16:33 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
30 0 0

Pandemiya yenidən geniş vüsət alır ki, bu da enerjidaşıyıcılara tələbatın düşməsini vəd edir. Araşdırmalara görə, ABŞ-ın şist hasilatçılarının təxminən üçdə biri borclarını artıq ödəyə bilmir.

BAKI, 16 oktyabr — Sputnik, Natalya Dembinskaya. Neft qiymətlərinin düşməsi, böyük borclar və maliyyə çatışmazlığı ABŞ-ın şist sənayesində bir sıra iflaslara səbəb olub. Ən böyük oyunçular belə pandemiyadan sağ çıxmayıb. Amma ən pisi, yəqin ki, irəlidədir: sənayeyə qoyulan sərmayələr bu il iki dəfə azalmaq riski ilə üzləşib. Bu isə o deməkdir ki, şirkətlərin əksəriyyəti "sağ çıxmayacaq". Amerikanı neft hasilatının liderinə çevirmiş şistçilər bu gün güc bəla ilə biznesdə qala bilir. Səbəbləri RİA Novosti-nin materialında.

Aşağı qiymətlər

Neft qiymətlərinin yazda çökməsi ilk növbədə Amerika Birləşmiş Ştatlarında qazma işlərinin fəallığı kəskin şəkildə zəifləyib. Xammal təxminən 50 faiz ucuzlaşıb. Texasda buna tamamilə hazır deyildilər. Nəticədə "Parsley Energy" 150 quyusunu bağlayıb, "Continental Resources" hasilatı üçdə birə qədər azaldıb, "Texland Petroleum" isə tamamilə dayandırıb.

Apreldə ən böyük şistçilərdən biri — "Whiting Petroleum", sonra isə "Hornbeck Offshore Services" şirkəti iflasa uğrayıb. Mayda Kaliforniyanın "California Resources" və şist nəhəngi "Chesapeake Energy" investorlara fəaliyyətlərini dayandırdıqlarını bildirib. Analitiklər xəbərdarlıq edirlər: bu, iflas dalğasının yalnız başlanğıcıdır və bu, tezliklə bütün sənayeni əhatə edəcək. "Pickering Energy Partners" şirkətinin proqnozuna görə, bu il şist şirkətlərinin təxminən 40 faizi müflisləşmə ilə üzləşə bilər.

Mövcud qiymətlər hələ də şistçilərə mənfəət əldə etməyə imkan vermir. Onların istehsal xərcləri barel başına 50-60 dollardır. 40 dollar qiyməti isə kifayət deyil. Sektor getdikcə investorlar üçün cəlbediciliyini daha da çox itirir. Qapalı dairə alınır: sağ qalmaq üçün pul lazımdır, amma bu vəziyyətdə heç kimə ümid etmək olmur.

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesablamalarına görə, bu il şist hasilatına yatırımlar iki dəfədən çox — yəni 45 milyard dollara qədər çökəcək. 2019-cu ildə bu rəqəm təxminən 100 milyard dollar idi. BEA-nın "World Energy Outlook" hesabatında qeyd edilir ki, ən yüksək rəqəm 2014-cü ildə olub – 125 milyard dollar. Bu onillikdə isə onun 30 faiz az – ildə təxminən 85 milyard dollar – olması gözlənilir. "Rystad Energy" beynəlxalq konsaltinq agentliyinin proqnozu isə bu il 67 milyard dollara yaxındır.

Acı məyusluq

Qeyd etmək lazımdır ki, investorların şistçilərə qarşı "soyuması" bu gün başlamayıb. Hələ 2018-ci ilin sonunda əksər şirkətlər sərmaye yoxluğu səbəbindən büdcələrini milyardlarla dollar həcmində kəsmək məcburiyyətində qalıb. Hər şey çox sadədir: mənfəət yoxdur.

ABŞ-ın dünyanın ən böyük neft istehsalçısına çevrilməsi məhz şistçilərin xidmətidir. Lakin onlar da daim yeni quyular qazmalıdırlar, çünki hasilat sahələri sürətlə tükənir. Borc almaq lazım gəlir.

İnvestorlar başa düşürlər ki, şist biznesi hələ də gəlirli deyil, şirkətlər hələ də nefti itki ilə çıxarır və vəsait çatışmazlığını yeni borclar hesabına maliyyələşdirir. On il ərzində bu sahənin 40 aparıcı şirkəti qazandığından, demək olar ki, 200 milyard dollar çox xərcləyib.

