00:58 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1310

Ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərara alınıb

BAKI, 18 sentyabr — Sputnik. Fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında "müqavilə əsaslı istehsal" razılaşmalarının imzalanması təklif edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflər Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə keçirilən onlayn videokonfransda səsləndirilib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, dövlət başçısı ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər müəyyənləşdirib: "Kənd Təsərrüfatı Nazirliyi qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə aqrar sahənin müxtəlif istiqamətləri üzrə çalışan assosiasiyalar, emal müəssisələri və fermerlərlə mütəmadi görüşlər keçirir. Görüşlərin məqsədi bu sahələrdə mövcud durumu dəyərləndirmək, fermerlərin üzləşdikləri çətinlikləri müzakirə edərək həllinə nail olmaqdır". Fındıqçılığın aqrar sektorda xüsusi yeri olduğunu deyən nazir fındıq məhsullarının ixracatda mühüm rol oynadığını xatırladıb, dövlətin subsidiya mexanizmi vasitəsilə bu sahənin inkişafına dəstək verdiyini bildirib.

İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyini bildirib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar.

Yekunda ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərara alınıb. Fındıq istehsalı və ixracatı işə məşğul olan fermer və sahibkarlar belə görüşlərin mövcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, ölkədə fındıq istehsalı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir.

Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və ya 54,6%-i bar verən yaşdadır.

Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2.2 dəfə, fındıq ləpəsi ixracı isə 20.9% artıb. 2019-cu ildə cəmi fındıq ixracının 97.3%-i fındıq ləpəsinin, 2.7%-i isə qabıqlı fındığın payına düşüb.

Əlaqədar

Fındıq bazarında müəmma - şəkərburanın dadını unutmağa hazırsınız?
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Gündə 25 qramı sizi xoşbəxt edə bilər
Həm bahalı, həm də faydalı məhsul - Onu istehsal etməyə nəyimiz çatmır?
Qara gözlü badam: Adına mahnılar qoşulan nemətimiz niyə unudulur?
Teqlər:
standart, milli, aqrar sektor, İnam Kərimov, ixrac, fındıq

Əsas mövzular