Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılacaq

© AP Photo / Ariel SchalitСитуация в связи с эпидемиологической обстановкой в Израиле
Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Azərbaycan ilə İsrail arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalanıb.

BAKI, 30 aprel — Sputnik. İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, nazir Mikayıl Cabbarovun İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə onlayn formatda görüşü keçirilib.

M.Cabbarov Azərbaycan və İsrail arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-İsrail iqtisadi əməkdaşlığı barədə məlumat verilib, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 90-dək İsrail şirkətinin uğurlu fəaliyyəti qeyd olunub. Bildirilib ki, iqtisadi əlaqələrin inkişafında, yeni təşəbbüslərə əsaslanan layihələrin icrasında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir. Əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Azərbaycanla İsrail arasında azad olunmuş ərazilərin bərpası, enerji, səhiyyə, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və sair sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

İsrailin xarici işlər naziri Q.Aşkenazi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, İsrail şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlı olduğunu qeyd edib. Görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi, pandemiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Aşkenazi: "Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır"

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclası da keçirilib. Hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri M.Cabbarov Azərbaycanın İsrail ilə dostluq və səmərəli tərəfdaşlıq əlaqələrini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb, yaxın zamanlarda İsraildə ölkəmizin ticarət və turizm nümayəndəliklərinin açılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verildiyini qeyd edən iqtisadiyyat naziri 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri barədə məlumat verib, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə "ağıllı texnologiyalar"ın tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına, Böyük Qayıdışa töhfə verəcək.

Azərbaycanın əlverişli biznes və investisiya mühitini vurğulayan iqtisadiyyat naziri İsrail sahibkarlarını ölkəmizdə yaradılmış sənaye zonalarına investisiya yatırmağa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Q.Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.

İclasda iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Hökumətlərarası Komissiyanın üzvləri əməkdaşlığın inkişafı imkanlarına dair fikirlərini bildiriblər.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Qabi Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsrrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0