CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su qıtlığı problemi qapımızı döyərkən - Sular tullantılardan necə təmizlənir?

© Sputnik / Irade JELILHövsanda çirkab sular
Hövsanda çirkab sular - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
"Bu gün fiziki və hüquqi şəxslər əldə etdikləri sudan maksimum isitfadə etməlidirlər. Yəni, tullantı suları da digər məqsədlər üçün isitfadə olunmalıdır" - Mirsalam Qənbərov

BAKI, 4 iyul — Sputnik. Ekoloji sağlamlıq, ekosistemin qorunması, faunanın, eyni zamanda da su hövzələrində yaşayan müxtəlif növ canlıların məhv olmasının qarşısını almaq məqsədi ilə bu gün dünya ölkələrində müxtəlif çağırışlar var, bu istiqamətdə fərqli proqramlar icra olunur.

Suların müxtəlif növ tullantılardan azad olunması üçün könüllülər tərəfindən müəyyən addımlar atılır. Bu sahədə Avstraliyanın təcrübəsi xüsusi maraq doğurur. Belə ki, Avstraliyada tullantıların su boyu hərəkətinin qarşısını almaq üçün müəyyən məsafələrdə toxuculuq drenajı quraşdırılıb. Bununla su hövzələri həftəlik olaraq yığılan tullantılardan təmizlənir. 

Azərbaycanda da müxtəlif şirkətlər tərəfindən suların tullantılardan təmizlənməsi istiqamətində işlər görülür.

Bu sahə üzrə ixtisaslaşan şirkətlərdən birində çalışan və layihə meneceri olan Nüsrət Rəhimli gördükləri işlər barədə Sputnik Azərbaycan-a danışıb:

"Biz tullantı sularının utilizasiyası, eyni zamanda da qrunt sularının təmizlənməsi ilə məşğuluq. Özəl sektor olaraq 10 ildir ki, bu sahədə çalışırıq və bu illər ərzində müxtəlif dövlət proqramlarını icra etmişik. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativlərinə əsasən, zavod və fabrik, istehsalat sahələrində tullantı sularının xüsusi normativ standartlara uyğun vəziyyətə gətirildikdən sonra təbiətə axıdılmasını təmin edirik. Bu işləri xüsusi qurğu və avadanlıqlardan istifadə etməklə, kimyəvi maddələrin istifadəsini tətbiq etməklə görür, suyu standartlara uyğunlaşdırırıq. Yekun olaraq bu məhsul təbiətə və ekologiyaya ziyan vermir".

"Uzun illər əmələ gələn təcrübəmizə əsasən, biz sırf ixtisaslaşmış firmalarla əməkdaşlıq edirik və hazırda da Azərbaycanda ən böyük tullantı sistemlərini quranlardanıq", - deyə o əlavə edib.

O bildirir ki, bioloji tullantılar üstünlük təşkil edir: "Çağırışımız budur ki, təbiətimizin, ekologiyamızın qorunması üçün tullantı sularının utiliziasiyasına əməl edilsin. Bu sular təmizləndikdən sonra onlar texniki su olaraq və yaxud da digər formatlarda da istifadə oluna bilər. Bu addım həm də su hövzələrimizin qorunub saxlanılmasına bir dəstəkdir".

"Dünyaca məşhur firmalar var ki, onların təcrübələrindən yararlanaraq mütəmadi olaraq kurslar keçirik. Xidmət haqqı 500-2500 manat arasında dəyişə bilər. Biz milli brendimizi artıq ölkədən xaricdə də təqdim edə bilmişik. Özbəkistan, İran, Türkiyə və Gürcüstanda da layihələrimizi icra edirik. İndiyədək 200-dən artıq layihəyə imza atmışıq", - deyə o əlavə edib.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov Sputnik Azərbaycan-ın sualına cavab olaraq bildirib ki, bu gün tullantı sularının idarəsində müəyyən problemlər var və bu sular müvafiq qaydalara uyğun idarə olunmadığından arzuolunmaz problemlərlə qarşılaşırıq. Belə olan halda tullantı suları ətraf aləmi çirklənməyə məruz qoyur. Digər sual isə bundan ibarətdir ki, bu sulardan niyə səmərəli şəkildə istifadə olunmasın. Bu gün dünyanın hər yerində tullantı suları idarə olunur və müvafiq məqsədlə istifadə olunur. Bəs, bizdə? Bu gün fiziki və hüquqi şəxslər əldə etdikləri sudan maksimum istifadə etməlidirlər. Yəni, tullantı suları da digər məqsədlər üçün isitfadə olunmalıdır. Lakin təəssüf ki, ölkəmizdə bu suların, yağış sularının idarə olunması hələ də praktikada tətbiq edilməyib. Biz bu gün su qıtlığı problemi ilə üz-üzəyik. Tullantı suyunu formalaşdıran şəxs bu suya görə öhdəlik daşımalı, cavabdehliyi olmalıdır ki,  o sudan da bir başqa məqsəd üçün istifadə olunsun".

Mirsalam Qənbərov əlavə edib: "Plastik tullantılara gəldikdə isə Cənubi Koreyada olmuşam. Onlarda suyun plastiklərdən təmizlənməsini görmüşəm. Orada insanlar plastiki hara gəldi atmırlar. Onu xammal kimi təkrar istehsala verirlər.

Türkiyə, Rusiya və Avropanın digər ölkələrində həyata keçirilən tədbirləri araşdırmışıq. Yetər ki, aidiyyəti qurumların bu sahəyə diqqəti, yanaşması ciddi olsun. Tullantı atılmasa, tullantı yaranmaz. Çay hövzələri tullantı mənbəyi olmamalıdır. Plastik və bu kimi tullantılar eko-sağlamlığa mənfi təsir edir. Tullantını atan şəxsin görüntüsünü, məlumatlarını bizə vermək belə özü faydalı bir addımdır".

Dövlət Ekoloji Ekspertiza Agentliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov isə mövzu ilə əlaqədar olaraq formalaşan çirkab suyunun nə qədərinin təmizlənib-təmizlənmədiyi haqda danışıb: "Gün ərzində Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşır. Bu hissənin yalnız 182 milyonu bioloji təmizlənmədən keçir. 147 milyonu mexaniki təmizləmədən keçir. Qalan 147 milyon 806 kubmetr su isə təmizlənmədən dənizə və göllərə axıdılır. Bununla əlaqədar olaraq böyük məbləğdə cərimələr tətbiq edilir. Heç kəsə icazə verilmir ki, sular təmizlənmədən su hövzələrinə axıdılsın. Bu gün Xəzəri çirkləndirən 123-dən artıq mənbə var". 

Azərbaycanın su ehtiyatları 

Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

Eləcə də oxuyun:

Xəbər lenti
0