08:18 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
62 0 0

Ekspert: "Şirkətlərin böyük ehtimalla həm tam özəlləşmə, həm qismən özəlləşmə, həm də uzun müddətli icarəyə verilməsi ilə bağlı qərarların alınması gözlənilir".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, dövlət başçısının noyabrın 6-da imzaladığı Sərəncamda öz əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib. İlkin mərhələdə 4 dövlət müəssisəsi Holdinqin idarəetməsinə verilib.

Ekspertlər bir sıra dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın Holdinqin idarəetməsinə verilməsini şərh ediblər.

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bir sıra dövlət şirkətlərinin Holdinqin idarəetməsinə verilməsi həmin şirkətlərin qeyri-effektiv çalışmasının qarşısını almaq zərurətindən doğub:

"Çünki uzun müddətdir bır sıra dövlət şirkətləri qeyri-effektiv çalışırdılar, rentabellik çox aşağı səviyyədə idi və büdcədən böyük həcmdə dotasiyalar almalarına baxmayaraq əksəriyyəti ziyanla işləyirdi. Holdinqin yaranmasının ilk məqsədi budur. İkinci məqsəd isə dövlətin əlində olan aktivlərin gələcəkdə özəlləşmə prosesinə hazırlamaqdan ibarətdir. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə ilkin mərhələdə 4 dövlət müəssisəsi verilib. SOCAR da artıq Holdinqin idarəetməsinə verilib".

"Amma idarəetmənin vertikal sistemi və yaxud da funksiyaları hələ tam aydın deyil. Amma ümumilikdə Holdinq dövlət şirkətlərinin özəlləşdirməyə hazırlanması, effektiv idarəedilmənin təmin edilməsi üçün addımlar atacaqsa, yaxın illərdə Holdinqin fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün uğurlu nəticələrə gətirib çıxarda bilər"-deyə o qeyd edib.

Ekspert bildirib ki, Rusiyada da buna bənzər addımlar atılıb: "İdarəetmə ilə bağlı iri holdinqlər yaradılıb və bu, müvəqqəti xarakter daşıyıb, yəni keçid dövrü üçün nəzərdə tutulub. Bizdə isə bu istiqamətdə vertikal idarəetmə hələlik tam aydın deyil. Düşünmürəm ki, həmin şirkətlər tam özəlləşdirilsin, lakin qismən özəlləşmə mümkündür. Yəni hibrid yanaşma olacağı gözlənilir. Böyük ehtimal həm tam özəlləşmə, həm qismən özəlləşmə həm də uzun müddətli icarəyə verilməsi ilə bağlı qərarların alınması gözlənilir".

Millət vəkili Vüqar Bayramov isə Sputnik Azərbaycan-a deyib ki, dövlət şirkətlərinin vahid idarəetməyə verilməsi və Holdinq tərəfindən idarəedilməsi həmin şirkətlərin idarəedilməsində səmərəliliyin və şəffaflığın artırılması baxımından çox vacibdir:

"Bu şirkətlər məşğulluqda xüsusi paya malikdir və eyni zamanda dövlət gəlirlərinin formalaşmasında da yüksək paya malikdir. Həmin şirkətlərdə idarəetmənin təkmilləşdirilməsi imkan verəcək ki, həm şəffaflıq artsın həm də dövlət vəsaitlərinin idarə edilməsi, o cümlədən səmərəli və şəffaf istifadə olunması imkanları genişlənsin. Digər tərəfdən, həmin şirkətlərin investisiya qoyuluşlarının və eləcə də onların sərmayə qoyuluşlarının qiymətləndirilməsi baxımından vacib hesab olunur".

Onun sözlərinə görə, bu addım dövlət şirkətlərinin idarə edilməsində yeni bir mərhələnin başlamasına imkan verəcək: "Həmçinin bu, imkan verəcək ki, özəl sektorla iri dövlət müəssisələri arasında əməkdaşlığı gücləndirmək mümkün olsun. Artıq kiçik və orta müəssisələrin də dövlət şirkətləri tərəfindən reallaşdırılan layihələrə cəlb edilməsi mümkün olacaq. Bu da dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək. Holdinqin idarəetməsinə veriləcək dövlət şirkətlərin və müəssisələrin siyahısının dəqiqləşdirilməsi və təsdiq edilməsi bu sektorda idarəetmədə, səmərəlilikdə, şəffaflıqda yeni mərhələnin başlamasına imkan verəcək. Nəticədə bu, Azərbaycan iqtisadiyyatında növbəti mərhələdə xüsusi lokomotivlərdən biri olacaq".

"Bu dövlət şirkətlərinin gələcəkdə özəlləşdirilib-özəlləşdirilməməsi ilə bağlı qərarı Holdinq verəcək. Amma güman edirəm ki, indiki dövrdə idarəetmədə şəffaflığın artırılması əsas prioritet məsələlərdəndir. Lakin ilkin qiymətləndirmədən sonra hansı dövlət şirkətlərinin özəlləşdiriməsi ilə bağlı qərarın verilməsi mümkündür"-deyə deputat bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, SOCAR-ın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi adekvat yanaşmanın göstəricisidir: "SOCAR-ın idarəedilməsi ilə bağlı ciddi problemlər mövcud idi. SOCAR-ın menecmentinin effektivliyinin xeyli dərəcədə yüksəldilməsinə ehtiyac var. Digər bir sıra dövlət şirkətlərinin və müəssisələrinin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi düzgün addımdır. Çünki həmin şirkətlərin idarəetməsində ciddi problemlər və boşluqlar mövcud idi. Düşünmürəm ki, burada söhbət həmin dövlət müəssisələrinin özəlləşdirilməsindən getməlidir".

Onun fikrincə, bu məsələyə diferensial yanaşmaq lazımdır: "Əgər qurumun fəaliyyəti dövlət mülkiyyətində daha effektiv ola bilərsə, bu zaman özəlləşdirməyə ehtiyac yoxdur. Yox, əgər qurumun özəlləşdirilməsi ilə effektiv idarəetmə mümkün olacaqsa, bu addımı atmaq olar. Bu gün Azərbaycanda dövlət qurumlarının effektiv idarəedilməsi ilə bağlı sistemli problemlər var. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması bu problemlərin aradan qaldırılmasına istiqamətlənib. Həmin dövlət şirkətlərinin fəaliyyətində effektivliyin yüksəldilməsinə ciddi ehtiyac var".

Qeyd edək ki, ilkin mərhələdə 4 dövlət müəssisəsi Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Ümumilikdə Holdinqin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı belədir:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

2. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti

3. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

4. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

5. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

6. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti

7. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

8. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

9. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

11. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti

12. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti

13. "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti

14. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti

15. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti

16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti

16.2. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3. "Azerbaijan International Telecom" (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti

16.4. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5. "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyət;

17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Xatırladaq ki, Holdinq onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

"Azərbaycan İnvestisiya Holdinqi" publik hüquqi şəxs Azərbaycan Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılıb və Nizamnaməsi təsdiq edilib.

Teqlər:
"AzəriLayt", Azərsığorta, Azərbaycan, "Azərişıq", "Azəriqaz", Azərişıq, "Azərsu", Azərsu, AzerGold, SOCAR, özəl, şirkət, dövlət, İqtisadçı-ekspert Natiq Cəfərli, Natiq Cəfərli, Respublikaçı Alternativ Hərəkatı, REAL

Əsas mövzular