16:53 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
İQTİSADİYYAT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (434)
20101

"Apreldən bu tərəfə 190 manat birdəfəlik ödəmə üçün müraciət dayandırıldığından həmin şəxslərlə bağlı bir qərar verilməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bir sıra sahələrdə xidmət yenidən məhdudlaşdırılıb. Həmin sahələrdə çalışanlar hazırda faktiki işsiz olsalar da, onlar 190 manat birdəfəlik ödəmələri almaqdan məhrumdurlar. Çünki xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək. Növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Müharibə iştirakçıılarına və onların ailələrinə özünüməşğulluq proqramı çərçivəsində xidmət, arxiv şəkli
© AR Ministry of Labour and Social Protection of the Population

Bəs sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə xidməti dayandırılan sahələrdə çalışanlar 190 manat birdəfəlik ödəmə almaq üçün haraya müraciət etməlidirlər?

Sputnik Azərbaycan sosial platformalarda verilən bu suala aydınlıq gətirməyə çalışıb.

Elə həmsöhbətimiz Nəzakət Muradova da 190 manat birdəfəlik ödəmə almaq hüququndan məhrum olan vətəndaşlardan biridir. O bildirir ki, Nazirlər Kabinetinin son qərarı ilə kafe və restoranlarda yerində xidmət dayandırıldığından işi də dayanıb: "Mən Dərnəgüldə kafedə qabyuyan işləyirdim. Həmin kafe ancaq müştəri qəbul etməklə fəaliyyət göstərirdi. İndi kafe onlayn sifariş qəbul etsə də, mənim işimə ehtiyac yoxdur. Çünki aşpaz az sayda sifariş olduğundan həm yeməkləri hazırlayır, həm də bulaşıq qab az olduğundan özü yuyur. Mən isə nə işləyirəm, nə də 190 manat alıram. Deyirlər, 190 manat ancaq əvvəldən qeydiyyatdan keçənlərə verilir".

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, işsizliklə bağlı müavinətlərin verilməsinə əvvəlcədən say məhdudiyyətinin qoyulması absurddur: "Əvvəl 200 min insana, daha sonra isə 600 min insana 190 manat birdəfəlik ödəmənin veriləcəyi barədə qərar açıqlandı. Halbuki, mart-aprel ayından elan olunmalıydı ki, kimin 190 manat birdəfəlik ödəmə almaq üçün haqqı çatırsa, müraciət etsin. Ondan sonra da kimin bu ödəməni almağa hüququ yaranırdısa, ona da verilməli idi. Aprel ayının sonundan 190 manat birdəfəlik ödəmə üçün müraciət dayandırılıb. O vaxtdan 8 aya yaxın vaxt keçib. Ondan sonra sərt qapanma, sms-icazə olub. Amma apreldən sonra işsiz qalanlarla bağlı heç bir qərar yoxdur.

Burada çıxış yolu yenidən həmin şəxslərin işsizliklə bağlı rəsmi müraciət etməsi, işsiz kimi qeydiyyata düşməsidir. Bunun məhkəmə yolu ilə həlli yoxdur ki, vətəndaşlar məhkəməyə müraciət etsinlər. Düşünürəm ki, hökumətin bu yanaşması kökündən yanlışdır. Çünki illər boyu Azərbaycanda qara əmək bazarı olub. Müqavilələr rəsmiləşdirilməyib, vətəndaşların işsiz kimi qeydiyyata düşməsi çox çətin idi. O vaxt bunun üçün çox ağır qaydalar qoyulmuşdu. Ona görə də vətəndaşların çoxu işsiz olsalar da, işsiz kimi qeydiyyata düşə bilmirdilər. Bütün bunlar pandemiya dövründə nəzərə alınmalıdır".

N.Cəfərli deyir ki, hazırda Azərbaycanda 5,8 milyona yaxın əmək qabiliyyətli əhali var: "Bunun 1,6 milyonu rəsmi çalışanlardır. Hansı ki, onlar əmək müqaviləsi ilə, sosial sığorta ilə çalışırlar. 4,2 milyon vətəndaşdan isə kimin torpağı varsa, onlar aqrar sahədə çalışan kimi qeydiyyata götürülürlər. Bu gün 1 milyon 600 min vətəndaşımız aqrar sahədə çalışan kimi göstərilir. Yerdə qalanlardan 600-700 min insan VÖEN-lə çalışanlardır. 

Amma hər VÖEN-i olanı çalışan kimi təqdim etmək düzgün olmaz. Bu gün 1 milyon 800 minə yaxın vətəndaşın harada çalışdığı bilinmir. Onların hamısının işsiz olduğunu da demək olmaz. Çünki əksəriyyəti günəmuzd işləyirdi. Elə bu gün ən böyük problem də günəmuzd işləyənlərdir. Onların çoxu pandemiya dövründə işsizdir. Apreldən bu tərəfə 190 manat birdəfəlik ödəmə üçün müraciət dayandırıldığından, həmin şəxslərlə bağlı bir qərar verilməlidir".

N.Cəfərli 190 manat birdəfəlik ödəmənin, pandemiya davam edərsə, artırılmasının da vacibliyini vurğulayır. O deyir ki, yaşayış minimumunun gələn ildən 6 manat artırılması 190 manat birdəfəlik ödəmənin 200 manata çatdırılmasına inam yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Sputnik Azərbaycan-a bildirib ki, 190 manatın verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var: "Dünən Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,  qərar verib.

Həmin qərarda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə isə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Biz həmin qərara uyğun üzərimizə düşən işi yerinə yetiririk".

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən, aztəminatlı 600 min şəxsə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.

Məlumat üçün bildirək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində NK-nın Qərarında müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (434)
Teqlər:
Natiq Cəfərli, Fazil Talıbov, ƏƏSMN, 190 manat, ödəmə, işsizlik, işsizlər, Karantin rejimi, Azərbaycan

Əsas mövzular