21:15 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
15821

İqtisadçı: "İkinci bahalaşma dalğası böyük ehtimal bayram ərəfələrində olacaq. Yanvarın sonu - fevral ayında isə meyvə-tərəvəz məhsullarının bahalaşması pik həddə çatacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Bu ilin 11 ayında Azərbaycanda qida məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz bahalaşıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin noyabr ayında qida məhsulları əvvəlki ilin müvafiq ayına nisbətən 3,4 faiz bahalaşıb. Məsələn, noyabrda oktyabr ayına nisbətən yumurta 3 faiz, tərəvəzlər 4,3 faiz bahalaşıb. Həmçinin noyabrda toyuq ətində də bahalaşma baş verib. Lakin bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarında ucuzlaşma da qeydə alınıb.

Bəs, bahalaşmanın səbəbləri nədir və bu proses davam edə bilərmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qiymət artımını şərtləndirən mövsümi səbəblər və eyni zamanda bu ilin spesifikasından irəli gələn problemlər var:

"Uzun illərdir noyabr-dekabr aylarında Azərbaycanda qiymət artımının sürəti həmişə yüksəlir. Çünki yeni il qabağı alış-veriş və tələbat artır və bu, bir sıra ərzaq məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Həmin dövrdə meyvə-tərəvəzdə mövsümi səbəbdən yerli məhsulların yavaş-yavaş bazadan çəkilməsi və ya azalmasına görə qiymət artımı sürətlənir".

O bildirib ki, qiymət artımı mövsümi, uzun illərdir davam edən səbəblərlə əlaqəlidir, lakin burada spesifik məsələlər də var:

"Məsələn, toyuq əti ilə yumurta bol zülallı və kalorili olan nisbətən ucuz məhsul növünə aiddir. İnsanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, qırmızı ətdən və balıqdan daha çox toyuq əti və yumurtanın istehlakına yönəlməsi gözlənilən hal idi. Tələbin artması fonunda təklifin yerində qalması və ya artmaması qiymətin yüksəlməsinə səbəb olan əsas amillərdən birinə çevrilir".

Ekspertin fikrincə, mövsümi səbəblərdən mart ayına qədər bəzi məhsullar üzrə qiymət artımı prosesinin davam etməsi gözləniləndir, ehtimalı çox yüksəkdir.

"Son 10-15 ili analiz etsək, aşağı-yuxarı eyni qrafik, eyni dinamika görürük. Aprel-may aylarında isə yerli məhsulların bazara çıxma sürəti artdıqca, qiymətlərdə müəyyən tənzimlənmə müşahidə olunur. Çox güman, yaxın 3-4 ayda qiymət artımının, bu tendensiyanın davamının şahidi ola bilərik", - deyə ekspert qeyd edib.

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, böyük ehtimalla toyuq yumurtasının bahalaşmasının səbəbi təklifin azalmasıdır. Ola bilər idxalla bağlı da müəyyən çətinliklər var. Ümumiyyətlə soyuq aylarda yumurta təsərrüfatlarında məhsuldarlıq aşağı düşür və bu da birbaşa bazarda təklifin azalmasına təsir göstərir.

Lakin meyvə-tərəvəz məhsullarının qiymətlərinin bahalaşmasında əsas səbəb mövsümilik amilidir. Hazırda bazarda olan daha çox saxlanc anbarlarından çıxarılan məhsullardır. Bazarda təklifin nisbətən aşağı düşməsi və məhsulların anbarlarda saxlama xərcləri qiymətlərdə təbii artıma səbəb olur.

"Meyvə-tərəvəz məhsullarının bahalaşmasında digər amil son ayda pandemiyanın kəskin xarakter almasıdır. Eləcə də bütün səhiyyə strukturlarının tövsiyələri təsir göstərə bilər. Tövsiyə edilir ki, pandemiyadan qorunmaq üçün immun sistemin gücləndirilməsi vacibdir. Ona görə də meyvə-tərəvəz istehlakında tələb artıb. Bu tələb artımı da qiymətlərin bahalaşmasını şərtləndirir. Lakin ümumilikdə ərzaq məhsullarına tələbdə artım yoxdur", - deyə o, bildirib.

Həsənovun sözlərinə görə, meyvə-tərəvəzdə bahalaşma davam edəcək: "İkinci bahalaşma dalğası böyük ehtimalla bayram ərəfələrində olacaq. Yanvarın sonu fevral ayında meyvə-tərəvəz məhsullarının bahalaşması pik həddə çatacaq. Novruz bayramından sonra isə meyvə-tərəvəz məhsulları üzrə qiymət ucuzlaşması başlayacaq".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mərkəzi Bankın məlumatına görə, ərzaq inflyasiyası noyabrda 0.4%, son 12 ayda isə 3.9% təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6.5% artması da təsir göstərib.

Əsas mövzular