19:48 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
8 0 0

İnflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır.

BAKI, 18 dekabr — Sputnik. Dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda formalaşacağı gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

İnflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır. Pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2.4% təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirir.

Ərzaq inflyasiyası noyabrda 0.4%, son 12 ayda isə 3.9% təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6.5% artması da təsir göstərib.

İnflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə stabillik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlir. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0.1%, xidmətlər isə 0.9% bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1.2% və 1.1% təşkil edib.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə noyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi (əsasən toxuculuq və tikiş altsektorları hesabına) və ticarət sahələrində azalıb, xidmət sektorunda artım meyilli olsa da neqativ zonada qalıb, tikinti sektorunda isə demək olar ki, dəyişməyib.

Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşıb. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə artacağını gözləyən respondentlərin xüsusi çəkisi sentyabr ayı ilə müqayisədə 13 faiz bəndi azalaraq 12%-ə enib.

Əsas mövzular