasilatın daha çox artırılması qərarı verilsə, neft qiymətləri yenidən 60-70 dollara enə bilər. Başqa sözlə, 10 dollara yaxın ucuzlaşma gözlənilir. Yox, əgər razılaşma indiki səviyyədə qalsa, yəni, Birləşmiş Ərəb Əmirliklərinin təklif qəbul edilməsə, o zaman qiymət 80 dollardan yuxarı qalxa bilər. Amma sonradan növbəti ucuzlaşma dalğasının gəlməsi ehtimalı da yüksəkdir. Burada ABŞ amili də var. Belə kİ, ABŞ dünyada ən böyük neft istehsalçılarından biridir, həmçinin böyük neft ehtiyatlarına malikdir. Əgər ABŞ bazara əlavə 80-100 milyon barel neft çıxarsa, qiymətlər kəskin ucuzlaşa bilər. Neftin 60-70 dollar olması həm istehsalçı, həm də istehlakçı üçün kifayət qədər normaldır".

Azərbaycanın valyuta gəlirlərinin 90 faizə yaxını xam neftdən gəlir

"Azərbaycanın valyuta gəlirlərinin 90 faizə yaxını xam neftdən gəlir. Qiymət nə qədər yüksək olacaqsa, Azərbaycana bir o qədər xeyirdir. İlin sonunadək Azərbaycanda hasilatın artması gözlənilir. Nəticədə həm qiymətlərin yüksək olması, həm də hasilatın artması Azərbaycanın valyuta gəlirlərinə ciddi şəkildə müsbət təsir göstərəcək", - deyə iqtisadiyyatçı əlavə edib.

Azərbaycan nefti 78 dolları keçib

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2019-cu ilin aprelindən bəri ilk dəfə 78 dolları keçib. "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 77,43 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 76,68 dollar olub. Beləliklə, "Brent" neftinin qiyməti 2018-ci ildən bəri ən yüksək həddə çatıb.

Eləcə də oxuyun:

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (93)
Teqlər:
kvota, hasilat, OPEC, qiymət, neft

Əsas mövzular