12:22 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
İQTİSADİYYAT
Qısa URL
253311

Hazırda dünyada neftin qiymətinin 60 dolları keçməsi Səudiyyə Ərəbistanının 1 milyon barel neft hasilatını öz təşəbbüsü ilə azaltması, ABŞ Prezidenti Co Baydenin 1,9 trilyon dollarlıq iqtisadi tədbirlər paketini irəli sürməsi və digər səbəblərlə bağlıdır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Bu il neftə olan tələbatın artım templəri gözləniləndən daha sürətli ola bilər. Xüsusilə də bu tendensiyanın ilin ikinci yarısında müşahidə edilməsi mümkündür. Bu barədə OPEC+ nazirlərinin monitorinq komitəsinin iclasının nəticələrinə dair hesabatda qeyd edilib. Sənəddə bildirilib ki, COVID-19 peyvəndlərinin dünyada geniş yayılması xüsusilə 2021-ci ilin ikinci yarısında daha sürətli iqtisadi inkişafa gətirib çıxara və bu da neft istehlakının artımına səbəb ola bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, post-pandemiya dövründə neftə tələb kifayət qədər yüksələcək:

"Hazırda dünyada neftin qiymətinin 60 dolları keçməsinin bir neçə səbəbi var. Bu, fevralın 1-dən Səudiyyə Ərəbistanının 1 milyon barel neft hasilatını öz təşəbbüsü ilə azaltması, ABŞ Prezidenti Co Baydenin 1,9 trilyon dollarlıq iqtisadi tədbirlər paketini irəli sürməsi və digər səbəblərlə bağlıdır. Yəni iqtisadiyyata vəsait daxil olursa, canlanma baş verir və bu zaman enerjiyə tələbat artır. Fevral ayı başlayandan neft bazarında müsbət əhval-ruhiyyə hökm sürür. Buna görə də neftin qiymətləri artır".

"Bazar iştirakçıları vaksinasiyanı müsbət qiymətləndirirlər. Onlar düşünürlər ki, vaksinasiya nəticəsində məhdudiyyət tədbirləri tezliklə aradan qaldırılacaq, hərəkət artacaq. Bu da enerjiyə tələbatı artıracaq. Qısa müddətli dövr üçün neftin qiymətində artım ola bilər. ABŞ-da, Böyük Britaniyada, Yaponiyada, Çində vaksinasiya ilə bağlı müsbət xəbərlər yayılır. Bu, neftin qiymətini 5 dollar da artırdı", - deyə ekspert qeyd edib.

Onun fikrincə, amma burada neftin qiymətinə mənfi təsir edən amillər də var:

"Məsələn, neftin qiymətinin 60 dollara çatması ABŞ-da şist neft hasilatçılarını ruhlandırır və onlar istehsalı artırmağı düşünürlər. Digər tərəfdən OPEC aprel ayından hasilatı artırmağı planlaşdırır. Bu, qiyməti aşağı salan və yaxud tormozlayan faktordur. Burada iqlim və digər amillər də var".

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, gündəlik neft ixracatı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın artması baxımından arzuolunandır:

"Bu ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyən edildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEC+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

Teqlər:
Vüqar Bayramov, OCCRP Vüqar Bayramov, iqtisadçı Vüqar Bayramov, iqtisadçı alim Vüqar Bayramov, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, Səudiyyə Ərəbistanı, ABŞ, Co Bayden, Neft

Əsas mövzular