Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gömrük Komitəsi "Samur" gömrük postundakı sıxlığın səbəbini açıqladı

© AFP 2023 / SAKIS MITROLIDISГрузовики на трассе, фото из архива
Грузовики на трассе, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
"Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir".

BAKI, 26 may — Sputnik, Xalid Məmmədov. "Son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Buna səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır". Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a məlumat verilib.

Məlumatda deyilir ki, hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik bu rəqəmi artırmağa imkan vermir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfdə yerləşən "Samur" gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir: "Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir. Hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır, qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq".

Gömrük Komitəsindən onu da bildiriblər ki, qarşıdan gələn 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək. Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Qeyd edək ki, Göyçayda fermerlər məhsullarını satışa çıxara bilmədikləri üçün çətinliklə üzləşiblər. Onlar buna etiraz əlaməti olaraq dünən Göyçayın Ləkçıplaq kənd inzibati ərazisində toplaşıblar. Ləkçıplaq kəndində tonlarla pomidor məhsulları alıcısız qalıb. Kəndlilər bunun səbəbini məhsullarını Rusiya bazarına çıxara bilməmələri ilə izah ediblər.

Fermer Elman Mirzəliyev deyib ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil: "Çünki məhsul boldur. Pandemiyaya görə, şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib".

Alıcı Əflatun Abdurrahmanov isə deyib ki, əslində Rusiya tərəfi məhsullarımızı qəbul edir, amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır: "Əgər ötən illərdə məhsullar Rusiya tərəfə vaqonlarda daşınırdısa, bu ildən yük avtomobilləri ilə daşınır. Avtomobillərlə sərhədi keçmək isə 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür. Bu səbəbdən də alıcılar təkrar məhsul alışı üçün geri qayıtmırlar". O əlavə edib ki, digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır: "Ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir".

Dünən deputat Elman Nəsirov da bildirib ki, Cəlilabadda kartof əkən fermerlər öz məhsullarını Rusiya bazarlarına çıxarılması ilə bağlı böyük çətinliklə üzləşiblər: "Fermerlər mənə deyirlər ki, Samux gömrük postunda yüzlərlə tırlar dayanıb, məhsullar məhv olub gedir. Bu il məhsul boldur, amma problemlər var".

Həmçinin oxuyun:

Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Artıq 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Xəbər lenti
0