20:57 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
10120

"Düşünürəm ki, iqtisadi vəziyyətə uyğun olaraq bəzi sahələr daha çox inkişaf edəcək. Yəni bir sıra biznes sahələrinin transferi mümkündür, proqnozlaşdırılandır. Artıq bu gün də biz bunun şahidi oluruq" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Tarixin müxtəlif dövrlərində baş verən pandemiyalar sahibkarlıq subyektlərini uzun müddət zərbə altında saxlayıb. İş adamları gələcək illərdə bazarda varlıqlarını qorumaq üçün həmin müddətdə fəaliyyət sferalarını müvəqqəti də olsa dəyişə biliblər. Buna misal olaraq dünyaca məşhur marka olan "BMW"ni göstərmək olar. II Dünya müharibəsindən sonra zavodlarının çoxu dağıdılan şirkət xırda məişət avadanlıqları və velosipedlərin istehsalına keçərək müflis olmaqdan xilas olub.

Hazırda da koronavirus pandemiyasından əziyyət çəkirik. Maraqlıdır, Azərbaycanda "BMW"nin yolunu gedənlər varmı?

Pandemiyanın çökdürdüyü sahələrdən ən nəhəngləri toy biznesi və turizmdir. Martın 15-dən etibarən toylara qadağanın bu günədək olan müddətdə aradan qaldırılmaması, yumşaldılmaması bu sahənin ayaqda durmasını daha da çətinləşdirib. Artıq bir çox şadlıq evi sahibləri fəaliyyətlərini tamamilə dondurublar. Əksər şadlıq evlərinin stasionar telefon xətləri, demək olar ki, işləmir, yaxud da zənglərə cavab vermir. Biznesmenlər arasında bir neçəsi var ki, ümidlərini yaya bağlayaraq hələlik heç bir fəaliyyətlə məşğul olmur.

Lakin bəzi sahibkarlar çıxış yolunu karqo və bu kimi digər işlərlə məşğul olmaqda tapıb.

Turizm sahəsində vəziyyətdən çıxış yolları barədə sualı DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında cavablandırıb: "Hər bir dövrün özünəməxsus xüsusiyyətləri olur. Zamanlar bir-birindən fərqlidir. İri bizneslər sırasında özünə müəyyən qədər yer tapa bilənlər istiqamətini dəyişir. Bu gün böhranla üzləşən sektorlardan biri də hotellər, ictimai iaşə sektorları və qonaqlama xidmətləridir.

Həm restoranlar, həm də hotellərin əksəri iri holdinqlərin bir hissəsidir. Yəni onların bir istiqaməti çalışmırsa, digər istiqamətləri çalışır. Buna misal olaraq logistika, bankçılığı da göstərmək olar. Yəni bu gün restoratorluq, hotelçilik dayanıbsa, bu kimi digər sahələr əksinə, daha da inkişaf edir".

"Bəs kiçik və orta biznesdə, daha konkret desək, kiçik restoran və hotellərdə nələr baş verir sualına cavab olaraq sa onu deyə bilərəm ki, onlara digərləri kimi fəaliyyət növlərini dəyişdirmək bir o qədər də asan deyil. Düzdür, onlar arasında çatdırırlma xidmtələri edənlər də var.

Düşünürəm ki, iqtisadi vəziyyətə uyğun olaraq bəzi sahələr daha çox inkişaf edəcək. Yəni bir sıra biznes sahələrinin transferi mümkündür, proqnozlaşdırılandır. Artıq bu gün də biz bunun şahidi oluruq", - deyə ekspert əlavə edib.

S.Dübəndi bildirib ki, vəziyyət belə olarsa, restorançılıq və hotelçilik sahəsində işçi qüvvəsi, eyni zamanda da dövriyyə də azalacaq.

Hələlik isə proqnozlar bir o qədər də nikbin deyil, xüsusən də hotelçilik və restorançılıq sahəsində bu müddətdə heç bir irəliləyişin olmaması ürəkaçmayan bir mənzərə yaradıb. Bu sahələr də gələcəkdə tarixə qovuşacaqmı sualına isə hələlik cavab vermək bir qədər tezdir...

Teqlər:
bankçılıq, logistika, toy, pandemiya, biznes, otel, turizm

Əsas mövzular