16:16 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
5711

Daha ciddi məsələ qidaların saxlanması ilə bağlıdır. Səhərlər marketlərə girəndə içərinin pis qoxu verdiyini də hiss ediblər. Bu o deməkdir ki, gecələr elektrik şəbəkədən ayrılır. Belə olan halda qidalar təhlükəli vəziyyətə gəlir və sonradan istehlakçıya satılır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq. Belə bir qanun layihəsinin hazırlanması ilə bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

Maraqlıdır, bu qanun layihəsində hansı nüanslar yer ala bilər, ümumiyyətlə, bu gün qida ilə bağlı əsas problemlər, bu sektorda olan çatışmazlıqlar nədən ibarətdir?

Öncə istehlakçıların daha çox ünvanladığı şikayətlərə nəzər yetirək:

* Mağazalarda vaxtı keçmiş məhsullar var. Bu qidalar niyə satışdan yığışdırılmır?

* Niyə vaxtı keçən məhsulun yeni tarixlə etiketlənərək satılması hallarının  qarşısı alınmır?

* Biz heç son zamanlar qidaların məhv olunması ilə bağlı məlumatla qarşılaşmamışıq.

* Demək olar ki, marketlər sosial təbəqələşməyə uyğun çeşidlənib. Bu gün hər kəs öz büdcəsinə uyğun marketlər şəbəkəsinə üz tutur. Belə marketlər arasında üzərində tarix yazılmayan, kiflənmiş məhsul satanlar da var. Bu o deməkdir ki, istifadəyə yararsız məhsullar əsasən ucuz satışın olduğu marketlər şəbəkəsinə satılır. Yəni kasıb təbəqəyə bu cür yararsız məhsulları satmaq nə dərəcədə düzgündür?

* Bəs qida anbarları, orada vəziyyət necədir? Məhsul alarkən çətinlik çəkirik, yaxşı olardı ki, marketlərdə qida bələdçisi olsun. Bu nə zaman olacaq? Bu və bu kimi suallarla bir neçə quruma müraciət etdik.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında mövcud sektordakı problemlərdən danışıb: "Təəssüf ki, həmin qanun layihəsi 23 ildir ki, istehlakçı hüquqlarını qoruyan və bu işlə məşğul olan ictimai birliyə təqdim olunmayıb və layihə ictimai müzakirəyə də çıxarılmayıb. Bu səbəbdən yeni qanun layihəsi ilə tanış deyiləm. Ümumiyyətlə, dövlət orqanları hansısa qanun layihəsi hazırladıqda idarə mənafelərini əsas tuturlar, əsas məsələ isə kənarda qalır. Əhali tərəfindən bizə gündəlik olaraq şikayət gəlir və bəzən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini günahlandırırlar. İstehlakçılar bilmirlər ki, AQTA qidanın təhlükəsizliyinə təminat verir, keyfiyyətinə yox. Qidanın keyfiyyətinə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir.

Lakin təəssüf ki, həmin qurum bu sahədə, demək olar ki, heç bir iş görmür. Bu gün qidanın təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında ölkədə ciddi problemlər var. Bu gün ölkəmizdə kifayət qədər keyfiyyətli qida məhsulu yoxdur ki, onu xarici bazarlara çıxaraq. Halbuki, bizim kənd təsərrüfatı məhsullarımız var ki, başqa ölkələrdə ekoloji təmiz məhsul kimi qəbul olunur. Lakin buna baxmayaraq, xarici auditlər ölkəmizdə audit aparanda bu qidaların təhlükəsiz olması qənaətinə gələ bilmirlər".

Daha ciddi məsələlərdən biri qidaların saxlanması ilə bağlıdır. Səhərlər marketlərə girəndə içərinin pis qoxu verdiyini də hiss ediblər. Bu o deməkdir ki, gecələr elektrik şəbəkədən ayrılır. Belə olan halda qidalar təhlükəli vəziyyətə gəlmiş olur və sonradan satışda qalır, istehlakçıya satılır.

"Bundan başqa, anbarlardakı vəziyyətə də heç kəs nəzarət etmir. Təhlükəli və vaxtı keçmiş qidaları müəyyənlləşdirməkdə qeyri-şəffaflıq hökm sürür.

