11:36 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
İQTİSADİYYAT
Qısa URL
824 0 0

 "Azərbaycanda çörəkotu hər zaman əkilirdi, lakin bu proses həvəskarcasına həyətyanı sahələrdə əkilirdi. Lakin ilk dəfə olaraq bu bitki məhz Şamaxıda, həmin fermerin əkin sahəsində mədəni formada becərilməyə başladı", - Aytəkin Cəlili.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Ən faydalı bitkilərdən biri də çörəkotudur. Tərkibində 100-dən çox birləşmə olan, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitamini ilə zəngin olan çörəkotu həm də immunitetin gücləndirilməsi üçün ən çox tövsiyə olunan vasitələrdən biridir. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir.

Bir çox ölkələrdə olduğu kimi artıq Azəbaycanda da çörəkotunun ənənəvi əkininə başlanılıb. Belə ki, uzun illər xairici ölkələrdə arqon qaynaqçı olaraq çalışan Şamaxının Böyük Xınıslı kənd sakini Ariz Zeynalov belə bir təkliflə Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkəsinə yazılı müraciət edib və onlardan dəstək ala bilib.

Bu haqda özü ətraflı olaraq Sputnik Azərbaycan-a danışır: "Bütün sahələrdə aparılan islahatlar bir vətəndaş olaraq məni də ruhlandırdı. Düşündüm ki, bütün islahatlar, işlər yalnız dövlət tərəfindən görülməməlidir. Hər kəs kimi mən də bacara biləcəyim bir işi görmək istədim, məcazi mənada desəm, əlimi daşın altına qoydum. Belə qərarlaşdırdıq ki, ölkəmizdə xalq təbabəti və insanlar arasında geniş istifadə olunan, lakin mədəni şəkildə əkini həyata keçirilməyən çörəkotunun əkinini həyata keçirək. Beləcə, bu sahə ilə bağlı araşdırma apardıq və bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkə səhifəsinə yazılı müraciət etdim. Onlardan lazım olan dəstəyi ala bildim.  Onların iştirakı və dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq bu səfalı bitkinin əkinini həyata keçirtdik. Əkinçilik və Elmi Tədqiqat İnstitutundan, Aqroservis Açıq Səhmdar Cəmiyyətindən də bizə lazım olan dəstək göstərildi".

A.Zeynalov deyir ki, bitkinin yetişmə prosesi Kənd Təsərrüfatı İnstitutu tərəfindən izləniləcək və bitkiyə lazımi xidmətlər göstəriləcək. Həmsöhbətimiz bizə bu işlə bağlı gələcək planlarından da danışıb: "Bu işi daha da genişləndirmək fikrimiz var. Bizim bu addımımız biznesdən daha çox ümumi tələbatın daxili imkanlar hesabına təmin olunması məqsədini daşıyır. Hələlik ki, biz təcrübə mərhələsindəyik. Biz hərəkət etdik, bərəkətini də Allah yetirər".

Həmsöhbətimizin sözlərinə görə, təxmini olaraq 1 hektar ərazidən 600-800 kiloqram məhsul əldə etmək olar: "Nə qədər məhsulun əldə edilməsi daha çox əkin üsulundan asılıdır. Bir var cərgəli, bir də var taxılvari əkin üsulu".

Şamaxının Böyük Xınıslı kənd sakini olan A.Zeynalova hökumət tərəfindən yaşadığı kənddə pay torpaq verilib və əkin işlərinə elə oradaca start verib.

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Cəlili də Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə görülən işlərdən danışıb: "Azərbaycanda çörəkotu hər zaman əkilirdi, lakin bu proses həvəskarcasına həyətyanı sahələrdə əkilirdi. Lakin ilk dəfə olaraq bu bitki məhz Şamaxıda, həmin fermerin əkin sahəsində mədəni formada becərilməyə başladı. Gələcəkdə bu bitkinin sahələri çoxalarsa, yəqin ki, subsidiya əmsalı da formalaşa bilər. Biz fermerlərə kompleks aqrotexniki xidmət paketi təqdim edirik. Yəni, ilk olaraq həmin torpağın bitki üçün yararlı olub-olmaması, analizləri, şumun aparılması, texnika ilə təminat, toxumun səpilməsi, gübrələnmə və məhsulun tam əldə olunacağı dövrədək olan bütün proseslərdə fermer texnika ilə təmin olunur və özümüz o prosesləri görürük. O ki qaldı  bitkinin Azərbaycanda yeni olmasına, bəli bu, qeyri-ənənəvi bitkidir. Hətta bu bitkinin toxumçuluğu da inkişaf etdirilməyib. Hazırda Şamaxıda əkilən toxum qara çörəkotudur. Bu toxumlar əsasən İran və Afrika ölkələrindən gətirilir. Əkinçilik və Elmi Tədqiqat İnstitutunun alimi Sevil Abbasquliyeva bu müddətdə fermerlə bərabər işləyərək toxumla bağlı təcrübəni reallaşdırdılar".

"Beləcə toxumumuz cücərdi. 1 hektar ərazidə bu toxumun əkilmə norması var, eyni zamanda da gübrə norması var. Həmin normalar daxilində bu işlər görüldü, toxum torpağa səpildi. Əkinçilik və Elmi Tədqiqat İnstitutunun alimi tərəfindən həmin bitkinin sınaq mərhələsi təşkil olunur, eyni zamanda da onun yetişməsi, cücərməsi, sıxlığı, boy artımını və s. öyrəniləcək ki, gələcək fermerlər də bu üsulu tətbiq edə bilsinlər. Yəni, qeyri-ənənəvi bitki olduğundan və Azərbaycanda ilk dəfə olaraq əkildiyindən mütəmadi olaraq əkilən çörəkotu bitkisinin ölkənin relyefi, iqlim şəraitinə uyğun olub-olmamasını da nəzarətdə saxlayıb izləyəcəklər. Gecmi əkmək lazımdır, yoxsa tezmi əkmək lazımdır, suvarma hansı müddətdə təşkil olunmalıdır, bu və bu kimi bir sıra digər məsələlər də öyrəniləcək ki, gələcək fermerlərə ötürülsün", - deyə Aytəkin Cəlili əlavə edib.

O bildirib ki, məhsul yaxşı olarsa, digər fermerlərin istəyinə uyğun sahələr artırıla bilər: "Hazırda küncüt, kinoya, çiya da əkilir. Bu bitkilər qeyri-ənənəvidir. Biz qurum olaraq bu bitkilərin əkilməsi üçün texnikaları araşdırırıq. Hansı texnikalara ki, ehtiyac var, onların araşdırmasını aparırıq. Artıq küncütü əkmişik. Bu da qeyri-ənənəvi bitkidir. O da hər zaman həvəskarcasına əkilib. İkinci əkin olaraq, yəni, arpadan sonra əkilirdi. Bu il biz Saatlıda bir fermerin 1 hektarlıq sahəsində küncüt əkini etdik. Orada da eyni formada. Biz texnika baxımdan köməklik göstərəcəyik. Əkinçilik və Elmi Tədqiqat İnstitutu isə bitkinin becərilməsində köməklik göstərəcək".

"Kinoya da əkiləcək. Bu bitkilər həm çox faydalı, həm də çox gəlirlidir. Baxın, çörəkotunun toxumu 70 manatdır, onun yağı isə ən faydalı yağ hesab edilir. Bunlar əhəmiyyətli bitkilər olsa da, ölkəmizdə çox az əkilir. İstəyirik ki, fermerlərimizin bu bitkilərə marağı artsın və daha çox təşviq edək", - deyə qurum rəsmisi əlavə edib.

Əsas mövzular