01:43 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
İQTİSADİYYAT
Qısa URL
3210

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası ət satışı ilə bağlı yeni qərar verib. Qaydalarda ətin keyfiyyətindən tutmuş işçilərin ayaqqabılarına və müəssisənin qapısınadək xeyli tələb yer alıb

BAKI, 6 fevral — Sputnik. Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları təsdiqlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar verib.

Müəssisəsinin quruluşuna və yerləşməsinə dair tələblərdə qeyd edilib ki, müəssisə bir otaqdan (ticarət zalından) ibarət olduğu təqdirdə onun sahəsi şərti olaraq 3 bölməyə ayrılır: ətin doğranması və işlənməsi, ətin çeşidlənməsi və qablaşdırılması və ət satış (vitrin) bölməsi. Müəssisə yaşayış binasının altında yerləşdiyi halda ət və ət məhsullarının qəbul edilməsi üçün əlavə giriş qapısı olmalıdır.

Müəssisənin divarları, tavanı, döşəməsi, pəncərələri, qapıları yuyulabilən və dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialdan olmalıdır. Müəssisənin kanalizasiya xəttindəki drenaj sistemi ətin doğranması və satış bölməsindən aralıda yerləşməli, zərərvericilərin, pis qoxu və çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə quraşdırılmalıdır.

Müəssisə daxilində təbii və süni işıqlandırılma təmin edilməlidir. Süni işıqlandırma cihazları insanın görmə qabiliyyətinə mənfi təsir göstərməyən qoruyucu örtüklə təmin olunmalı, istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğın təhlükəsizlik siqnalı quraşdırılmalıdır.

Müəssisə ət və ət məhsullarının saxlanılması üçün soyuducu şkaf, soyuducu vitrin və ya dondurucularla təchiz olunmalıdır. Qida üçün yararsız hesab olunan, həmçinin müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsullarının müvəqqəti saxlanması üçün üzərində iri şriftlərlə, aydın oxunan "Sanitar soyuducusu" yazısı olan ayrı (sanitar) soyuducu olmalıdır.

Müəssisə daxilində havanın temperaturunu, nəmliyini ölçən, o cümlədən ət və ət məhsullarının çəkisini ölçən və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə avadanlıqları (civəsiz termometr, psixrometr, tərəzi) olmalı və müəssisə daxilində havanın temperaturu və nəmliyi barədə gün ərzində 3 dəfədən az olmayaraq qeydlər aparılmalıdır.

Soyuducu vitrində ət və ət məhsullarının yaxşı görünməsi məqsədi ilə quraşdırılan işıqlandırma lampaları qoruyucularla təchiz olunmalıdır.

Heyvan və quş cəmdəyinin doğranması prosesində ağac lövhə (kötük) və ya qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilməlidir. Ət doğramaq üçün nəzərdə tutulan ağac löhvələr (kötüklər) sərt ağacdan hazırlanmaqla çatsız və hamar olmalı, yanları yağlı boya ilə rənglənməlidir. Onlar yerdən aralı məsafədə altlıq üzərində bərkidilməklə, hər iş gününün sonunda üstü bıçaqla təmizlənməli və duz səpilməlidir. İstifadə olunması dövriliyindən asılı olaraq kötük kəsilərək yuvarlaqlaşdırılmalıdır.

Plastik ət kəsim lövhələri asan yuyulan və sanitar tələblərə cavab verən olmalı və hər iş gününün sonunda yuyularaq dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. Soyuducu qurğuların kondensat suyu heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təmas etməməlidir.

Ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satışına dair tələblərdə qeyd edilib ki, daşınma üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır. Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitəsində ət və ət məhsulları qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmama, yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. Müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir.

Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq, arxiv şəkli
© The Food Safety Agency of the Republic of Azerbaijan

Ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu +2 ÷ +6°C, ətin soyudulması və uzun müddətli saxlanması üçün dondurucuların temperaturu isə -2 ÷ 0°C olmalıdır. Təzə ət 0 ÷ +2°C -də 1 sutka; -2 ÷ 0°C -də 16 sutka; -3 ÷ -2°C -də 20 sutkaya qədər saxlanıla bilər. Ət və ət məhsullarının satışı zamanı çiy ətin digər hazır məhsullarla birgə saxlanılmasına yol verilmir.

Müəssisədə qida təhlükəsizliyi tələblərinə cavab verməyən və yararlılıq müddəti bitmiş ət və ət məhsullarının satışına yol verilmir. Qablaşdırılmış ət məhsulları üzərindəki etiketdə məhsulun istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti göstərilməlidir. Müəssisədə ət və ət məhsullarının satış üçün davamlı, təmiz, quru, qoxusuz və ətraf mühitə mənfi təsiri az olan alternativ qablaşdırma materiallarından (parça, kağız) və ya qalınlığı 15 mikrondan yuxarı olan plastik torbalardan istifadə olunmalıdır.

Satış müddətində donu açıldıqdan sonra təkrar dondurulmuş ət və ət məhsullarının satışı qadağandır. Müəssisədə ət və ət məhsullarından başqa qeyri-ərzaq məhsullarının satışı yolverilməzdir.

Müəssisədə sanitariya normaları və qaydaları ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsini, həmçinin iş prosesləri müddətində işçi heyətin, avadanlıqların o cümlədən ətraf mühitin biotəhlükəsizlik tələbləri çərçivəsində mühafizəsini təmin etməlidir.

Müəssisədə quraşdırılmış havalandırma sisteminin filtr və digər hissələrinin təmizlənməsi və ya dəyişdirilməsi asan olmalı, filtrlərin texniki şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında yenilənməlidir.

Müəssisədə mövcud olan və kəsim prosesində istifadə olunan bütün ləvazımatların (avadanlıq və alətlər) ən azı gündə bir dəfə dezinfeksiyası aparılmalıdır. Ət və ət məhsulları ilə təmasda olan kəsici alətlər hər iş gününün sonunda sterilizasiya aparatı ilə dezinfeksiya edilməlidir. Müəssisədə iş prosesində əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalıdır. Digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir.

Müəssisənin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. İş prosesində əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təmin olunmalıdır.

İş alətləri - bıçaqları, qarmaqları və itiləyici çarxları paslanmayan materialdan (polad və ya düralümindən) hazırlanmış örtüklərdə (çexollarda) saxlanılmalıdır. Dəri örtüklərinin və bənzər materiallardan olan örtüklərin istifadəsi qadağandır. Dezinfeksiya üçün vasitələr, yuyucu və təmizləyici məhsullar, habelə zərərvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələr ət və ət məhsullarının saxlandığı bölmələrdən kənarda yerləşən ayrıca yerlərdə və ya dolablarda saxlanılmalıdır.

Ət və ət məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici maddələr, zərərvericilərlə mübarizədə istifadə edilən vasitələr və s.) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır. Müəssisədə istifadə olunan su və digər axıntılar kanalizasiya sisteminə axıdılmazdan əvvəl filtr qurğularından keçirilməklə təmizlənməli və zərərsizləşdirilməlidir. Müəssisədə xaricə açılan bütün pəncərələr həşəratların girişinə mane olan torlarla təchiz edilməlidir.

Müəssisədən işçilərin sanitar geyimdə və iş ayaqqabıları ilə kənara çıxması yolverilməzdir. Müəssisə işçilərinin tibbi müayinədən keçməsi və sağlamlığına dair sənədi olmalı və onlar azı ildə bir dəfə dövri tibbi müayinədən keçməlidirlər.

Teqlər:
AQTA, qəssab, qayda, satış, ət

Əsas mövzular