Hazırda qayda belədir ki, müvafiq dövlət orqanları təhlükəli hesab edilən malları satışdan çıxarır, cərimə yazır. Sahibkarlar həmin qidanı distribüterlərə qaytarır və onlar tarixi dəyişərək yenidən həmin malları istehlakçıya sırıyırlar. Azərbaycanda qidanın məhv olması qanunu yox, bir şəkildən digər şəklə çevrilməsi var. Mütləq bir MMC yaradılmalıdır, müqavilə bağanılmalıdır, hər gün 10 tonlarla vaxtı keçmiş mallar xaric edilməli və bu qidalar ictimai formada məhv edilməlidir.

Lakin təəssüf ki, bu gün istehlakçılarımız qida təhlükəsi ilə üz-üzədirlər. AQTA zəruri tədbirləri görür. Bu tədbirlər zəruri olsa da, kafi deyil, kifayət etmir. Çünki hələlik heyvanların da identifikasiyası həyata keçirilməyib. Nə qədər ki küçədə heyvan ətinin satışı olacaq, bu kimi problemlər yaşanacaq", - ekspert deyir.

E.Hüseynov bildirir ki, şikayətlərin əksəriyyəti "İvanovka" brendi altında satılan məhsullarla bağlı olur. "İvanovka" brendi ilə heç bir əlaqəsi olmayan bu mallarla əhalini aldadırlar. Təkcə Bakıda 20-dək saxta "İvanovka" dükanı fəaliyyət göstərir. Ümumilikdə isə aylıq olaraq ölkənin hər yerindən təxminən 20-dək müraciət daxil olur. Bundan başqa, qeyd edim ki, spirtli içkilərlə bağlı da problem var. Onların təxminən 95 faizinin üzərində buraxılma tarixi və son istismar müddəti yazılmır. Bu isə o deməkdir ki, istehlakçıya köhnəlmiş, təhlükəli içkilər təqdim olunur.

Onun sözlərinə görə, gündəlik olaraq satışda 10 tonlarla məhsulun vaxtı keçmiş olur.

Ekspert qida sektorundakı təbəqələşməyə də münasibət bildirib. Marketlər şəbəkələrinin əhalinin sosial təbəqəsinə uyğun olaraq növlərə bölünməsi, bir mağazada keyfiyyətli, digər marketlər şəbəkəsində isə yalnız keyfiyyətsiz malların satılması nə dərəcədə düzgündür sualına cavab olaraq E.Hüseynov bildirib ki, bu kimi halların baş verməmsi, eyni zamanda vaxtı keçmiş malların mağazada qalmaması üçün aidiyyəti qurumlar, eyni zamanda da AQTA müasir texnologiyalardan yararlana bilər. Məsələn, müasir texnologiyanı tətbiq etməklə məhsul marketə daxil olduqda onun son istifadə müddəti də orada görülür. Bu texnologiya ilə vaxtı keçən mal kassaya yaxınlaşdırıldıqda aparatda oxunmur. Həmin baza AQTA serverinə inteqrasiya edilir və qurum rahatlıqla hansı mağazadan nə qədər malın vaxtının keçməsindən məlumatlı olur. Səmimidirlərsə, o zaman buyursunlar, həmin texnologiyanı tətbiq etsinlər.

Qida təhlükəsizliyi və qidanın keyfiyyəti üçün qidanın tarladan marketlərə qədər olan zənciri izlənilməlidir".

Ekspert hesab edir ki, qida təhlükəsizliyi üçün marketlərdə qida bələdçisinin olması da vacibdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Eyyub Hüseynovun fikrinə münasibət olaraq bildirilib ki, bu məsələ ümumiyyətlə onlara aid deyil: "Qida məsələsinin bizə heç bir aidiyyəti yoxdur. Biz mal və xidmətlərə nəzarət edirik".  

Təəssüflə qeyd edək ki, sentyabrın 23-də mövzu ilə bağlı göndərdiyimiz sorğuya indiyədək AQTA-dan heç bir mövqe öyrənə bilmədik.

Teqlər:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, AQTA, Eyyub Hüseynov, təhlükəsiz, təhlükə, qida

Əsas mövzular