16:07 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
İQTİSADİYYAT
Qısa URL
635 0 0

"Yoxlamaların dayandırıldığı müddətdə Nazirlər Kabineti yeni qaydalar hazırlayacaq. Məqsəd sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasıdır".

BAKI, 18 mart — Sputnik. Azərbaycan Prezidenti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Yeni dəyişikliklərə görə icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.

"Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir" - deyə o qeyd edib.

Deputat bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".

"Dövlət başçısının imzaladığı digər fərmanla Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməyi tapşırıb. Bu isə o deməkdir ki, yoxlamaların dayandırıldığı müddətdə Nazirlər Kabineti yeni qaydalar hazırlayacaq. Məqsəd sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasıdır" - millət vəkili əlavə edib.

Əsas mövzular