14:29 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
İQTİSADİYYAT
Qısa URL
1037 0 0

Nə qədər qəribə görünsə də, toy şənlikləri ölkədə bir çox sahələri hazırkı tənəzzüldən çıxara bilər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Pandemiya qadağalarının mənfi təsir etdiyi kənd təsərrüfatı sahələrindən biri də kökəltmədir. Sovet dövründə kökəltmə məntəqələrində təşkil edilən bu proses indi sahibkarlar tərəfindən fərdi qaydada edilir. Lakin son vaxtlar pandemiyanın fəsadları bu sahədə çalışan sahibkarlara da öz ziyanını vurmaqdadır. Bu haqda Sputnik Azərbaycan-a danışan təsərrüfat sahibləri bu sahəyə də subsidiyaların ayrılmasını istəyirlər.

Ağstafa rayon Qarahəsənli kənd sakini Səfər Əliyev 2015-ci ildən kökəltmə ilə məşğul olduğunu deyir. O, bu sahəyə xırdabuynuzlu heyvanların otlaq problemi ilə üzləşdikdən sonra keçdiyini bildirir. İndi isə pandemiya ilə əlaqədar demək olar ki, gəlir əldə edə bilmədiklərini söyləyir. Onun sözlərinə görə, əvvəl ay ərzində 20-30 baş dana kəsimə verirdilər. İndi isə bu say 10, yaxşı halda 15 başa düşüb.

© Sputnik / Ilham Mustafa
Ağstafa rayon Qarahəsənli kənd sakini Səfər Əliyev

“Çətinliklərimiz çoxdur. Yem günü-gündən bahalaşır. Ot bahalaşır. Buna baxmayaraq, ətə tələbat azalır. Əvvəllər 200-250 kiloluq danalar bəsləyirdik. İndi 150 kilodan artıq kökəltmirik ki, satılmayacaq. Həmişə ay ərzində bir danadan 50 manat qazanc götürürdüksə, indi o qazanc 20 manata düşüb. Bəzən qazanc da götürə bilmirik”, - deyə o, kökəltmənin hazırkı çətinliklərindən danışır.

Sahibkarlar bir heyvanın bəslənməsi üçün 6-7 ay sərf olunduğunu deyirlər. Onlar əsasən yerli cinslərə üstünlük verirlər. Bunun əsas səbəbi xarici cins heyvanların çox böyük olmasıdır ki, sonradan onların satışında problem yaranır.

© Sputnik / Ilham Mustafa
Qarahəsənli kəndində maldarlıq təsərrüfatı

Digər sahibkar Bəhruz Vəliyev 5 ildən artıq məşğul olduğu bu sahədən əvvəllər müəyyən gəlir götürə bildiklərini, lakin pandemiya dövründə çətinliklərlə üzləşdiklərini söyləyir: “Qabaqlar toylara ətin kilosunu 10 manata verirdik. İndi qəssablara 8 manat 70 qəpiyə veririk. Amma yemi keçən il 30 qəpiyə alırdıq, bu il isə 45 qəpiyə alırıq. Üyüdüb gətirməklə üstümüzə 50 qəpiyə düşür. Ona görə də bu dəqiqə çox çətindir. Toylar olan vaxt qəssaba ehtiyac qalmırdı. İndi mallar əlimizdə qalıb. Satanda yemin pulunu güclə çıxarırıq, dolanmağa xərcləyə bilmirik”, - deyə o bildirir.

© Sputnik / Ilham Mustafa
Qarahəsənli kəndində maldarlıq təsərrüfatı

Vəziyyətdən çıxış yolunu sahibkarlar onlara da kənd təsərrüfatının digər sahələri kimi subsidiyaların ayrılmasında görürlər. Sahibkar Elsevər Əliyev müəyyən güzəştlər tətbiq edilərsə, təsərrüfatlarını daha da genişləndirə biləcəyini deyir: “Biz bilirik ki, pandemiya bizə ziyan etdiyi kimi, dövlətə də ziyan edir. Lakin başqa sahələrə subsidiya ayrılırsa, bizə də ayrılsın. Sahibkarlara olunan köməkdən biz də yararlanmaq istərdik. İstərdik kiçik faizli kreditlər bizə də şamil edilsin. Yemin qiyməti stabil olsun. Hazırda arıçılığa, əkinçiliyə subsidiyalar verilirsə, maldarlığa niyə verilmir. Amma yardım edilsə, kökəltmə ilə məşğul olan sahibkarlar da təsərrüfatlarını genişləndirə bilərlər”, - deyə o təklif edir.

Sahibkarlar pandemiya sonrası toy şənliklərinin başlamasına ümidlidirlər.

Əsas mövzular