13:11 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
İQTİSADİYYAT
Qısa URL
78620

"Hansı ölkənin reytinqi yüksəkdirsə, o, beynəlxalq maliyyə institutlarından və digər iri xarici banklardan daha ucuz kredit götürə bilir. Bizdə də belədir. Belə ki, Bakıda kredit reytinqi daha yüksəkdir, regionlarda isə kredit reytinqi aşağıdır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. "Bankların regionlarda kreditləri yüksək faizlə təklif etməsi gözləniləndir. Kredit faizi riskə bağlı olan məsələdir. Bankın riski, xərci nə qədər çoxdursa, faiz dərəcəsi də bir o qədər çox olur". Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov regionlarda yüksək faizlə kredit verilməsindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Baş Prokurorluq kənd təsərrüfatı kreditlərinin təyinatında nöqsanları araşdırır>>

Ekspert bildirib ki, regionlarda bankların riskləri daha çoxdur: "Çünki birincisi, bizdə regionlarda gəlir daha azdır. İkincisi, regionda götürülən girov əmlakı satmaq bank üçün çox çətindir. Üçüncüsü, krediti daim monitorinq etmək, problem yaranan zaman gedib-gəlmək əlavə xərcdir. Yəni regionda verilən kredit Bakıda verilən kreditdən daha xərcli və daha riskli prosesdir. Bu, iqtisadi, bankçılıq baxımdan normal haldır, lakin sosial baxımdan problemdir".

"Regionların inkişafına daha çox diqqət ayrılmalıdır ki, əhalinin gəlirləri artsın, risklər daha az olsun. Eyni zamanda regionlara güzəştli kreditlər çox verilə bilər, yaxud regionlarda verilən kreditlərin faiz dərəcəsinin bir hissəsini dövlət kompensasiya edə bilər. Regionlarda verilən kreditin faiz dərəcəsini Bakı və Bakıətrafı regionlarda verilən kreditin faiz dərəcəsinə yaxınlaşdırmaq üçün bu addımları atmaq olar", - deyə o qeyd edib.

O bildirib ki, vaxtaşırı beynəlxalq reytinq agentlikləri hər bir ölkənin kredit reytinqlərini açıqlayır: "Hansı ölkənin reytinqi yüksəkdirsə, o, beynəlxalq maliyyə institutlarından və digər iri xarici banklardan daha ucuz kredit götürə bilir. Hansı ölkənin reytinqi aşağıdırsa, o ölkəyə daha yüksək faizlə kredit verirlər. Eyni məsələ burada da belədir. Belə ki, Bakıda kredit reytinqi daha yüksəkdir, regionlarda isə kredit reytinqi aşağıdır".

Ekspert diqqətə çatdırıb ki, regionlarda maliyyə xidmətlərinə əlçatanlıq zəifdir: "Azərbaycanda 26 bank və xeyli sayda bank olmayan kredit təşkilatları var. Qanunvericiliklə bank olmayan kredit təşkilatlarının fəaliyyəti çox məhdudlaşdırılıb. Onlar heç nağd pul əməliyyatlarını apara bilmirlər. Qanunvericiliyə dəyişiklik edilməli və bank olmayan kredit təşkilatlarının səlahiyyətləri genişləndirilməlidir.

Digər bir məsələ "Azərpoçt" ilə bağlıdır. Qanuna görə, "Azərpoçt" da bank xidmətləri göstərə bilər, amma ona bu barədə lisenziya vermək lazımdır. Bu gün Azərbaycanın ucqar kəndlərində bank xidmətləri yoxdur. Çünki orada heç bir bankın filialı yoxdur. Lakin hər bir kəndimizdə "Azərpoçt"un bölməsi var. Deməli, bunu inkişaf etdirmək lazımdır və bununla bağlı xarici təcrübə də var. Ona görə "Azərpoçt"un səlahiyyətlərini genişləndirmək lazımdır ki, həm də kredit fəaliyyəti ilə məşğul ola bilsin".

Millət vəkili Vüqar Bayramov da bildirib ki, rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər:

"Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir.

Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır. Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəşlərin verilməsi mexanizmdən istifadə oluna bilər".

Teqlər:
faiz, rayonlar, bank, kredit

Əsas mövzular