15:35 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
İQTİSADİYYAT
Qısa URL
6601

İstehsalın təşkili üzrə maliyyə xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Azərbaycan, həmçinin distribütorluq və servis xidməti ilə də məşğul olacaq.

BAKI, 28 aprel — Sputnik, Nikita Çikunov. Azərbaycanda hər il Rusiyanın "QAZ Qrup"unun 1500-ə qədər yük maşınını yığacaq bir zavod açıldı. Ekspertlərin fikrincə, gələcəkdə bu kiçik müəssisə genişlənə və ölkədə avtomobil istehsalına əhəmiyyətli dərəcədə təkan verə bilər.

Prezident İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edi
© Official website of President of Azerbaijan Republic

"Cənub" QAZelləri

Azərbaycanın Hacıqabul şəhərində Rusiyanın QAZ markalı yüngül kommersiya avtomobillərinin yığımı zavodunun açılması ölkədə geniş çeşidli yük maşınları, avtobuslar və xüsusi texnika istehsalının təşkilinə kömək edəcək. Bu fikirləri Sputnik-ə açıqlamasında Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının nəticələri barədə danışarkən "Azərmaş" ASC-nin idarə heyətinin sədri Emin Axundov bildirib.

Hacıqabulda müəssisə bort, furqon və mikroavtobuslar da daxil olmaqla, QAZel-Next, habelə orta həcmli QAZon-Next yük maşınları istehsal edəcək. Zavodun istehsal gücü il ərzində 1,5 min avtomobil olacaq.

"Model sırası bələdiyyə təsərrüfatı, kiçik və orta sahibkarlığın, Azərbaycanın sosial qurumlarının müasir, funksional və etibarlı texnologiyaya olan tələbatını ödəyəcək. Ölkənin səhiyyə sisteminin ehtiyac duyduğu yerli istehsal olan təcili yardım maşınlarının istehsalının da təşkili planlaşdırılır", - deyə Rusiyanın "QAZ Qrup"unun mətbuat xidmətindən Sputnik-ə bildirilib.

Şirkət ümid edir ki, gələcəkdə müəssisə nəinki Azərbaycanın daxili tələbatını ödəməyə imkan verəcək, həmçinin Türkiyə, Gürcüstan və İrana da avtomobilləri ixrac edəcək.

Qorki Avtomobil Zavodu ("QAZ Qrup"a daxildir) və "Azərmaş" arasında Azərbaycanda avtomobil yığımı istehsalı müəssisəsinin yaradılması barədə razılıq 2018-ci ilin aprelində əldə olunub.

Rusiya holdinqi Azərbaycana avtomobil hissələri tədarük etmək öhdəliyi və markanın təşviqi, "Azərmaş" əməkdaşlarının təlimi və sertifikasiya xərclərinin bir hissəsini kompensasiya etməyə razılıq verib.

İstehsalın təşkili üzrə maliyyə xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Azərbaycan, həmçinin distribütorluq və servis xidməti ilə də məşğul olacaq.

© Official website of President of Azerbaijan Republic

Sürətlənən avtomobil istehsalı

Azərbaycan Qorki Avtomobil Zavodu üçün ənənəvi, eyni zamanda perspektivli bazarlar siyahısındadır. Hətta istehsala yatırılan kiçik investisiyalarla belə QAZ markasının avtomobilləri öz reputasiyası hesabına Azərbaycan bazarının əhəmiyyətli hissəsini tuta bilər.

"Kommersiya maşınları – şirkətin əsas "zərbə" gücüdür. QAZellər özlərini Rusiyada və yaxın xaricdə yaxşı göstəriblər, bu maşınları hamı tanıyır. Buna görə də QAZ-ın onda yaxşı alınan işi inkişaf etdirməyə çalışması təbiidir", - deyə "Motor-1" layihəsinin baş redaktoru Yuri Kryukov bildirib.

Avtomobil üzrə ekspert Vyaçeslav Subbotin isə əmin edir ki, birgə istehsalın təşkilindən yalnız Rusiya şirkəti yaralanmayacaq.

Onun fikrincə, müəssisənin işə başlaması Azərbaycanda avtomobil sənayesinin inkişafını sürətləndirəcək: "Ölkəyə yeni texnologiyalar gəlir, orada yeni iş yerləri, yeni infrastruktur yaranıb. Bu zavoddan sonra əslində bütün bir sənaye gələcək".

