Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 22 aprel — Sputnik. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, 216 mln. 100 min manatını isə əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf edib.
Azərbaycanda niyə əhali daha çox ərzağa pul xərcləyir? Bununla bağlı iqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a danışıb: "Hansı ölkədəki əhalinin gəlirləri daha yüksəkdir, həmin ölkələrdə gündəlik ərzaq məhsulları ümumi xərclər sırasında daha az paya malikdir. Yoxsul ölkələrdə isə gəlirlərin əhəmiyyətli hissəsi məhz ərzağa xərclənir. Bu zaman onların digər xidmətlərdən yararlanma imkanları məhdudlaşır. Xüsusi ilə keyfiyyətli təhsil, keyfiyyətli xidmət, asudə vaxtını daha dəyərli keçirmə, o cümlədən də yığım imkanı məhdudlaşır".
Ekspert deyir ki, son bir neçə ildə bir sıra sosial paketlər açıqlandı və bu paketlər müəyyən qədər əhalinin gəlirlərinə təsir etdi: "Lakin buna baxmayaraq 2020-ci ildən başlayan pandemiya əhalinin gəlirlərini əhəmiyyətli dərəcədə zəiflətdi. Bu da əhalinin zəruri tələbat məhsullarına xərclərinin ümumi xərclərin strukturunda payını artıran məqamlardan biridir. Təsəvvür edin ki, aylıq 500 manat məbləğində ərzaq məhsullarının istehlakına ehtiyac var. Gəliriniz 1000 manat olduqda bu onun 50 faizi, 2000 manat olduqda isə 25 faizini təşkil etmiş olur".
"Azərbaycanda ərzağa daha çox vəsaitin xərclənməsi məhz əhalinin gəlirlərinin az olması ilə əlaqədardır. İstehlak bazarında qiymətlərin normal rəqabətli mühitdə formalaşmaması bu xərclərin daha da yüksək olmasına gətirib çıxaran səbəblərdən biridir. Əminliklə deyə bilərəm ki, rəqabətli şərtlər daxilində formalaşmış bazarda qiymətlərin optimallaşması gündəlik tələb olunan, eyni zamanda da, ərzaq məhsullarına olan ümumi xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Təxminən Azərbaycan şərtləri daxilində əhali gəlirin 47-48 deyil, 35-38 faizini bu xərclərə yönəldə bilər", - deyə R.Həsənov əlavə edib.
O qiymətlərin yüksək olmasına təsir edən digər amillərdən də danışıb: "Yerli istehsal zəifdir. İstehlak malları sahəsində ölkə əhəmiyyətli dərəcədə idxaldan asılıdır. Bazarda inhisarçılıq var. Bunu həm yerli istehsal sahəsində, həm də idxalda da görə bilərik. Bazar iştirakçılarının sayı qiymətlərin optimallaşmasına şərait yaradacaq qədər deyil. Bu əksər hallarda süni şəkildə yaradılmış qiymətlərdir. Hansısa məhsulun xarici bazarlarda da satış qiymətinə baxıb sonra onun Azərbaycandakı qiymətinə baxsaq, qiymət fərqinin 50 dəfəyədək olduğunu görə bilərsiniz. Daha çox kiçik miqyaslı məhsullarda bu kəskin fərq hiss olunur", - deyə iqtisadçı əlavə edib.
İqtisadçı deyir ki, 2021-ci ilin əvvəlində benzinin qiymətinin artması ilə bağlı qəbul edilən qərarın bazara təsirinin nisbətən zəif olması gözlənilirdi: "Lakin qiymətlər kəskin şəkildə artdı".