Analitiklər bildirir ki, yalnız barmaqla sayılacaq qədər şirkət mənfəət əldə edə biləcəyini sübut edib. Şist yataqlarında minlərlə quyu sərmayadarlara vəd edildiyindən də az xammal çıxarır. Nəticədə şirkətlərin səhmləri satılır. Oyunçuların özləri də problemləri görürlər. "Bu sahə son onillik ərzində investorların inamını tamamilə itirib", – Amerikanın "Marathon Oil" neft-qaz şirkətinin Baş direktoru Li Tilman iddia edir.

Maliyyə məlumatları bazarı üzrə ixtisaslaşan beynəlxalq "FactSet" şirkəti isə qeyd edir ki, şistçilər sərmayədarlar üçün "qotur qoyuna" çevriliblər. 2007-ci ildən bəri şist istehsalçılarının səhm indeksi 31 faiz düşüb.

Yanlış texnologiya

BEA-nın proqnozuna görə, məhz ABŞ ilin sonuna qədər dünya neft tədarükünün azaldılmasına ən böyük töhfəni verəcək. ABŞ-ın yeddi əsas şist hövzəsində – Perm, İql Ford, Bakken, Niobrara, Anadarko, Appalaç və Heynsvil hövzələrində – istehsal sutkada 7,632 milyon barelə düşəcək. İstehsal xüsusilə, Perm və İql Ford hövzələrində (hasilatın müvafiq olaraq 4,5 milyon və 1,3 milyon bareli bu hövzələrdən gəlir) azalacaq.

Nə qədər paradoksal olsa da, bütün Amerika neft sənayesinin üstünlük verdiyi texnologiya da perspektivləri aradan qaldırıb. Sənayenin aparıcı investorlarından birinin sözlərinə görə, yerin laylarının hidroparçalanması metodu ölkədə karbohidrogen ehtiyatlarını ciddi şəkildə azaldıb. Bu, ABŞ-ın hasilatı və enerji müstəqilliyini bərpa etmək ümidlərini puç edir.

"Quantum Energy Partners" özəl investisiya şirkətinin rəhbəri Uil VanLoh etiraf edir ki, hidroparçalama "Şimali Amerikada ehtiyatların böyük bir hissəsini məhv edib".

VanLoh bunu "Financial Times" jurnalına bildirib. Onun sözlərinə görə, quyular çox vaxt bir-birinə çox yaxın qazılır: "Son beş ildə biz yerin laylarını boşaltmaqla məşğul olmuşuq".

Bundan sonra daha da çox

"Financial Times" jurnalının məlumatına görə, birinci rübdə ən iri müstəqil şist şirkətləri rekord məbləğdə – 26 milyard dollarlıq ümumi zərər qeydə alıb. Qəzetin yazdığına görə, qaçılmaz iflaslara hazırlaşmaq lazımdır.

Özü də vəziyyət 2016-cı ilin neft böhranının qızğın çağından da pis olacaq. Həmin vaxt 70 şirkət müflisləşdiyini elan etmişdi, lakin onlar kiçik şirkətlər idi və özlərindən sonra ümumilikdə 56 milyard dollar borc qoyub. İndi isə nəhənglər dağılmağa başlayıb. "Extraction Oil & Gas" – ən böyük şist hasilatçılarından biri – iyunda oyundan çıxıb.

"Haynes and Boone" hüquq firmasının məlumatına görə, ilin səkkiz ayı ərzində borcu 51 milyard dollar olan 36 şirkət iflas haqqında ərizə verib. 25 böyük şirkətin ümumi borcu isə 150 milyard dollara çatıb.

"Bazarı iflaslar və yenidənqurmalar gözləyir". Bu kədərli proqnozu "KPMG" reytinq agentliyinin energetika şöbəsinin rəhbəri Regina Mer səsləndirib. Analitiklərin proqnozuna görə, neftin qiyməti lazımı səviyyəyə qalxmasa gələn ilin sonuna qədər 250 şirkət dağılacaq.

Pandemiya yenidən geniş vüsət alır ki, bu da enerjidaşıyıcılara tələbatın düşməsini vəd edir. "Deloitte" konsaltinq-auditor şirkətinin bu yaxınlarda apardığı araşdırmaya görə, ABŞ-ın şist hasilatçılarının təxminən üçdə biri borclarını artıq ödəyə bilmir.

Əsas mövzular