"İlkin mərhələdə istehsalın lokallaşdırılması (xarici müəssisə ətrafında yerli ehtiyat hissələri və avadanlıq istehsalçılarının formalaşması – Sputnik) kiçik olacaq ki, bu da təbiidir. Azərbaycanda ehtiyat hissələri tədarükçülərinin sayı elə də çox deyil. Təbii ki, söhbət "buraç" yığımından gedir – avtomobillərin ehtiyat hissələri Azərbaycana Rusiyadan gətiriləcək. Bu, avtomobillərin maya dəyərinin aşağı düşməsi və istehlakçılar üçün münasib qiymətdə olması ilə nəticələnəcək. Əgər müəssisə uğurlu olarsa, lazımi komponentlərin istehsalını təşkil edəcək tədarükçülər də gələcək", - deyə Yuri Kryukov bildirib.

Bu fikirlərlə Vyaçeslav Subbotin də razıdır: "Belə kiçik həcmli istehsal üçün ştamplama istehsalının sifariş edilməsinin mənası yoxdur. Satışlar artarsa, lokallaşma da dərinləşəcək. İnkişaf üçün perspektivlər var".

Əlçatan və etibarlı

"Rusiya Avtomobil İstehsalçıları Birliyi"nin İcraçı direktoru İqor Korovkin hesab edir ki, kommersiya yük avtomobilləri sahəsində güclü rəqabətin olmasına baxmayaraq Azərbaycanda QAZ avtomobillərinə tələbat olacaq: "Qazellər bazarın ilkin qiymət seqmentinə daxildir. Orada böyük rəqabət var, xüsusilə Çin istehsalçıları tərəfindən. Rusiya avtomobillərinin əsas üstünlüklərindən biri münasib qiymətlərinin (Rusiyada QAZel-Next qiyməti 1,4 -1,8 milyon rubl (31,8 min AZN - 40 min AZN) QAZon-NEXT 2,4 - 3,5 milyon rubl (54 min AZN – 79 min AZN) olmasıdır. Onun ən yaxın rəqibləri 200-300 min rubl (4,5 min – 6,8 min AZN) bahadır.

Vyaçeslav Subbotin hesab edir ki, aşağı qiymətlə yanaşı, Qorki Avtomobil Zavodunun məhsulları yaxşı keyfiyyət göstəricisi ilə fərqlənir - Rusiya istehsalçısının avtomobili Avropa modellərindən geri qalmır: "Ədalətli bir rəqabət mühitində QAZ Rusiya bazarından "Ford Transit", "Fiat", "Ducato", "Citroen" və "Hyundai" mikroavtobuslarını çıxarıb və hətta "Mercedes-Benz Sprinter"i də sıxışdırır. QAZellərdə məşhur dünya istehsalçılarının detal və aqreqatlarından istifadə olunur. Məsələn, "Cummins" motoru dünyada ən yaxşılardandır və "Bosch" sükan idarəetməsindən istifadə olunub. Eyni zamanda QAZ aşağı qiyməti də saxlayır. Rəqiblərin bənzər avtomobilləri orta hesabla 20% bahadır".

Ekspertin fikrincə, Azərbaycanda yığılan avtomobillərin dəyəri Rusiya bazarında olan qiymətlərə uyğun olacaq. Çünki onlara gömrük rüsumları şamil edilməyəcək.

Sınaq addımı

Sputnik-in rəylərini soruşduğu ekspertlər il ərzində 1,5 min avtomobil istehsal həcmini az adlandırırlar.

"Min beş yüz, xüsusən də yüngül ticarət vasitələrinin standartlarına görə, çox da böyük deyil. Şirkət Azərbaycandakı bazar tutumunu qiymətləndirərkən ehtiyatlı davranır. Ancaq ilk təcrübə üçün bu rəqəm az da olsa, adekvatdır. Bu, sınaq mərhələsidir. Müəyyən mənada bu, uduşlu addımdır – avtomobilləri ölkə daxilində yığmaq idxal etməkdən daha sərfəlidir", - deyə Yuri Kryukov bildirib.

Vyaçeslav Subbotin isə əlavə edir ki, birgə müəssisənin yaxşı perspektivləri var: "Əgər avtomobillər uğurla reallaşdırılsa, onda zavodun genişlənməsi və lokallaşdırılmanın səviyyəsinin artırılması sadəcə zaman məsələsidir".

Teqlər:
istehsal, avtomobil, Hacıqabul, Rusiya, Azərbaycan

Əsas mövzular