13:24 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
İQTİSADİYYAT
Qısa URL
139720

Ekspert əcnəbilərin Azərbaycan banklarındakı əmanətlərinin azalmasının səbəblərindən danışıb: "Ölkəmizdə bir neçə ildən sonra xarici vətəndaşların əmanətləri yenidən arta bilər. Lakin bu il xarici vətəndaşların əmanətlərinin artmasını gözləmirəm".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Mərkəzi Bankın məlumatlarına görə, 2021-ci ilin martın 1-nə Azərbaycanda fiziki şəxs olan qeyri-rezidentlərin banklardakı əmanətlərinin həcmi 281,9 mln. manat təşkil edib. Bu da illik müqayisədə 2,2 dəfə azdır. Martın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 milyard 379,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% azlıq təşkil edir. 

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov əcnəbilərin Azərbaycan banklarındakı əmanətlərinin azalmasının səbəbləri ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

İqtisadçı bildirib ki, xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətlərinin həcmində azalma var: "Azalmanın ilk səbəbi pandemiyadır. Sərhədlər bağlıdır, nəinki xarici, hətta yerli vətəndaşlar da əksər ölkələrdəki banklardan pullarını çıxardır ki, vəsaiti gözünün qabağında olsun. Digər tərəfdən, insanların gəliri azaldığı üçün yığdıqları pullardan istifadə edirlər. Pandemiya vəziyyətində xarici vətəndaşlar başqa ölkədə pul saxlamağa çəkinirlər".

"Azalmanın ikinci səbəbi ötən il Azərbaycanda qəflətən 4 bankın bağlanması olub. Məsələn, 2019-cu ilin son aylarından insanlar "Atabank"dan pulunu çıxarda bilmirdilər və 6-7 ay, bəlkə də 1 ilə yaxın heç bir tədbir görülmədi. Sonra bank bağlandı və pullar insanlara geri qaytarıldı. Bu da bank sisteminin imicinə mənfi təsir etdi. Yəni hansı bank vaxtında əmanəti qaytarmırsa, dərhal bankı bağlamaq lazımdır. Dərhal bank bağlanmadı və bu da digər sağlam banklara çox mənfi təsir etdi. Belə ki, yerli və xüsusən xarici vətəndaşlar sağlam banklardan da pullarını çıxarmağa başladılar", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, digər səbəb budur ki, ötən il Azərbaycanda əmanətlərin sığortalanması sisteminin necə olacağı qeyri-müyyən idi: "Ötən il martın 4-də "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvəsi bitib. Aprel ayında bu qanunun qüvvədə olma müddətini daha 9 ay (2020-ci ilin dekabrın 4-dək) uzatdılar. Qeyri-müəyyənlik onda oldu ki, bu qanunun qüvvədə olma müddəti vaxtında uzadılmadı və bu da təşviş yaratdı. Yalnız keçən ilin sonunda bəyan edildi ki, 2021-ci ilin aprelin 5-dək əmanətlərin tam sığortalanması olacaq.

Aprelin 5-də "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti bitəndən sonra isə kompensasiyanın məbləği əvvəlki 30 min manatdan 100 min manatadək artırılır. Yəni bu istiqamətdə müəyyənlik ancaq ilin sonunda yarandı. Pul əminliyi və müəyyənliyi sevir. Bu cür məsələlərə vaxtında baxmaq lazımdır. Bu məsələlər xarici vətəndaşların banklardakı əmanətlərinin azalmasına gətirib çıxardı".

"Amma son bir ayda Azərbaycanda əmanətlər artmağa başlayıb. Çünki bu istiqamətdə əminlik hissi qayıdıb. Hamı indi bilir ki, banka 100 min manat qoyursa, bu vəsait qorunandır. Bu, çox vacib məsələdir. Yerli vətəndaşlar əminlik hissi olan kimi banka əmanət qoyurlar. Ölkəmizdə bir neçə ildən sonra xarici vətəndaşların əmanətləri yenidən arta bilər. Lakin bu il xarici vətəndaşların əmanətlərinin artmasını gözləmirəm", - deyə ekspert əlavə edib.     

Qeyd edək ki, aprelin 5-də "Əmanətlərin tam sığortalanması haqqında" qanun müddəti bitəndən sonra kompensasiyanın məbləği əvvəlki 30 min manatdan 100 min manatadək artırılır. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq.

Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmişdi.  

Əsas mövzular